EN

Məşhur komanda Bakıya 51 aylıq seriya ilə gəlir - “Qarabağ”ın diqqətinə!

Ölkə futbolsevərlərinin diqqətini yenə “Qarabağ”dadır.

Azərbaycan futbolunun Avropadakı layiqli təmsilçisi bu dəfə Fransa nəhənglərindən biri ilə qarşılaşacaq.

Avropa Liqasının Liqa mərhələsinin V turundakı rəqib “Lion”dur.

Bu iki komandanı heç bir cəhətdə yan-yana qoymaq mümkün deyil. Nə tarix, nə təcrübə, nə büdcə, nə də şərait olaraq. Aralarında azı 3-4 qat fərq var.

Ötən turda səfərdə “Budyo Qlimt”i 2:1 hesabı ilə udan “köhlən atlar” uğurun davamını gətirmək niyyətindədir. Rəqib hər nə qədər güclü olsa da, hədəf dəyişməz qalır – 3 xal.

Ancaq bir fakt var ki, ürəyi “Qarabağ”la döyünənlərin əhvalına soğan doğrayır. “Lion”un beynəlxalq arenalardakı səfər oyunlarında uğurlu təsir bağışlaması.

Əvvəla onu qeyd edək ki, Lionun eyniadlı komandası sonuncu dəfə yad meydanda (avrokuboklarda) 2020-ci ilin avqustunda məğlub olub.

Koronavirus pandemiyası tüğyan edən sezonda Çempionlar Liqasının qrup mərhələsini uğurla dəf edən fransızlar 1/16-də “Yuventus”la qarşılaşmışdı. İlk matçda öz meydanında 1:0 hesabı ilə qələbə qazanan “Lion” 10 gündən sonra Turində 1:2 hesabı ilə uduzmuşdu.

“Qırmızı-göylər” o gündən bu yana 51 aydır avrokuboklardakı səfər duellərində məğlub olmur. Bu müddətdə lionlular yad meydanın 8 oyun keçirib, 6 dəfə qalib gəlib, 2 dəfə heç-heçə edib.

Odur ki, “Lion” üçün ev-səfər anlayışı yoxdur. Fransadan kənarda da özlərini ev sahibi kimi aparmağı bacarır.

Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 21:45-də çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
20
sportinfo.az

1Sources