EN

Səudiyyə qəzeti COP29-un nəticələri barədə YAZDI

Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu qəzeti olan “Əş-Şarq əl-Avsət”də “COP29: İqlimin maliyyələşdirilməsində 300 milyard dollar razılaşdırılıb” başlıqlı yazı dərc olunub.

 

Modern.az Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə istinadla xəbər verir ki, yazıda Bakıda keçirilmiş COP29 konfransının nəticələri, onun iqlim böhranının həllinə verə biləcəyi töhfələr, iqlim maliyyələşməsi üzrə əldə edilmiş razılaşma, eləcə də dünya liderlərinin və beynəlxalq təşkilatların rəhbərlərinin bu sənədə dair bəyanatlarına toxunulub. Qeyd olunub ki, ABŞ Prezidenti Co Bayden sənədi tarixi razılaşma adlandıraraq, onu iqlim böhranı ilə mübarizədə “vacib addım” kimi qeyd edib. BMT-nin Baş katibi Antonio Quterreş isə COP29-un nəticəsini “üzərində qurmağa imkan verən bir təməl” hesab edib.

 

İki həftəlik gərgin danışıqlardan sonra əldə edilən razılaşma, temperaturun rekord həddə çatacağı gözlənilən növbəti ildə qlobal istiləşməni məhdudlaşdırmaq üçün beynəlxalq səylərə təkan vermək məqsədi daşıyır. Razılaşmaya əsasən, 2035-ci ilə qədər hər il 300 milyard dollar veriləcək. Bu məbləğ gələcəkdə qlobal istiləşməyə uyğunlaşmaq üçün vəsaitə ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə gedəcək və xərcləri ödəyəcək.

 

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil çətin danışıqlara baxmayaraq, nəticəni bəşəriyyət üçün sığorta siyasəti kimi qiymətləndirib. O əlavə edib: "Çətin bir səyahət idi, lakin biz razılığa gəldik. Bu saziş təmiz enerji bumunu artırmağa və milyardlarla insanın həyatını qorumağa davam edəcək. Amma hər hansı sığorta polisi kimi, o da yalnız sığorta haqlarının tam və vaxtında ödənildiyi halda işləyəcək”.

Chosen
3
7
modern.az

7Sources