EN

Azərbaycanın seysmik təhlükə xəritəsi hazırlandı

Noyabrın 27-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Kanadanın Viktoriya Universiteti, Kanadanın Milli Tikinti Qaydalarının Zəlzələ Dizaynı üzrə Daimi Komitəsi, ABŞ-ın Lawrence Livermore Milli Laboratoriyası, ABŞ-ın Miçiqan Dövlət Universiteti və Gürcüstanın İlya Dövlət Universiteti Yer Elmləri İnstitutu və Milli Seysmoloji Monitorinq Mərkəzi ilə birlikdə Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmalarla tərtib olunmuş “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib.

Mərkəzdən Bakıvaxtı.az-a verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bu gün mühüm layihənin müzakirə edildiyini, RSXM-nin ölkəmizdə seysmik risklərin qiymətləndirilməsi, təhlili, proqnozlaşdırılması, müasir yeni elmi istiqamətlərin müəyyənləşdirilməsi sahəsində əsas elmi mərkəz olduğunu bildirib.

Azərbaycanda seysmologiya elminin yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan seysmoloqlarının ən müasir proqram və texnologiyalardan istifadə etdiklərini qeyd edən AMEA-nın prezidenti RSXM-nin xarici ölkələrin seysmoloji mərkəzləri və beynəlxalq seysmoloji təşkilatlarla əlaqələrinin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb.

AMEA prezidenti bu gün təqdim olunacaq hesabatda Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmaların əksini tapdığını, müzakirələrin “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təkmilləşməsinə öz töhfəsini verəcəyini vurğulayıb, xəritəni ölkənin strateji inkişafı üçün mühüm layihə kimi səciyyələndirib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Azərbaycanda seysmologiya elminin inkişaf etməsində Ulu Öndər Heydər Əliyevin misilsiz rolunun olduğunu qeyd edib. Baş direktor bildirib ki, hazırda Azərbaycanda olan modern seysmik stansiyalar şəbəkəsinin qurulması məhz Ulu Öndərin birbaşa göstərişi və bu sahəyə olan diqqəti nəticəsində həyata keçirilib. RSXM-nin beynəlxalq müstəvidə əlaqələr qurmasının da Ulu Öndər Heydər Əliyev tərəfindən dəstəkləndiyini xatırladıb. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də bu istiqamətdə hər zaman seysmoloqlara dəstək olduğunu bildirən baş direktor hazırda ölkəmizdə 84 seysmik stansiyanın fəaliyyət göstərdiyini qeyd edib.

Daha sonra Viktoriya Universitetinin İnşaat Mühəndisliyi Departamentinin professoru Tuna Onur “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi” haqqında təqdimatla çıxış edib.

 

Chosen
20
26
bakivaxti.az

10Sources