EN

“Türkiyənin bir aktyorunun qonorarına biz 500 seriya çəkirik” - Əməkdar artist - FOTO

Milli.Az xəbər verir ki, lent.az-ın müsahibi 25-ə qədər serial və filmlərdə bir-birindən maraqlı obrazlar yaratmış tanınmış aktyor, Əməkdar artist İlqar Cahangirdir.

- İlqar bəy, son günlər sizin də çəkildiyiniz "Xəyanət" serialı izləyiciləri ekranlara kilidləyib. Bu serialda ifa etdiyiniz Mahmud obrazı isə xüsusi diqqət çəkir.  Qəzəbli, hegemon, kinli... Deyim ki, serialdakı rolunuza baxanda əməlli-başlı stress yaşayıram. Hədsiz qəzəbli kişi obrazıdır. Bu stress orqanizminizə zərər vermir? 

- Əlində işin texnikasını bilmək lazımdır. Amma ürəksiz oynamaq olmaz. Psixolorealizm məktəbi yalanı sevmir. Rola gərək duyğularını qatasan. Bir dəfə "Dəfnə ağacı" serialının çəkilişində elə gərgin anlardan sonra hiss etdim ki, sağ tərəfim hissiyyatını itirib. Dedim, "uşaqlar, oturaq bir az dincələk". Bəzən ürəyim bulanır, əlim əsir, deyirəm deyəsən əndazəni aşmışam. Məsələn, "Otello" tamaşasından sonra dərhal evə getmirdim, şəhərdə bir az piyada gəzirdim. Otellonu özümlə evə aparmayım deyə. "Xəyanət" serialında qızımı oynayan aktrisa gördüm məndən çəkinir, hətta qorxurdu. Bildim ki, günah məndədir. Çünki çəkilişlər zamanı rolun havasını unutmamaq üçün kənarda dayanıram, elə də gülüb-danışmıram. Yemək yeyərkən birlikdə oturmuşduq, bir az zarafatlaşdıq. Güldüyümü görüb "aaa, İlqar müəllim güldü" dedi. Mən də zarafatla qayıtdım ki, ac olanda qəzəbli oluram, yeyəndə üzüm gülür.

- Bu kinli obrazlara görə real həyatda sizdən uzaq qalmaq istəyənlər olur?

- Olub ki, evlərdə filan çəkilişlər etmişik, məni görəndə çəkiniblər, durub gediblər. Ehtiyat edirlər sanki. Bir dəfə maraqlı bir hadisə oldu. Çəkildiyim əsas qəhrəman rolu öldüyünə görə, filmdən çıxdım. Neftçilər tərəfdə idim. Səkiylə gedirdim, qarşıdan bir ailə gəlirdi. Yaşlı bir qadın üzümə baxıb 3-4 dəfə "bismillah" elədi, qızına dedi ki, "az, bəs bu ölmüşdü axı". Qızı da başa saldı ki, ay ana, o filmdir, aktyor ölməyib.  

- Hazırda hansı teatrda çalışırsınız?

- Xalq artisti, müstəqil "M" Teatrının bədii rəhbəri, aktyor Vidadi Həsənovun yanında qurdumu öldürürəm.

- Bildiyimə görə çətin günlər də yaşamısınız. Aktyorluğu seçdiyiniz üçün peşman olmadınız?
 
- 1990-cı illər çətin idi. Hamı kimi mənim də çətin günlərim olub, 7-8 ay bazarda oturmuşam ticarətlə məşğul idim, videoçəkən işləmişəm. Amma peşman olmamışam. Savadsızlığıma görə peşmanam. Tarix, coğrafiya, ədəbiyyatı əla oxumuşam, amma qrammatikanı anlamırdım, yaxşı yazı bilmirdim. Ona görə 3 il ali məktəbdən kəsilmişəm. Müəllimim deyirdi ədəbiyyatdan məndən 5 alırsan, yazılıdan güclə 3 verirəm. Aktyor üçün savad çox önəmlidir. Azərbaycanda savadlı aktyor barmaqla sayılacaq qədərdir. Bu sənətin elmi nəzəriyyəsi var. Mən o nəzəriyyənin 10 faizini bilirəmsə, xoşbəxtəm. Praktika əsasında universiteti qırmızı diplomla bitirdim. Axır ki, ali təhsil oldum. Heç vaxt müəllimə qarşı hörmətsizlik etməmişəm, amma ən kəskin fikirləri də mən səsləndirirdim.

- Bilirəm ki, əsgərlikdə tankçı olmusunuz və azadlıq hərəkatında da iştirak etmisiniz. Hətta tankçı kimi müharibəyə getmək istəmisiniz...

- Azadlıq hərəkatı 88-ci ildə başlamışdı, mən də aktiv iştirak edirdim. Hətta, 3 dəfə də tutulmuşam. 2-3 dəfə saxlayıb buraxırdılar. Bir dəfə hərbçi avtomatın qundağı ilə məni necə vurdusa, körpücük sümüyüm ağır zədələndi. Hələ də qalır o zədənin izləri. O vaxt  rus hərbiçilər saxladıqlarını ya Pantomima Teatrının indiki binasına, ya İçəri Şəhərə, ya da Bayıla aparırdılar. O dönəmdə bacım zəhərlənmədən həyatını itirdi, mən də hərəkatdan uzaqlaşdım.

Müharibə  başlayanda tələbə idim. Qardaşım döyüşə getdi, şəhid oldu. Tankçı kimi getmək üçün müraciət etdim, apardılar, amma iki gün sonra tələbə idim deyə qaytardılar. Bəlkə israr eləsəydim aparardılar. 

- Ağrılarla dolu ömür yolunuz olub. Bəlkə o dramatik obrazlar buna görə yaxşı alınır sizdə. Dram aktyoru kimi sizi kim kəşf etdi? Bildiyimə görə, əvvəllər əsasən komik obrazlarda oynamısınız.

- 9 il Kamera teatrında işləmişdim. Heç vaxt baş rolda oynamamışdım. İrina Parlova rəhmətlik "Daş qonaq" tamasasını qoydu, orda nökəri oynayırdım. Bu tamaşadan sonra İrina xanım məni çağırdı yanına, dedi mən "Otello"nu qoyacam. Mən də öz qayğılarıma başım qarışmışdı. Laqeydcəsinə dedim ki, qoy da. 3 dəfə deyəndən sonra dedi Otello sən olacaqsan.  Dedim niyə? Qarayam deyə? Özüm də inanmırdım. Düz 12 il "Otello" oynadım. Bir az modern qoyulmuşdu. Yaqonu Şövqi Hüseynov oynayırdı. Bu tamaşanın adı Otello yox, Yaqo olmalıydı. O möhtəşəm oynayırdı. Sonra Şah Edip, Ezop rollarını oynadım. Beləcə başladı bu yolçuluq.

- "M" Teatr şəhər mərkəzindən kənarda yerləşir, "Qanun" nəşriyyatının binasında. O uzaqlara tamaşaçı gedir?

- Bu düzgün fikir deyil, teatr təkcə Bakının mərkəzində olmamalıdır. Niyə Əhmədlidə,  Həzi Aslanovda, Günəşlidə olmasın? Yaxşı tamaşaya tamaşaçı gəlir. 

- Heç böyük dövlət teatrlarına keçmək arzunuz yoxdur?

- 8 il Kamera teatrında, 3 il də Gənc Tamaşaçılar Teatrında işlədim. Nələrsə oldu getdim. Müəyyən şərtlər qoydular. Öz fikrimi bildirdim, işləmək alınmadı.

- Sizcə, səhnəyə verdiyiniz əmək müqabilində layiqli qiymət almısınız?

- Heç kimdən qiymət gözləmirəm. İstəyirəm hər bir vətəndaş işini vicdanla yerinə yetirsin, bunun müqabilində layiqli haqqını alsın. Gecə-gündüz işləmişəm, ikimərtəbəli ev tikmişəm. Heç kimdən asılacağım yoxdur. 

- Bunu tək aktyor qazancı ilə etmisiz?

- Yox. Həm uşaq hazırlayıram, əlavə işlər də görürəm. Ailəmi saxlamaq üçün gedib maşın da yuyaram.

- Sadə bir adam maşın yuyarsa ayrı məsələ. Sizə tanınmış insan olaraq belə işlərdə olmaq psixoloji təzyiq etmir?

- Olur bir az. Maşınım yoxdur. Metro ilə avtobusla gəzirəm. Əli dolu çantalarla ictimai nəqliyyata girəndə qəribə baxırlar. Maşına həvəsim olmayıb, yoxsa alardım. Son zamanlar həvəsə düşmüşəm. Piyada gəzməyi sevirəm. 

- Mahmudun prototipi kimdir? Həmişə razılaşırsınız rolunuzun etdiyi hərəkətlərlə?

- Prototipi Rusiyada yaşayan bir azərbaycanlıdır. Belə bir xarakter var. Həmişə haqlıdır. İstəmir qızı oxusun, heç vaxt xanımının adını çəkmir, qadını hətta qohumunun maşınına belə minə bilməz. Serial təzə başlayanda Mahmudda bir az mən var idim. Mülayim idi azca. Sonra ssenari getdikcə sərtləşdi. Getdikcə gördüm Mahmud cızığından çıxdı. İndi ssenariyə baxıram, hətta söyüşlə deyirəm ki, ayə bu nə başı xarab adamdı. Bəzən müdaxilə edirəm, deyirəm bu sözü deyən adam filan hərəkəti eləməz.

- Kaprizləriniz var?

- Yox. 21 yaşlı rejissor gəlsə onunla işləyəcəm. Desə, mayallaq aş görsəm ki, o səhnədə bunun yeri var, razılaşacam. Qeyri-peşəkarlıq görəndə hətta hərbə-zorba ilə həll edirəm, amma yol vermirəm. Səhvim olanda özümdən 30 yaş kiçik adamdan da üzr istəyərəm. Bir dəfə hadisə oldu, kobudluq elədim, amma sonra orda olan hər kəsdən bir-bir üzr istədim. Elə şeylər var ki, gərək onu qoruyasan. Bir anın içində xırda bir hörmətsizliklə qazandığın sevgini, 20 illik dostluğu itirə bilərsən. Bu insan psixologiyasıdır. Mən  bilmirəm bu günə qədər etmədiyim şeyi sabah edəcəm, ya yox. Bircə onu deyirəm ki, Allah ağlımı almasın. 

- Bəzən seriallara elə qəribə adamları çəkirlər. Bütün əməyi bir yarıtmaz rol batırır. Nə vacibdir axı onları çəkmək?
 
- Çox şey var. Pul və büdcə məsələsi. Pul xərcləməsinlər deyə qonorar istəməyən adamları çəkirlər. Çoxu heç aktyor deyil. Adam qurdunu öldürmək üçün çəkilmək istəyir. Bəzən hansısa evdə çəkiliş gedir, ev sahibinin doğmaları çəkilmək istəyir. Olur belə hallar.

- Filmlərə öz avtomobili, geyimləri ilə çəkilir aktyorlar?

- Elə bir serial olmayıb ki, orda başdan sona qədər təminat olsun. Reklamdırsa şirkət xüsusi adamla maşın göndərir, çəkilişdən sonra maşını aparırlar geri. Dost-tanışın da maşınını alıb çəkirlər. Əvvəllər öz paltarlarımla çəkilirdim. İndi tələb edirəm. Varlı adam rolundasansa, ona uyğun geyinməlisən də. Bu bizim büdcəni aşır axı.

- Flmin sonunda alınan geyimləri sizə bağışlayırlar?

- Yox. Bir dəfə qısametrajlı filmə çəkəcəkdilər. Telefonda danışan film rəhbəri qulağım eşidə-eşidə yanındakılara dedi ki, "ə bunun maşını yox imiş ki, çəkmirik". Nə qədər qırmızı adam olasan ki, belə danışasan. Maşınımın olmamağı yox, onun o şəkildə yuxarıdan aşağı danışığı kefimi pozdu. Dedim heç yerə getmə, dur orda gəlirəm. Durdum getdim sözümü dedim. Haqsızlıq, ədalətsizlik məni özümdən çıxarır və bağışlamıram.

- Bahalı aktyorsuz?

- Yox. Azərbaycanda elə bahalı aktyor yoxdur. Bizim ölkədə serial aktyorlarının  müəyyən qiyməti var. Bəzən baxıram, rejissor gəncdir, istedadlıdır, filmin büdcəsi azdır, razılaşmışam. Amma dövlət sifarişli filmdir, müəyyən qiymət demişəm, razılaşmayıblar, çəkilməmişəm. 

 - Heç tamada kimi toylara getmisiniz?

- Bir neçə dəfə çox yaxşı təkliflər gəlib, "yox" demişəm. Tamadalığı bacarmıram.

- Film və seriallarımızla bağlı demək istədiyiniz nəsə var?

- Təəssüflənirəm ki, bu enerjini, potensialı "arvad bazarına" həsr edirik. Yəni yalnız məişət qayğıları, ailə qalmaqalları və s. Tarixi, sosial yüklü, psixoloji filmlər çəkməliyik. Biz indi Səməndər Rzayevin oynadığı Şakir Şəkəroiviç demiş  "dütdülüyə" sevinirik.
Mən demirəm ki, məni çəksinlər. Yaxşı şey çəksinlər. Film çəkmək üçün pul lazımdır. Ssenarist, aktyor fədakarlıq edib pulsuz çəkilər. Amma bu bəs etmir. Niyə seriallarımız göz yorur? Eyni, monoton şeylər təqdim olunur deyə. Ofis, ev, xəstəxana. Milyonçunun stolunun üstündəki qənddan boş olmamalıdır, masaya fanta qoyulmamalıdır. Film görüntünü sevir, buna isə pul lazımdır.

Hansı aktyoru, aktrisanı sevirlərsə, onun zəhmətinə görə sevirlər. Türkiyənin bir aktyorunun qonorarına biz 500 seriya çəkirik. 57 yaşım var artıq. Bizim nəsil getdi. Yenə şükür bu sənəti buracan gətirib çıxarmışıq. Bəlkə bundan sonra yaxşı olacaq. Nə yaxşı ki, o söz var. Hər şey yaxşı olacaq. Bu sözü 20 yaşında da eşitdim, 50 yaşımda da. Özümüzə təsəlli veririk. İnana-inana gedirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
36
7
milli.az

8Sources