EN

Tramp Ukrayna müharibəsi üzrə xüsusi nümayəndə təyin etdi - Kit Kelloq kimdir?

Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndə vəzifəsinə istefada olan general-leytenant Kit Kelloqı təyin edib. Kellog Trampa müharibənin dayandırılması üçün "sülh planı" təqdim edib. 

Qaynarinfo xəbər verir ki,  əvvəlcə bu məlumatı "Reuters" mənbələrinə istinadən yayımlayıb, daha sonra Tramp özü bunu "Truth Social "platformasında təsdiqləyib.

"Kit müstəsna hərbi və biznes karyerasına malikdir və mənim ilk administrasiyamda milli təhlükəsizlik sahəsində çox mühüm vəzifələrdə çalışıb. Biz birlikdə güc vasitəsilə sülh təmin edəcək və Amerikanı, həmçinin dünyanı yenidən təhlükəsiz edəcəyik", – Tramp yazıb.

Hazırda Ukrayna müharibəsi üzrə xüsusi nümayəndə mövcud deyil, lakin Tramp əvvəllər belə bir vəzifənin yaradılmasında maraqlı olduğunu bildirib.

Kit Kelloq və Ukrayna üçün "sülh planı"

1944-cü ildə doğulan Kit Kelloq 2017–2021-ci illərdə Trampın prezidentliyi dövründə Ağ Evin Milli Təhlükəsizlik Şurasının qərargah rəisi və o vaxtkı vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri olub.

Kelloq "Ukrayna üçün sülh planı"nı, Trampın dövründə Milli Təhlükəsizlik Şurasının qərargah rəisi olmuş Fred Fleitzlə birlikdə hazırlayıb. Bu plan cəbhə xəttinin dondurulmasını və Kiyev ilə Moskvanın danışıqlara cəlb edilməsini nəzərdə tutur.

Təklif olunan strategiyaya əsasən:

- ABŞ Ukraynaya bildirməlidir ki, yalnız sülh danışıqlarına başlasa, əlavə silah yardımı alacaq.  
- Eyni zamanda, Moskva xəbərdar edilməlidir ki, danışıqlardan imtina edərsə, ABŞ Ukraynaya dəstəyini artıracaq.  
- Ukraynanın NATO-ya üzvlüyü yaxın gələcəkdə müzakirə mövzusu olmayacaq.  

Bundan əvvəl "Reuters" xəbər vermişdi ki, Tramp Ukraynada müharibə üzrə xüsusi nümayəndə vəzifəsinə keçmiş kəşfiyyat rəhbəri Riçard Qrenelli təyin etməyi planlaşdırır. Qrenel müharibəni dayandırmaq üçün "avtonom zonalar" yaradılmasını təklif edib və Ukraynanın NATO-ya üzv olmasını dəstəkləmədiyini bəyan edib.

Alpər

Chosen
16
50
qaynarinfo.az

10Sources