EN

İstiləşmə virusları da qızışdırır

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Bakıda “Səhiyyə və iqlim dəyişikliyi ilə bağlı yüksək səviyyəli paralel tədbir” adlı panel sessiya keçirilmişdi. Səhiyyə naziri Teymur Musayev “Vahid Sağlamlıq” yüksək səviyyəli COP29-un dəyirmi masasına diqqət çəkərək qeyd etmişdi ki, xəstəliklərin baş verməsini proqnozlaşdırmaq üçün erkən xəbərdarlıq sistemlərinin inkişafı və davamlı səhiyyə sistemlərinin qurulması üçün iqlim dəyişikliyinin təsirlərini minimuma endirilməsi mühüm əhəmiyyət kəsb edir.

Nazir sağlamlığın təşviqinin milli səviyyədə sağlamlıqla bağlı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və daha güclü səhiyyə sistemlərinin qurulması üçün vacib olduğunu qeyd etmişdi. O, iqlim dəyişikliyinin təsirlərini minimuma endirə bilən davamlı səhiyyə sistemlərinin qurulması missiyasının uğurla başa çatacağına əminliyini bildirmişdi. Qlobal COP29 başa çatdı. Bizi düşündürən sualla Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazova müraciət etdik:

– Təyyar müəllim, iqlim dəyişikliyinin insan sağlamlığı ilə hansı əlaqəsi var?

– ABŞ-nin Havay Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, hazırda məlum olan yoluxucu xəstəliklərin, təxminən, 58 faizi iqlim dəyişikliyi nəticəsində dəyişib. Xəstəlik riskinin artmasına təsir edən ən çox yayılan amil qlobal istiləşmədir. Eyni zamanda, qlobal istiləşmə nəticəsində yaranan quraqlıq və buzlaqların əriməsinin nəticəsi olan daşqınlar bir çox yoluxucu xəstəliklərin artmasına səbəb olur. Quraqlıq zamanı transmissiv xəstəliklərin keçiricisi olan həşəratların (“Aedes”, “Anopheles”, “Culex” cinsinə aid olan) areal dəyişməsi baş verir. Nəticədə, hemorraqik qızdırmalar, sarı qızdırma, malyariya kimi təhlükəli infeksiyaların geniş yayılması baş verə bilər. Quraqlıq zamanı yaranan tozlu küləklər oftalmoloji xəstəliklərin də artmasına səbəb olur.

Bundan başqa, çayların daşmasından sonra əmələ gələn gölməçələrdə yığılan su kütləsi ağcaqanadların kütləvi çoxalması üçün şərait yaratdığına görə vektorlarla ötürülən xəstəliklərin, məsələn malyariyanın yayılma riskini endemik ərazilərdə artıra bilər. Bu səbəbdən vektorlarla ötürülən yoluxucu xəstəliklər ictimai sağlamlığa uzun müddətli təhlükə yaradır. Daşqınlar sellər ilə nəticələnəndə bir çox infeksiyaların törədici və keçiricilərinin yerdəyişməsi baş verir. Yeni areallarda məskunlaşan həşəratlar yeni biosenozların formalaşmasına, təbii ocaqların dəyişməsinə səbəb olur.

– İqlim dəyişiklikləri yoluxucu xəstəliklərin yayılmasını sürətləndirirmi?

– Alimlər araşdırmaların nəticələrinə əsasən bildirirlər ki, insanlara təsir edən mövcud 375 yoluxucu xəstəliyin 218-də iqlim dəyişikliyi səbəbindən xəstəliyin patogenlərinin daha təhlükəli olduğu elmi ədəbiyyatda təsdiqlənib. Qeyd edirlər ki, qarayara, vəba, malyariya kimi xəstəliklərin bəzi hallarda qlobal istiləşmə, quraqlıq, istilik dalğaları, meşə yanğınları, yağışların artması və tufanlar nəticəsində yayılması artdığına görə, demək olar ki, iqlim dəyişikliyi yoluxucu xəstəliklərin artmasını və yayılmasını asanlaşdırıb.

– Yəqin ki, yağışların çoxalmasının da müəyyən rolu var?

– Bu, daha çox istiləşmə ilə əlaqədar su ehtiyatlarının balansındakı dəyişikliklərlə bağlıdır. Anomal leysan yağışları çox vaxt içməli su mənbələrinin çirklənməsinə səbəb olur. Bunun nəticəsində sudan qaynaqlanan bağırsaq infeksiyaları, məsələn A və E virus hepatitləri, eşerixioz və s. kimi virus və bakterial yoluxucu xəstəliklərin artımı baş verə bilər.

İqlim dəyişikliyi ilə bağlı yağıntılar, içməli suyun mövcudluğu və keyfiyyətindəki dəyişikliklər su ilə əlaqəli xəstəliklərin tezliyinə təsir göstərə bilər. Dünyanın bir sıra ölkələrində sübut edilib ki, orta aylıq temperaturun yüksəlməsi bakterial dizenteriya, kampilobakterioz, salmonellyoz və digər mədə-bağırsaq xəstəliklərinin artmasına səbəb olur. İçməli suda hələ də yoluxucu agentlərə rast gəlindiyi üçün təhlükəsiz suya çıxış əhalinin sağlamlığının təmin edilməsi üçün son dərəcə vacib məsələ olaraq qalır.

– Bəs quraqlıq dövrlər necə, yoluxucu xəstəliklərin yayılmasına təsir edirmi?

– Kəskin iqlim dəyişikliyi yoluxucu xəstəliklərin geniş yayılmasına səbəb olur. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının yeni hesabatında deyilir. Bildirilir ki, isti mövsüm gənələrin aktivləşməsinə və onların keçirdikləri xəstəliklərin sayının artmasına səbəb olur. Quraqlıq meningit və bir sıra digər infeksiyaların yayılmasına kömək edir. İqlim dəyişikliyi kütləvi miqrasiyaya və şəhər artımına gətirib çıxarır. Bu da, öz növbəsində, epidemiyaların yayılması ilə nəticələnə bilər.

– Sağlam qidalanma və fiziki aktivliklə iqlim dəyişikliyinin yaratdığı yoluxucu xəstəliklərə qalib gəlmək mümkündürmü?

– Sağlam həyat tərzinə (sağlam qidalanma, fiziki aktivlik və s.) riayət olunmaqla və yayılan infeksion xəstəliklərdən mümkün qorunma tədbirlərinə əməl etməklə fərdi qaydada şəxsin bu tip infeksiyalara dözümlülüyünü artırmaq olar. Lakin bütövlükdə bu, məsələni həll etmir. İqlim dəyişiklikləri nəticəsində yarana biləcək yoluxucu xəstəliklərin qarşısının alınmasının başlıca yolu dünya ölkələrinin kollektiv səyləri vasitəsilə bu dəyişikliklərin mümkün qədər aradan qaldırılmasıdır.

Zərifə HÜSEYNOVA
XQ

Chosen
12
xalqqazeti.az

1Sources