EN

"Bir döyüş əməliyyatının itkisidir..."

"Çox ağır nəticədir. Bu, az qala ciddi bir döyüş əməliyyatının itkisidir. Ən ağrılısı odur ki, bütün bu itkilər olmaya da bilər..."

News24.az Milli.Az-a istinadla xəbər verir ki, bu sözləri yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov ötən gün Tovuzda baş verən faciəvi qəzanı şərh edərkən deyib.

O bildirib ki, dünənki qəza çılpaq həqiqəti bir daha göstərib: "Dünya mediasının da gündəminə düşəcək bu qəza təkrarən göstərdi ki, yol-nəqliyyat sahəsində əsas problem nə taksi məsələsi, nə avtobus zolağı məsələsi, nə cəriməni artırmaq, nə cərimədən yayınmaq üçün yollar axtarmaq məsələsi deyil. Əsas məsələ və əsas hədəf real yol hərəkəti təhlükəsizliyi olmalıdır. Bu təhlükəsizlik sahəsində atılmalı olan real addımlar da 2018-ci ildə qəbul edilən, icra müddəti ötən il bitən və kağız üzərində qalan Dövlət proqramında idi.

Bu proqramda sürücü olmaq işinə yenidən baxılmasından başlamış dünyagörüşünü dəyişən, həqiqi təhlükəsiz davranış mədəniyyəti formalaşdıra bilən maarifləndirməyə qədər hər şey yazılmışdı.

Ekspert vurğulayıb ki, bu məsələ cərimələri artırmaqla, daha çox cərimə yazmaqla, yeni terminlərdən istifadə edərək gözəl çıxışlar etməklə düzəlməyəcək:

"Yanaşmalar dəyişməlidir, real iş görülməlidir. Dünyada bu problemdə əsaslı dönüşə nail olmuş ölkələrin təcrübəsində sınaqdan keçmiş həqiqi işlər görülməlidir. Həmin işlər çoxdur, hamısı da Dövlət proqramında yazılıb№.

Bir qəzada 5-i say-seçmə hərbi qulluqçu olmaqla 6 nəfərin həlak olması, 1 nəfərin ağır yaralanması (təəssüf ki, 13 yaşlı bu yeniyetmənin də həyatının risk altında olduğu qeyd edilir) çox ağır nəticədir. Bu, az qala ciddi bir döyüş əməliyyatının itkisidir. Ən ağrılısı odur ki, bütün bu itkilər olmaya da bilər... Allah ölənlərə rəhmət eləsin, Yaralı yeniyetməyə tezliklə sağalmağı arzulayıram", - ekspert fikrini tamamlayıb.

Qeyd edək ki, ötən gün Tovuz rayonunun Ceyrançöl ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər həlak olub, bir nəfər xəsarət alıb. "Mercedes" və VAZ markalı avtomobillərin toqquşduğu qəzada ölənlərdən beşi Azərbaycan Ordusunun hərbi qulluqçuları, biri isə mülki şəxsdir. Qəzada ağır xəsarət alan 13 yaşlı Z.Həsənov ilkin olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncədə yerləşən Abbas Səhhət adına xəstəxanaya köçürülüb.

Chosen
9
9
news24.az

10Sources