EN

“İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər”

Bakı Kitab Mərkəzində Qərbi Azərbaycan İcmasında (QAİ) “Kainat” Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin təsisçisi, QAİ Qadınlar Şurasının üzvü, İrəvan Şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı keçirildi. Tədbirdə incəsənət xadimləri, yazıçılar, şairlər, ziyalılar və mətbuat nümayəndələri iştirak edirdi.

Təqdimatın moderatoru telejurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı bildirdi ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə çap olunmuş kitab ötən əsrdə Qərbi azərbaycanlıların deportasiyaları zamanı İrəvanda baş vermiş hadisələrdən və şəhərin tanınmış şəxsiyyətlərindən bəhs edir. T.Pənahqızı kitabda İrəvan tarixi üçün vacib məqamların işıqlandırıldığını qeyd edərək bildirdi ki, bu tədqiqat əsəri sayəsində İrəvanın tarixi həqiqətlərini və şəxsiyyətlərini daha dərindən öyrənmək mümkündür.

Sabiq diplomat, alim Həsən Həsənov “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının mötəbər mənbə olduğunu vurğulayaraq dedi ki, İrəvan şəhərinin tarixi və şəxsiyyətləri haqqında məlumatların toplanması və nəşr edilməsi gələcək nəsillərin bilgili olması baxımından önəmlidir. İrəvanla bağlı xatirələrini bölüşən alim diqqətə çatdırdı ki, zəngin memarlığı ilə tanınan şəhər Fəridə Səfiyevanın hazırladığı kitabda xatırlanan şəxsiyyətləri ilə bizi qarşılayır.

Qərbi Azərbaycan İcmasının yaradılmasını uğur hesab edən Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova bu kitabı Prezident İlham Əliyevin alimlərə çağırışına cavab olaraq yazıldığını qeyd etdi. Bildirdi ki, əsas məsələ dünya ictimaiyyətinin də bu həqiqətləri bilməsini təmin etməkdir.

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, professor Dilarə Seyidzadə, digər çıxış edənlər “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kimi tədqiqatların İrəvanın tarixinin, mədəniyyətinin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması baxımından əvəzsiz rol oynadığını diqqətə çatdırdılar.

Kitabın müəllifi Fəridə Səfiyeva bütün iştirakçılara təşəkkür edərək, əsərin Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində dövlətimizin gördüyü genişmiqyaslı işlərin tərkib hissəsi olacağına ümid etdiyini bildirdi.

Rizvan FİKRƏTOĞLU
XQ

Chosen
14
xalqqazeti.az

1Sources