85 yaşlı Almaniya sakini saxtakar fəaliyyətinə görə 6 ay şərti, 6 ay gerçək olmaqla 12 aylıq həbs cəzasına məhkum edilib.
Arena.az bu barədə VRT dərgisinin yerli hüquq-mühafizə orqanlarına istinadı əsasında məlumat verir.
Təqaüdçü özünü Moskva “Spartak”ın təmsilçisi kimi təqdim edərək “Ostende”dən külli miqdarda pul oğurlayıb.
İstintaqın məlumatına görə, cinayət 6 il əvvəl baş verib. O vaxt, 2018-ci ildə Belçika klubu zambiyalı hücumçu Feşn Sakalanın (Sakala) keçidi ilə bağlı “Spartak”la danışıqlar aparıb. Əməliyyatın məbləği 500 min avro olaraq qiymətləndirilib.
Daha sonra Belçika klubu “Spartak”dan, əməliyyat məbləğinin ilk yarısını ödəmək tələbi ilə elektron poçt üzərindən bir məktub alıb. Pulları hesablara göndərmiş “Ostende” bir müddət sonra nəyinsə səhv olduğundan şübhələnib və hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Araşdırma nəticəsində poçtun və təqdim edilmiş hesabların saxta olduğu müəyyənləşib.
Məlum olub ki, pullar sahibi hazırda məhkum edilmiş bu qoca hiyləgərin alman şirkətinin hesabına gedib.
Həbs cəzasını çəkməsi ilə yanaşı, qoca fırıldaqçı pulu da geri qaytarmalı olacaq. Şirkətin özü 8 min avro məbləğində cərimələnib, təqaüdçü isə 2400 avro məbləğində ödəniş etməli olacaq.