Ukraynanın zülmət, Ermənistanın zillət dərsləri
Gürcüstan Prezidenti Salome Zurabişvilinin son açıqlamasından belə qənaətə gəlmək olar ki, ölkədə sanki, hər şey qanunsuzdur, bircə legitim olan onun dövlət başçısı postunda qalmasıdır. Müqayisə bir o qədər yerinə düşməsə də bildirək ki, indiki durumda xanım Zurabişvili özünü ikinci Mixeil Saakaşvili kimi aparır. Elə bil, 2004-cü ildir. Ancaq əminliklə deyə bilərik ki, həmin ildə yaşananları təkrarlamaq istəyənlər yenə iş başındadırlar.
Bəli, Gürcüstanda parlament seçkilərindən sonra siyasi proseslərin vüsət aldığını görürük. Görürük ki, Qərb məğlubiyyətlə barışmaq istəmir. Ona görə də özünün emissarları vasitəsilə seçkilərin nəticələrinin ləğvinə, yeni seçkilərin təşkilinə çalışır. Tam aydındır ki, bu “rəngli inqilab” ssenarisini işə salmaq cəhdidir. Məqsədi mövcud hakimiyyəti devirmək və Gürcüstanda Qərbmeylli, tamamilə Qərbdən idarə olunan marionet hakim komanda formalaşdırmaqdır. Eynilə Ermənistandakı kimi.
Bəli, Gürcüstanı 2004-cü ilə qaytarmaq cəhdləri var. O ilə ki, postsovet məkanında, bu ölkə ilə yanaşı, Ukraynada “rəngli inqilab” gerçəkləşdi. Mövcud xüsusda 2014-cü ildə Ukraynada baş verənləri də yada salmaq mümkündür. Tarixin təkrarlanma ehtimalı az olsa da, “sifarişçilər” iş başındadırlar. Söhbət USAID kimi təşkilatların “fəallığından” gedir. Bu fəallığın hansı nəticələr verdiyini Ukrayna müharibəsinin timsalında yaxşı görürük. Ukraynada, faktiki olaraq, ölkənin parçalanma ssenarisi gerçəkləşir. Ona görə ki, inqilab nəticəsini vermədi. Bir halda ki, nəticə yoxdur, qoy hər şey məhv olsun. Qərb özünü parabeyin sevgililər kimi aparır. Təxminən belə: mənim olmayan məhv olsun.
Ancaq “Ukraynanın ölümünün” səbəbkarı da Qərbin özüdür. İllərdir ayrı-ayrı Qərb mərkəzlərinin verdikləri vədlər yerinə yetirilmir, ölkə, sözün əsl mənasında, həm iqtisadi, həm də insan resursları baxımından fəlakətli vəziyyətlə üzləşib. İndi Ukrayna xalqı Qərbin hibrid müharibələr vasitəsilə postsovet məkanında ayrı-ayrı ölkələrin müqəddəratı ilə oynamaq planlarının qurbanıdır. Bu planlar son dərəcə amansızdır. Çünki milyonlarla insanın canı-qanı bahasına reallaşdırılır. Eyni ssenarinin Serbiyada da gerçəkləşdirmək niyyəti ilə bağlı məlumatlar var. Axı ölkədə parlament seçkiləri olmalıdır. Gürcüstanda isə proses var gücü ilə gedir. Qərbin nəzarətində olan siyasi partiyalar, media, QHT-lər, diplomatlar və sair “demokratik obrazlar” özlərinə əməlli-başlı əl qatıblar.
Gürcüstanın hazırkı iqtidarının reallaşdırdığı kurs Qərbi qane etmir. Səbəb çox sadədir. Gürcü hakimiyyəti ənənələrə sadiqlik tərəfdarıdır. Ondan marionetlik tələb edilir və ölkədə “Xarici təsirin şəffaflığı haqqında” Qanunun qəbuluna, seksual azlıqların fəaliyyətini məhdudlaşdıran normativ hüquqi aktların tətbiqinə qarşı çıxılır. Guya, bunlar demokratizmə zidd imiş. Hələ Tbilisini şantaj da edir, ölkənin Avropa İttifaqına yaxın qoyulmayacağı bildirilir. Bu yerdə Gürcüstan hökumətinin qətiyyətini vurğulayaq. Gürcü iqtidarı 2028-ci ilin sonuna qədər ölkənin Avropa İttifaqına üzvlük məsələsini, ümumiyyətlə, gündəmə gətirməmək qərarını verib. Çünki təhlükələri görür, onlara qarşı müqavimət formalaşdırır. Qərbdə qıcıq doğuran da elə budur.
Hesab edirik ki, gürcü xalqı hər şeyi gözəl anlayır. Bilir ki, indi 2004-cü il deyil. Bilir ki, həmin ildəki inqilabdan sonra Qərb ölkədə müəyyən pozitiv irəliləyişlərə rəvac verdi. Amma ardınca əsl dağıdıcı simasını göstərdi. Məlum oldu ki, gürcü xalqına inqilab kimi verilən və bir növ nemət olaraq göstərilən xoşbəxtlik ənamı heç də qarşılıqsız deyilmiş. Xalqdan Qərbə olan borcunu qaytarmağı tələb etdilər. 2008-ci ildə Gürcüstanın, obrazlı desək, əjdahanın ağzına atılması, yəni Rusiya ilə tamamilə qeyri-bərabər müharibəyə cəlb edilməsi bunun göstəricisi idi. Müharibə zamanı gürcü xalqı taleyin ümidinə buraxıldı. Sonra yaşanan proseslər isə hər kəsə yaxşı məlumdur. İndi Ukrayna taleyin ümidinə buraxılmış şəkildədir. Budur Qərbin mahiyyəti və siması, daha doğrusu, simasızlığı.
Həm Gürcüstan hakimiyyəti, həm də onu dəstəkləyən gürcü xalqı yaxşı anlayır ki, xarici təsirlərə uymaq olmaz. Nicat yolu müstəqil davranmaqda, real regional birliklərdə təmsilçilikdə, ikitərəfli sərfəli əməkdaşlıqların qurulmasındadır. Əlbəttə, mövcud xüsusda Azərbaycanla əməkdaşlıq da son dərəcə vacibdir. Hesab edirik ki, Azərbaycan və gürcü xalqları bir yerdə olub, eyni hədəflərə doğru irəlilədikcə, bundan ancaq region uduşla çıxacaq, əsaslı və davamlı inkişaf təmin olunacaq. Nəzərə alaq ki, inkişafın rəhni sabitlik, nəticəsi isə firavanlıq, əminamanlıq və rifahdır. Onu da nəzərə alaq ki, bütün sahələrdə Gürcüstan – Azərbaycan işbirliyi, eyni zamanda, stabil və sülh mühitinin hakim kəsildiyi Cənubi Qafqaz deməkdir.
Yenidən gələk Ermənistan üzərinə. Çox təəssüf ki, Ermənistanda haqqında söz açdığımız məsələləri anlamaq istəmirlər. Baxın, ABŞ başda olmaqla, kollektiv Qərb indidən ölkədə 2018-ci ildə baş vermiş inqilabın nəticələrini qorumağa girişib. Baş nazir Nikol Paşinyan saqqalını qırxdırıb, dövlət aparatını möhkəmləndirməyə çalışır ki, 2026-cı il seçkilərində çətinliklərlə üzləşməsin. Çünki çətinliyin olacağını dəqiq bilir. Erməni xalqının sosial-rifah halı aşağıdır. Ona vaxtilə gürcülərə və ukraynalılara da verilmiş vədlər özünü doğrultmayıb.
Bəli, N.Paşinyan öz dili ilə verdiyi həmin vədləri yerinə yetirmək əvəzinə, zor aparatının konsolidasiyasına başlayıb. O, eyni zamanda, Ermənistanı Qərbin anti-Rusiya cəbhəsinin səngərinə çevirir. Çalışır ki, Moskvanı Cənubi Qafqazdan sıxışdırsın, beləliklə yeni regional düzənin formalaşmasına töhfə versin. O düzənin ki, orada regionun tarixi bağlılıq faktoru inkar edilir. Gürcüstan müharibəsi fonunda inkarçılığın hansı nəticələr doğurduğunu isə gördük. İndi Ukraynada da aydın görürük. Məgər bu durumda xalqların hansısa uduşu varmı? Əlbəttə ki, yox!
R.ƏVƏZ
XQ