Cəlilabad rayonunun Hacıməmmədli kəndində yaşayan 1991-ci il təvəllüdlü Leyla Hikmət qızı Heydərovanın itkin düşməsi ilə bağlı yeni detallar məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Biləsuvar rayonundan gəlin köçən Leyla üç uşaq anasıdır və yaxınlarının sözlərinə görə, o, son dövrlərdə ciddi psixoloji gərginlik keçirirmiş.
Ailənin verdiyi məlumata əsasən, Leyla 24 noyabr 2024-cü il tarixində evdə tək olduğu vaxt kəndi tərk edib. Həyat yoldaşı və ailə üzvləri qohum toyunda olduğu üçün evdə heç kəsin olmaması Leylanın çıxmasına imkan yaradıb. Hadisədən sonra ailə yerli hüquq-mühafizə orqanlarına müraciət edib.
Leylanın qayınatası onun son vaxtlar psixoloji vəziyyətinin ağır olduğunu və hətta intihar fikirlərinə qapıldığını bildirib. Həmçinin o, gəlinin hazırda Biləsuvar rayonundakı qohumlarının evində olduğunu ehtimal edir.
Bu arada Leylanın həyat yoldaşı üç uşağını da götürərək Bakıya köçüb və rəsmi boşanma üçün sənədlər hazırlamağa başlayıb. Gəlinin yeri müəyyən edildikdən sonra hüquqi proseslərə başlanılacağı bildirilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu