"Məhbusun yanına gətirilən ərzaq və başqa məhsullar bir sıra hallarda müəssisədəki mağazaya verilərək satılır”
Həbsdə olan inanclı məhbuslardan Bəxtiyar Babaşovun saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsində zorakılığa məruz qaldığı bildirilir.
Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Arzu Abdulla məlumat verib.
O bildirib ki, müəssisənin rejim rəisi Samid Qafarov Bəxtiyar Babaşova qarşı zorakılıq edib.
Arzu Abdulla baş verənlərə etiraz olaraq, noyabrın 30-da Binə qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsinin qarşısında etiraz aksiyası keçirib.
O, həyat yoldaşı da daxil olmaqla, məhbuslara qarşı zorakılığa son qoyulmasını tələb edib.
"Bəhanə də bu olub ki, Bəxtiyarın əynindəki gödəkçə uzundu, papağı dimdiklidi. Onun qısa gödəkçəsini yumağa aparmışdım. Rejim rəisi Səmid Qafarov onun üstünə cumub. Sinəsindən tutub divara çırpıb. Yumruqla vurub. Bu, nə deməkdir? Kefim istəyir, səni döyə bilərəm? Buna kim bu ixtiyarı verir? Bəxtiyar kiminsə toyuğunu oğurlayıb ora düşməyib…”, – Arzu Abdulla bildirib.
O əlavə edib ki, indiyədək də bu şəxsin çoxsaylı qanunsuz əməllərinin şahidi olublar, lakin ictimailəşdirməyiblər.
Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsinə köçürülən məhkumlar əvvəl bir müddət karantində saxlanılır.
O müddətdə məhbusun yanına gətirilən ərzaq və başqa məhsullar bir sıra hallarda müəssisədəki mağazaya verilərək satılır: "Camaatın qənd-çayına göz dikməyin adı nədir?”
Arzu Abdulla baş verənlərlə əlaqədar Penitensiar Xidmətə şikayət edib, lakin bu qurumdan onun dediklərini təkzib ediblər.
Penitensiar Xidmətdən deyilib ki, Samid Qafarov tərəfindən Bəxtiyar Babaşova qarşı zorakılıq olmayıb.
Bəxtiyar Babaşov son iki ildə narkotik ittihamı ilə həbs olunan yüzlərlə dini inanclıdan biridir.
O, 2023-cü ilin martında həbs olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib.
Bəxtiyar Babaşov özünü təqsirli bilmir.
"Minlərlə dindarı tutub narkotik ittihamıyla salıblar içəri. Belə çıxır ki, ölkənin bütün dindarları narkotacir imiş? Mən həmişə insanları narkotikdən uzaq dayanmağa çağırmışam. İbadətlə məşğul olan adamam. Narkotik ittihamı mənim adıma yapışmır”, – məhkəmədə ifadəsində bildirib.