EN

Azərbaycan futbolunda ilk Rusiya dueli - “B&B”

Bu gün start götürəcək Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk günü rusiyalı məşqçilərin dueli ilə əlamətdar olacaq.

İdman.biz xəbər verir ki, Kurban Berdıyevin çalışdırdığı “Turan Tovuz” Vasili Berezutskili “Sabah”ı qəbul edəcək.

Rusiyada dəfələrlə üz-üzə gələn mütəxəssislər fərqli amplualarda rəqib olublar. Berdıyevin baş məşqçi kimi çalışdığı illərdə Berezutski futbolçu kimi ona qarşı olub.

Baş məşqçi karyerasına məhz “Sabah"da başlayan gənc mütəxəssis 2-ci dəfə komandasına texniki zonadan rəhbərlik edəcək. Bu, onun təkcə Azərbaycan kuboku deyil, ümumiyyətlə kubok yarışlarında baş məşqçi kimi debütüdür. Berdıyev isə “Hypers Guba” üzərindəki 7:2 hesablı qələbə ilə Azərbaycanda da kubok həyəcanı və qələbəsi görüb.

Tovuzda baş tutacaq rusiyalıların “B&B” derbisi Azərbaycan futbolu tarixinə də düşəcək. Bu, Premyer Liqamızda çalışan rusiyalı baş məşqçilərin ilk duelidir.

Düzdür, çempionatımızın yüksək liqasında əvvəllər də rusiyalılar çalışıb. Lakin onlar fərqli illərdə işlədiyi üçün nə çempionatda, nə də kubokda üz-üzə gəliblər. Cığıraçan olan Sergey Yuran “Simurq”da 2011-ci ildə fəaliyyət göstərib. “Qəbələ”nin Yuri Syominli dövrü 2013-14-cü illərə təsadüf edib. Murad Musayev isə 2021-24-cü illərdə “Sabah”ın uğurları üçün çalışıb.

Bu ilin yayında Tovuz klubuna gələn Berdıyev həmyerlilərindən heç biri ilə rəqib ola bilməyib. Təyinatı ötən həftə gerçəkləşən Berezutski isə artıq ikinci sınağında belə duelə çıxacaq.

Qeyd edək ki, “Turan Tovuz” – “Sabah” matçı saat 18:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Chosen
78
50
idman.biz

10Sources