EN

Mədə xərçənginə SƏBƏB OLAN QİDALAR –HƏKİMLƏ MÜSAHİBƏ + FOTOLAR

Son dövrlər paytaxt Bakı ilə yanaşı, Zaqatala, Qazax və Tovuzda dönərdən zəhərlənmə hallarının baş verməsi, bu qida növünün insan sağlamlığı üçün təhlükəsini yenidən gündəmə gətirib. Sosial mediada aparılan müzakirələrdə sadəcə dönərin deyil, ümumiyyətlə fastfud (ayaqüstü yemək) yeməklərin, o cümlədən də “McDonalds”, “KFC” və sair bu kimi şəbəkələrdən alınan qidaların təhlükəli olması, asılılıq yaratması, xüsusən də uşaq, yeniyetmə və gənclərin mədə-bağırsaq sistemini sıradan çıxarması barədə fikirlər yer alır.

Mövzu ilə bağlı qastroenteroloq, hepatoloq, invaziv endoskopist Aqil Ağakişiyevin Medianews.az-a müsahibəsini təqdim edirik.

– Aqil həkim, mütləq əksəriyyətin tez-tez istifadə etdiyi fastfud yeməklərin insan orqanizmi, ümumən sağlamlıq üçün hansı təhlükələri var?

– Hazırda fastfud qidalar çox ciddi vüsət alıb. Xüsusilə də uşaqlar və gənclər arasında, yaxud hər hansı bir işdə çalışan, günorta qidalanması çətin olan iş adamları arasında çox geniş yayılıb. Bunların da istər aktiv bir vaxtda, istərsə də xroniki halda insan sağlamlığına ciddi zərərlər vurduğunu, təsirlər yaratdığını, bundan irəli gələrək müəyyən fəsadlara yol açdığını müşahidə edirik. Uzun müddət fastfud qidalardan və ya rəngli, qazlı içkilərdən istifadə olunması xroniki xəstəliklərə gətirib çıxarır. Ümumiləşdirsək, bütün bunlar son nəticədə insanların, xüsusən də uşaq və gənclərin fiziki inkişafına, sağlamlığına, hətta mənəviyyatına mənfi təsir edir. Çünki xəstələnən, canı ilə əlləşən, xəstəliklə mübarizə aparan insan həm mənəvi baxımdan, həm də psixoloji olaraq əziyyət çəkir, normal həyat tərzi sürə bilmir.

– Bu xəstəliklər barədə bir qədər ətraflı məlumat verə bilərsinizmi? Sözügedən qidalar insan orqanizmində konkret hansı fəsadlara yol açır?

– Fastfud qidaları, bəzi rəngli içkilər, boyat yeməklər, içərisində ət, yağ və tərkibində digər tərəvəz məhsullu mənşəyi məlum olmayan qidaların uzun müddətli istifadəsi insan orqanizmində çox ciddi fəsadlara yol aça bilər. Belə ki, kəskin mərhələdə olduqda birinci növbədə daha çox mədə-bağırsaqla bağlı problemlər yaranır. Yəni, bu xəstəliklər kəskin qastritə, enteritə və ya kolitə, mədə-bağırsaq iltihablaşmalarına gətirib çıxarır. Mədədə, qarın boşluğunda epiqastral ağrılarla müşayiət olunur.  Eyni zamanda, ishal, qusma, ürəkbulanma və bu kimi şikayətlərlə ilk növbədə özünü göstərir. İnsanlar fastfud yeməklərindən helikobakter pilori dediyimiz mədə mikrobuna yoluxa bilirlər. Bunlar uzun müddətli davam etdikdə xroniki qastritə, xoraya, hətta mədə xərçənginə səbəb ola bilir. İstər incə, istərsə yoğun bağırsaqların iltihablaşmasına gətirib çıxarır. Bununla belə, mədəaltı vəzin işini pozur, pankreatit dediyimiz mədəaltı vəzin iltihablaşmasına səbəb olur. Məlumat üçün qeyd edim ki, pankreatit, mədənin arxasında yerləşən və həzm prosesinə kömək olan mədəaltı vəzinin, öd kisəsi daşları və ya alkoqol istifadəsinə bağlı olaraq qısa müddət ərzində ani bir şəkildə iltihablanıb şişməsi vəziyyətidir. Xroniki pankreatitə nisbətən daha qısa müddətli və ani baş verən akut pankreatit, adətən bir həftə ərzində öz-özünə sağala bilər. Lakin bəzi şəxslərdə şiddətli akut pankreatit daha ciddi fəsadlara səbəb ola bilər və mədəaltı vəzinin funksional pozuntusuna yol aça bilər. Qarnın ortasında şiddətli ağrı, 38 dərəcədən yüksək hərarət, ürəkbulanma və qusma kimi simptomlarla meydana çıxan akut pankreatit, bəzən öd daşları və həddindən artıq alkoqol istifadəsi səbəbindən baş verir, lakin bəzi hallarda səbəb müəyyən edilə bilmir.

– Mənşəyi bəlli olmayan yağlar, həmin yağlarda hazırlanan qidalarla bağlı da eyni yanaşma varmı? Bu barədə nələri qeyd edə bilərsiniz?

– Mənşəyi bəlli olmayan yağlar, ətlər qaraciyər yağlanmasına, toksiki hepatitə, qaraciyər və böyrək zəhərlənmələrinə gətirib çıxarır. Daha ağır mərhələdə olduqda kəskin hepatit formasında özünü göstərir və qaraciyər testlərinin yüksəlməsi, sarılıq, bulantı, qusma, idrarın rənginin tündləşməsi kimi simptomlarla özünü göstərir. Ancaq xroniki olduqda isə bunlar çox zaman heç bir şikayət vermir və bu qidalardan uzun müddətli istifadə etmək qaraciyər yağlanması, metabolikik sindrom, qaraciyər testlərinin yüksəlməsi qaraciyər sirrozuna qədər gətirib çıxarır. Təbii ki, bunlar çox zaman kanserogen qidalar olur. Qaraciyər, mədəaltı vəzi, qida borusu, bağırsaq və digər orqanlarda da xərçəng riskini artırır. Fastfud qidalardan, mənşəyi bəlli olmayan yağlarda hazırlanan qidalardan uzun müddətli istifadə olunması daha çox xroniki xəstəliklərin yaranmasına səbəb olur. Xüsusilə qida borusunda daha çox qastroezofageal reflüksa səbəb olur. Qastroezofageal reflüks qəbul edilən qidanın və ya mədə turşusunun qida borusuna doğru geri qayıtmasıdır. Pasiyentlər bu halı mədədə qıcqırma kimi ifadə edirlər. Mədə turşuluğunun davamlı artması və bu turşuluğun qalxıb qida borusunu yandırması, qida borusunda səpkilər, xoralar, hətta qida borusu xərçənginə qədər gətirib çıxarır. Mədədə helikobakter pilori, korroviz qastiritinin yaranması və eroziyalar, xoralar, hətta mədə xərçəngi, bağırsaqda kolitə, enterokolitə gətirib çıxardır ki, həmin vaxtlarda özünü kəskin formada göstərməsə belə, xroniki formada  bağırsaq xəstəliklərinin inkişafına, bağırsaq xərçənginə qədər gətirir. Bir qədər əvvəl vurğuladığım kimi, qaraciyərdə, böyrəkdə, mədəaltı vəzdə də bu proseslər olur. Kəskin qaraciyər xəstəlikləri ilə, kəskin pankreatitlərlə, qaraciyərdə, mədəaltı vəzidə yağlanma, diabetə meyllilik, xolesterin narahatçılıqları ilə bağlı bizə müraciət edən xəstələr çox olur.

– Sadaladığınız problemlərdən əziyyət çəkən insanlar həkimə müraciət edərkən ilk öncə nədən şikayət edirlər? Yəni, bu xəstəlikdən əziyyət çəkən şəxs canında hansı ağrıları hiss edir?

– Daha çox mədə-bağırsaq şikayətləri ilə müraciət edirlər. Misal üçün, epiqastral nahiyə dediyimiz mədə istiqamətində, göbəkətrafı nahiyələrdə ağrıların olması, köp, həzmsizliyin olması, ağızda turş dad, qoxu olması, reflüks yönündə sinədə yanma, göynəmənin olması uzun müddət davam etdikdə daha çox ishal və ya qəbizliyə meyliliklə bağlı müraciətlər olur. Hansı ki, bunlar daha çox quru yeməklərdən olur. Quru yeməklərdən uzunmüddətli istifadə də qəbizliyə gətirib çıxarır. Onun fonunda babasil – perianal çat dediyimiz anal nahiyənin çatları, bağırsaq polipləri və başqa narahatçılıqlarla da özünü göstərir. Daha çox ishallarla, qastritlərlə özünü göstərə bilir. Qarın nahiyəsində ağrılar, nəcisdə seliyin olması, bəzən irəli dərəcədə autoimmu xəstəliklər inkişaf etdikdə nəcisdə qan da müşahidə etmək mümkün olur. Bulantı, qusma, baş ağrısı, sinədə yanma, göynəmə kimi şikayətlərlə özünü daha çox göstərə bilir.

– Qeyd etdiyiniz simptomları özündə hiss edən vətəndaşlar ilk növbədə nə etməlidirlər?

– Qeyri-sağlam qidadan sonra narahatlıq hiss edən pasiyent təbii ki, ilk növbədə həkimə müraciət etməlidir. Çünki bu artıq qida zəhərlənməsi olduğunu göstərir.  Bu zaman toksikoloji tədbirlər vaxtında aparılarsa, şəxsin həyat keyfiyyətinə, günlük yaşamına geri qayıtması daha çox olar. Bəzən bu xəstəliklər ciddi ölümlərlə də nəticələnə bilir.

– Belə vəziyyətlə üzləşən insanlarda müalicə hansı qaydada və necə aparılmalıdır?

– Qida zəhərlənməsi olduqda toksikoloji dəstək olmalıdır. Maye köçürülməli, mədə-bağırsağın yuyulması, vena daxili infuziyaların, toksik maddələr əleyhinə sistemlərin köçürülməsi vacibdir. Bunların hər birinin zamanında edilməsi çox önəmlidir.

– Müalicənin yekunu olaraq bu fəsadlardan orqanizmi birdəfəlik qurtarmaq mümkün olur, yoxsa xəstəlik, nasazlıq xroniki olaraq qala bilər?

– Fastfud qidalardan sonra hansı ki, kliniki şikayətlər yaranır, bunların həmin anda qarşısı alındıqda müalicələrlə bir necə gün içərisində rahatlaşma ola bilir, pasiyent normal həyat şəraitinə qayıda bilir. Amma bəzən də çox ağır formalı gedişatlar olur. Hətta kəskin böyrək, qaraciyər çatışmazlığı, sefalit dediyimiz koma və ya komaya meylli beynin tutulması müşahidə edilir. Mədə-bağırsaqdan başqa, orqanizmdə bir çox problemlər özünü göstərdikdə nəticələri ağır olur. Bu simptomları nəzərə alıb vaxtında həkimə müraciət etdikdə geriyə qayıtma şansı yüksək olur və birdəfəlik bundan qurtulmuş olurlar. Ancaq xroniki vəziyyətdə olan xəstəlik uzunmüddətli terapevtik müalicələrlə aradan qaldırılır. Bu baxımdan, pasiyentlərin şikayətləri çox önəmlidir. Zamanında üstünə düşdükdə vaxtında, xroniki vəziyyətə keçdikdə uzunmüddətli müalicə tələb edə bilir. Lakin bəzən də ildırımvari gediş olur, hətta ölümlə belə nəticələnə bilir.

– İnsanlar sağlamlıqlarını qorumaq üçün hansı qaydada qidalanmalıdırlar?

– Bu xəstəliklərin yaranmasında genetik faktorları bir kənara qoysaq, insan sağlamlığında ən önəmli məsələ qidalanma, qida rejimi, xüsusən də sinir-stressdir. Qidalanma və qida rejimi çox önəmlidir. Günlük səhər yeməyinin vaxtına və rahat bir şəraitdə yeyilməsi önəmlidir. Birincili və ikincili qidalanma dediyimiz sulu və sərt qidalar olacaqsa, bunların hər ikisinin olması, axşam yeməyindən sonra isə gəzinti çox vacibdir. Yemək yedikdən sonra uzanmaq, yatmaq olmaz. Axşam yeməyindən ən azı 2-3 saat sonra yatmaq mümkündür. Bu kimi rejim faktorunu gözləməliyik. Ən əsası da qidalanmamızda sağlam qidalara üstünlük verməliyik. Fastfud yeməklərdən birmənalı uzaq durulmalıdır. Onların əvəzinə orqanik və ev şəraitində hazırlanan qidalardan istifadə etmək lazımdır.

Chosen
62
35
musavat.com

10Sources