Havaların soyuması ilə insanlar mövsümi yemək olan xaşa üz tuturlar. Ancaq istehlakçılar bazarlardan alınan dırnağın içindən qurd çıxdığı ilə bağlı şikayətlər edirlər. Bu da məhsulun köhnə olmasından xəbər verir.
Bəs belə problemlər yaşamamaq üçün nə etmək lazımdır?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Redaktor.az-a bildirdi ki, belə hallarla rastlaşmamaq üçün istehlakçılar gözlərinin qabağında dırnaqlar ayırtdırıb doğratdırmalıdırlar.
"Ölkədə iri buynuzlu heyvanların kəsilərkən, qəssablar iri buynuzlu heyvanların xaşlıq dırnaqlarını atmırlar. Yay aylarında da məlumdur ki, xaş yeyilmir. Ancaq hansı şəraitdə saxlayırlar, naməlumdur. Ütüldüyü üçün onu bəzən soyuducuya da qoymurlar. Üst-üstə yığıb sərin yerdə saxlayırlar və təbii olaraq burada bu dırnaqlar artıq əksər hallarda qurdlamış olur. İnsanlar onu gözü ilə görə bilmir və o təmizləndikdə dırnaqlarda həmin qurdları müşahidə edə bilərlər. Satıcılar bunu qış aylarında - xaş mövsümü başlayanda bazara çıxarırlar. Ona görə də xaş üçün dırnaq alanda istehlakçılar çox diqqətli olmalıdır. Yanlarında, gözlərinin qabağındaca dırnaqları ayırtdırıb doğratdırmalıdır, evə saxlamaq lazım deyil. Əgər o qurdlar varsa, mütləq oradan çıxacaqdır".
AİB sədri həmçinin qeyd etdi ki, xaş yemək bəzi insanların sağlamlığı üçün məsləhətli deyil:
"Xaşı çox yemək olmaz. Xüsusən qan təzyiqi, şəkər xəstəliyi olan adamlara həftədə 1-2 dəfədən artıq yeməyi məsləhət görmürəm. Çox kalorili, insan üçün çox xeyirli bir yeməkdir və Azərbaycanın ənənəvi qış yeməklərindəndir. Bütün hallarda alıcılar dırnaqlar alan zaman qabaq dırnaqlara üstünlük verir. Bəzən köhnə dırnaqları satanlar doğramaqdan imtina edir, bu, artıq onun köhnə dırnaq olduğunun isbatıdır".
Eyyub Hüseynov qeyd etdi ki, əgər istehlakçılar bu cür problem yaşayarsa, onların 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələri tövsiyə olunur.
Türkan İSGƏNDƏRLİ