EN

COP29 qlobal ekoloji strategiyanı zənginləşdirdi

COP29-da təkcə iqlim məsələlərinin həlli deyil, həm də dayanıqlı inkişafın əsas elementi olan enerji keçidi diqqət mərkəzində saxlanılıb. İqlim konfransında bir sıra məsələlərlə yanaşı, karbon emissiyalarının azaldılması və bərpa olunan enerji mənbələrinin tətbiqinin genişləndirilməsi təşəbbüsləri dəstəklənib.

Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Əziz Abduhakimov mediaya müsahibəsində COP29-da qəbul edilən qərarların iqlim dəyişikliyi ilə qlobal mübarizədə əhəmiyyətini və Mərkəzi Asiya regionuna təsirini diqqətə çatdırıb. Mərkəzi Asiya regionunun quraqlıq, səhralaşma və su qıtlığı kimi iqlim çağırışları ilə üzləşdiyini bildirən nazir problemin həllində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın zəruriliyini, eləcə də iqlim konfransında qəbul edilən qərarların həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Ə.Abduhakimov deyib: “Bakıda keçirilən COP29 mühüm nəticələrlə yadda qaldı. Əsas nailiyyətlərdən biri inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizəsinə dəstək üçün 2035-ci ilə qədər illik 300 milyard ABŞ dolları məbləğində vəsaitin ayrılması barədə razılaşma oldu. Bu razılaşma beynəlxalq qlobal iqlim gündəliyində ölkələrin birgə fəaliyyətə hazır olduğunu nümayiş etdirən mühüm addım kimi yüksək dəyərləndirildi”.

Nazir COP29-da imzalanan qərarların Özbəkistanın ekoloji siyasətinin inkişafına da mühüm təsir göstərəcəyinə əminliyini ifadə edərək iqlim konfransı çərçivəsində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandığını bildirib.

Yeri gəlmişkən, bu münasibətlə noyabrın 13-də prezidentlər İlham Əliyev, Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyev arasında üçtərəfli görüş olub. Dövlətimizin başçısı çıxışında belə bir sazişin imzalanmasının Azərbaycan, Qazaxıstan və Özbəkistan münasibətlərinin tarixində əlamətdar hadisə olduğunu , bununla 3 qardaş ölkənin əməkdaşlığının yeni səviyyəyə qalxdığını vurğulayıb.

Pezident İlham Əliyev daha sonra qeyd edib ki, tarixi hadisə olan “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirərək “yaşıl” enerjinin inkişafı sahəsində sinxron fəaliyyəti sürətləndirəcək.

 

Chosen
63
xalqqazeti.az

1Sources