Vergi Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Bəs bəyannamə tərtib olunarkən hansı məqamlara diqqət etmək lazımdır?
Sığorta məbləğinin gəlirdən çıxılması
FED.az xəbər verir ki, suala iqtisadçı-ekspert Anar Bayramov aydınlıq gətirir:
Maddədən göründüyü kimi, sadələşdirilmiş verginin ödəyiciləri rüblük hesabatı rüb bitdikdən sonrakı ayın 20-dən gec olmayaraq təqdim etməklə yanaşı, vergini də həmin tarixə kimi ödəməlidirlər.
Misal 1: Sadələşdirilmiş verginin ödəyicisinin təqdim edilmiş mallara (xidmətlərə) görə 2024-cü ilin yanvar, fevral vǝ mart ayları üzrə müvafiq olaraq 3.000, 4.000 və 5.000 manat məbləğində gəliri formalaşıb. Vergi ödəyicisi həmin rüb üzrə hesablanmış sadələşdirilmiş vergini aprel ayının 20-dən gec olmadan ödəməlidir. Həmin tarixdən gec ödənildiyi halda, vergi borcu yaranarsa, o zaman Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən faiz hesablanır.
Bəzi vergi bəyannamələri ilə bağlı vergi ödəyicisi fəaliyyətini dayandırdığı halda, onun 30 gün müddətində bəyannamə təqdim etmək öhdəliyi var. Sadələşdirilmiş vergi bəyananməsi üzrə isə belə tələb müəyyən edilməyib.
Vergi Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.
Misal 2: Vergi ödəyicisi 1 fevral tarixdən 2 il müddətinə fəaliyyətinin müvəqqəti dayandırılması haqqında vergi orqanına ərizə ilə müraciət edib. Bu halda, vergi ödəyicisi 20 aprel tarixindən gec olmayaraq vergi orqanına sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməlidir. Həmin bəyannamə üzrə dövr 1- 31 yanvar tarixlərini əhatə edəcək.
Vergi ödəyicisi sadələşdirilmiş vergi bəyannaməsi ilə bağlı bəzi mühüm məqamlara diqqət yetirməlidir.
Birinci məqam: Vergi ödəyicisinin sadələşdirilmiş vergi bəyannaməsinin "Verginin hesablanması" bölməsi üzrə aylıq məlumatları vergi orqanında həmin şəxsin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi - 200.000 manatın mənbəyi kimi istifadə edilir.
Misal 3: Vergi ödəyicisinin cari ilin 2-ci rübündə təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində aprel, may və iyun ayları üzrə təqdim etdiyi malların dəyəri, müvafiq olaraq, 12.000, 18.000 vǝ 20.000 manat təşkil edib. Vergi orqanı AVİS proqram təminatı vasitəsilə ötən dövrlər üzrə təqdim olunan bəyannamə göstəriciləri üzrə müəyyən edir ki, vergi ödəyicisi may ayında 18.000 manat məbləğində mal təqdim etdiyi üçün onun ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçib. Bu halda, vergi orqanı tərəfindən vergi ödəyicisinə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itirdiyi və ƏDV ödəyicisi kimi qeydiyyata alınması barədə bildiriş təqdim edilə bilər.
Bir daha xatırladaq ki, Vergi Məcələsində ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcminin 200.000 manatdan çox olmaması tələbi təqvim ili üzrə (1 yanvar-31 dekabr) yox, istənilən ardıcıl 12 ay üzrə nəzərdə tutulur.
İkinci məqam: Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə göstəriciləri ilə elekton qaimə-faktura göstəricilərinin üzləşdirilməsi zamanı rüb ərzində vergi ödəyicilərinə təqdim edilən mallar (xidmətlər) üzrə xüsusi çəkinin 30 faizdən çox olması müəyyən edilərsə, o zaman həmin şəxsin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ məhdudlaşdırılır.
Misal 4: Vergi ödəyicisi 2024-cü ilin 1-ci rübü üzrə 20.000 manat məbləğində xidmət göstərdiyini bildirib. AVİS sistemi müəyyən edir ki, həmin rüb üzrə vergi ödəyicisi qarşı tərəfə 8.000 manat məbləğində elekton qaimə-faktura təqdim edib. Bu halda, vergi orqanı vergi ödəyicisinə 1 aprel 2024-cü ildən sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun itirilməsi haqqında məlumat təqdim edəcək. Eyni yanaşma təqdim olunan mallara da aiddir.
Üçüncü məqam: Vergi ödəyicisinin sadələşdirilmiş vergi bəyannaməsində təqdim etdiyi malların (xidmətlərin) dəyəri həmin rüb üzrə təqdim olunan elektron qaimə-faktura və (və ya) yeni nəsil nəzarət-kassa aparatları üzrə çeklərin məbləğlərindən az olmamalıdır.
Misal 5: Vergi ödəyicisi cari ilin I rübü üzrə 20.000 manat məbləğində mal təqdim etsə də, AVİS sistemi müəyyənləşdirir ki, həmin dövr ərzində 4.000 manat məbləğində elektron qaimə-faktura və 17.000 manat məbləğində yeni nəsil kassa-nəzarət aparatı çeki vurulub. Bu zaman vergi orqanı tərəfindən kameral uyğunsuzluq bildirişi təqdim olunacaq.