EN

Kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər aşağı endirilib

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində heyvanların sığortası fermerlər üçün daha əlçatan olub. Belə ki, Aqrar Sığorta Fondunun İdarə Heyətinin qərarı ilə kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər aşağı endirilib.

Fondun məlumatına görə, indiyədək mal-qaranın sığortalanması üçün sığorta tarifləri seçilmiş sığorta zərfindən asılı olaraq heyvanın qiymətinin 5,2-8,2 faizi arasında dəyişirdi.

İdarə Heyətinin qərarı ilə iribuynuzlu heyvanların sığorta haqqı 5 faiz, xırdabuynuzlu heyvanların sığorta haqqı isə 10 faiz aşağı salınıb. Nəticədə iribuynuzlu mal-qara üçün 4,9-7,8 faizə, xırda buynuzlu heyvanlar üçün isə 4,65-7,37 faizə endirilib.

İndiyədək 1000 manatlıq xırdabuynuzlu heyvanın (inək və ya camışın) illik sığorta haqqı seçilmiş sığorta zərfindən asılı olaraq fermerə 26-41 manata başa gəlirdisə, indi bu rəqəm 25-39 manata enib.

Dəyişikliklər nəticəsində qiyməti 3000 manat olan inəklərin sığorta haqqı 77-123 manatdan yenilikdən sonra 73-117 manata endirilib, qiyməti 5000 manat olan heyvanların sığortası üçün isə fermerlər əvvəlki 129-205 manat əvəzinə 122-195 manat ödəyəcəklər.

Xırdabuynuzlu heyvanların sığorta haqqı daha çox – 10 faiz aşağı salınıb. Belə ki, indiyədək xırdabuynuzlu heyvanların sığortalanması üzrə illik sığorta tarifi 5,2-8,2 faiz arasında dəyişirdisə, indi bu rəqəm 4,6-7,4 faizə endirilib.

Nəticədə indiyədək 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçinin) illik sığorta haqqı fermerə 7,75-12,3 manata başa gəlirdisə, indi bu rəqəm 6,97-11 manata enib.

Qiyməti 500 manat olan qoyun və keçinin sığortası isə əvvəllər fermerlərə 13-20,4 manata başa gəldiyi halda, hazırda bu məbləğ 11,6-18,4 manata endirilib.

Heyvanları daha uzun müddətə – 2-3 illik sığorta etdikdə illik sığorta haqları daha aşağı olur.

Chosen
29
23
vergiler.az

10Sources