EN

Həbsdəki şəriki Elman Rüstəmovun 5 milyonluq kredit korrupsiyasını ifşa etdi - ŞOK MƏHKƏMƏ İŞİ  

 

Yasamal Məhkəməsində Mərkəzi Bankın sabiq sədri, hazırda baş nazirin müşaviri olan Elman Rüstəmovun adı keçən məhkəmə prosesi davam etdirilib.

Musavat.com xəbər verir ki, hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Elman Rüstəmovun tikinti məsələləri üzrə şəriki olmuş Azad Nağıyev ifadə verib.

Azad Nağıyevin hazırda hakim qarşısına çıxarılması 2013-cü ildə ona “Premium bank” və “Deka bank”dan hər birindən 2 milyon 500 min manat olmaqla, ümimilikdə 5 milyon manat istehlak kreditinin verilməsinə dayanır.

Həmin günlərdə Azad Nağıyev qeyri-rəsmi olaraq Elman Rüstəmova məxsus olan “Aqana servis” tikinti şirkətinin sahibi olub. Ona verilmiş tapşırıq əsasında inşa etdikləri binada vətəndaş Nizami Kərimova məxsus olan qeyri-yaşayış sahəsini ondan xəbərsiz banklara girov qoyub, ipoteka yüklü edilib. Məsələnin üstü açılandan sonra qeyri-yaşayış sahəsinin qanuni sahibi Nizami Kərimov hüquq-mühafizə orqanlarına, məhkəməyə üz tutub.

Tapşırıqla mənə 5 milyon manat istehlak krediti verildi!

Azad Nağıyev Yasamal Məhkəməsində sərbəst ifadə verərkən deyib ki,  Nizami Kərimova məxsus olan, 337 min manat dəyərləndirilməklə girov qoyulmuş qeyri-yaşayış sahəsinə görə ona “Premium bank”dan 2 milyon 500 min manat, “Deka bank”dan da eyni məbləğdə istehlak krediti verilib.

5 milyon manat kredit ona şəriki Elman Rüstəmovun tapşırığına əsasən verilib. “Premium bank”dan aldığı kreditin bölgüsündən danışan Azad Nağıyev deyib ki, 2 milyon 500 min manatın  1 milyon 500 minlik hissəsini bankdan çıxmadan, ona əvvəlcədən verilən tapşırığa əsasən Elman Rüstəmovun xalası oğlu Rəşad Quliyevin borcunun ödənməsinə sərf edib:

-Mərkəzi Bankın nə marağı vardı ki, mənə 2 milyon 500 və üstəlik 2 milyon 500 min əlavə kredit verirdi? Mən nə cinayət etmişəm? Kredit götürmək cinayətdir?

“O pulu kredit olaraq mən almışam, amma...”

Hakimin “Premium bank”ın sizə qarşı tələbi var, qəbul edirsiz”  sualına Azad Nağıyev “o pulu kredit olaraq mən almışam, amma...” cavabını verib. Deyib ki, krediti tapşırıq əsasında götürüb:

-Mən də dedim ki, gəlin, o krediti birgə ödəyək. Mən 6 il yatıram. 6 ildən sonra çıxdım. Mən pensiyaya çıxmışam. Ödəmə imkanım da yoxdur. Həbsdən çıxdım, o krediti necə ödəyəcəyəm? Əmlakım su qiymətinə satıldı. 2 milyonluq əmlakı 755 min dəyərləndirib satdılar, pulu da ötürdülər Mərkəzi banka. İmkan versəydilər, əmlakımı özüm 2 milyon manata satıb, pulu ödəyərdim. İmkan vermədilər, məni həbs etdirdilər. Nizami və Rasim Kərimovlar məhkəməmə gəldilər. Dedilər ki, həbsimi istəmirlər.

Azad Nağıyev çıxışının sonunda “Premium bank” nümayəndəsini nişan verərək “Məni bunlar tutdurdu” deyib.

“Əvəzindən 1 milyon 500 min manat borc ödədiyim şəxsi tanımırdım”

Bundan sonra Azad Nağıyevə Nizami Kərimovun vəkili bir neçə sual verdi:

-Krediti necə götürməniz barədə məhkəməyə ətraflı məlum verin.

- Tikinti ilə məşğul olduğumdan mən həmişə banklarla əlaqəli olmuşam. Mərkəzi Bankdan nümayəndə gəldi, təklif etdi ki, 5 milyon kredit versinlər. Həmin zaman mən artıq bütün borclarımı ödəmişdim, daha tikinti ilə məşğul olmaq istəmirdim. Xaricə gedib orada işləmək istəyirdim.  Mərkəzi Bankın nümayəndəsi 3-4 dəfə gəlib-getdi, eyni təklifi verdi. Sonda razılaşdım. Dedilər ki, krediti verirlər, 1 milyon 500 min manat borc var, onu ödə. Mən krediti götürüb  1 milyon 500 min manat borcu ödədim. Sonradan bildim ki, borcu mən ödəmişəm, amma sənədlərdə bankın hüquqşünasının ödədiyi kimi göstərilib. Bunlar əvvəldən elə mənə qarşı tələ qurublarmış. Mən əvəzindən 1 milyon 500 min manat borc ödədiyim şəxsi tanımırdım. Belə olan halda tanımadığım şəxsin əvəzinə niyə borc ödəməli idim?

5 milyon manat, 6.5 faizlə krediti saxta sənədlərlə, heç bir rəsmi gəliri olmayan şəxsə veriblər!

Onlar  əvvəlcə dedilər ki, “zaloq”un pulunu özləri ödəyəcəklər. 2 ilin tamamında isə özlərini elə apardılar ki, guya məni tanımırlar. Köhnədən mənə borcları da vardı. O borcu da dedim ki, kreditə ödəyin. Ödəmədilər, əvəzində məni tutdurdular.

-Mərkəzi bankdan gəlib sizə 5 milyon manat kredit təklifini kim etdi?

-İsmayıl adlı işçi idi.

-Cinayət işiniz üzrə ilkin izahatlarınızda Elman Rüstəmovun şəriki olduğunuzu göstərmisiniz. Sonradan isə onun adını çəkmirsiniz. Niyə?

Vəkilin sualına Mərkəzi Bankın nümayəndəsi etiraz edir.

Azad Nağıyev isə nümayəndənin diqqətinə çatdırdı ki, sual ona ünvanlanıb:

-Siz niyə etiraz edirsiz?

Nizami Kərimovun vəkili:

-Niyə ifadənizdən göstərişin kimdən gəldiyini, həmin şəxsin adının nə olduğunu demirsiz, ad çəkmirsiz?

Vəkilin sualına Mərkəzi Bankın nümayəndəsi etiraz edir.

Nizami Kərimovun digər vəkili Əkrəm Həsənov Azad Nağıyevə belə bir sual verdi:

-Siz “Deka bank”dan krediti niyə götürmüşdünüz?

-Dedilər ki, gəl götür, tikinti ilə məşğul ol.

-Sizə istehlak krediti verdilər?

-Bəli.

-Necə xərcləndi?

-Dedilər ki, Rəşad Quliyevin 1 milyon 500 min manat borcu var, həmin borcu ödə.

-Elman Rüstəmov demişdi ki, o borcu ödə?

-O dövrdə bina tikilirdi, 15-ci mərtəbəyə çatanda məni tutdular. 29 mənzili də Bakı Şəhər İcra Hakimiyyətinə verdim. Sonra da tutuldum.

-Sizə kredit verilərkən rəsmi gəliriniz haqda arayış tələb olundu?

Hakim Elman Rüstəmovla bağlı sualı çıxardı!

Vəkilin sualına yenidən Mərkəzi Bankın nümayəndəsi etiraz edir:

-Bu sualın cavabı bizə nə verir?

Əkrəm Həsənov:

-Siz ifşa edilməyinizi istəmirsiz. Ona görə də sual verib aydınlaşdırmağa da imkan vermirsiniz.

Hakim sualların davam etdirilməsini istəyir.

Əkrəm Həsənovun növbəti sualı belə oldu:

-Sizin 2 banka 5 milyon manat kredit qarşılığında girov qoyduğunuz əmlak baxış keçirilibmi? “Premium bank”ın, “Deka bank”ın nümayəndələri gəlib əmlaka baxış keçiriblər?

-Xeyr, heç bir bankın işçisi gəlmədi.

-Girov qoyulan əmlak kimə məxsus idi?

-Nizami Kərimova. Bank da bilirdi. Dedi ki, eybi yox, pulu biz ödəyəcəyik. Mən sonradan Rasim Kərimova da dedim ki, narahat olma, pulu Mərkəzi Bank özü ödəyəcək. Amma Mərkəzi Bank o pulu ödəmədi. Şikayət oldu. Məni tutdular. Onda bildim ki, bu iş əvvəldən elə qurulub ki, pul götürülsün, mən həbs olunum. Öyrəndim ki, 2 milyon 500 min manatı “Premium bank”dan götürəndən sonra 1 milyon 500 min manat ödədiyim borcu da mənim ödəməyimi göstərməyiblər. Borcun hüquqşünasın adından ödəndiyini yazıblar.

-Bəs niyə barənizdəki cinayət işində götürdüyünüz 5 milyon manat kreditin Elman Rüstəmov və onu müavini Avtandil Babayevin götürdüyünü demədiz?

Hakim vəkilin bu sualını çıxardı.

“Tələbi Elman Rüstəmov və Avtandil Babayevə qarşı irəli sürsünlər”

Bundan sonra Nizami Kərimovun vəkili Mərkəzi Bankın nümayəndəsinə bir neçə sual verdi. Məlum oldu ki, Mərkəzi Bank kreditorlara qarşı qanunla müəyyən edilmiş 90 gün ərzində tələb irəli sürməyib. Əkrəm Həsənov Mərkəzi Bank nümayəndəsinin diqqətinə çatdırıb ki, kreditorlara qarşı tələb irəli sürülməyibsə, sonradan belə tələb irəli sürülə bilməz. Təklif edib ki, reqres qaydasında tələbi Elman Rüstəmov və Avtandil Babayevə qarşı irəli sürsünlər.

Bu fikir vəkil Abbas Kərimbəylinin etirazına səbəb olub.

Kredit vicdansızlıqla verilib, kredit müqaviləsi əsassızdır!

Əkrəm Həsənov iki vəsatətlə çıxış edib:

-Mərkəzi Bankın, “Premium bank”ın  və “Deka bank”ın məhkəmədə mövqeyi belə oldu ki, Azad Nağıyev hamını aldadıb. Uşaqda fərasətə bax, hamını aldatdı!

Bankları aldatmaq mümkündür? Buna kim inanar? Tutaq ki, lap belə olub. 

Mərkəzi Bank özü kredit verilməsi qaydasını müəyyən edib. Həmin qaydalara görə şəxsə kredit verilməsi üçün onun rəsmi gəliri olmalıdır. Ona görə də “Premium bank” və “Deka bank”dan Azad Nağıyevə kredit verdikləri zaman onun rəsmi gəliri olması haqda arayışını məhkəməyə təqdim etsinlər.   

Mərkəzi Bank özü kredit əvəzi əmlakların girov götürülməsi qaydasını müəyyən edib. Həmin qaydalara görə girov götürülən əmlaka baxış keçirilməli, vəziyyəti müəyyən olunmalıdır.

Əgər Azad Nağıyevə kredit verilərkən Mərkəzi Bankın özünün müəyyən etdiyi bu qaydalara riayət olunmayıbsa, deməli kredit vicdansızlıqla verilib və bu halda qanunun tələbinə görə bağlanmış kredit müqaviləsi əsassızdır!

Əkrəm Həsənovun digər vəsatəti Elman Rüstəmovun xalası oğlu Rəşad Quliyevin məhkəməyə çağırılaraq dindirilməsi ilə bağlı oldu. Hakim yerindəcə müşavirə keçirib və vəsatətləri təmin etməyib.

Bundan sonra hakim işin mahiyyəti üzrə baxılmasına dayandırılmasını müzakirəyə çıxardı. Nizami Kərimovu vəkillərinin etirazına baxmayaraq işin mahiyyəti üzrə baxılması dayandırıldı və çıxışlara keçid qərarı verildi.

“Premium bank”ın nümayəndəsi çıxışında Azad Nağıyevə qarşı pul tələbinin girov qoyulmuş əmlaka yönəldilməsini istədi.

Nizami Kərimovun vəkili isə “Premium bank”ın nümayəndəsinin tələbinin əsassız olduğunu, bu səbəbdən təmin edilməməsini xahiş etdi:

-Banklar Azad Nağıyevə kredit verərkən onun girov qoyduğu əmlakın Nizami Kərimova məxsus olduğunu biliblər. Belə bir halda tələbin əmlaka yönəldilməsi təmin edilə bilməz. Ona görə də iddia tələbi bu hissədə baxılmamış saxlanılmalıdır.

“Bu nağıla kim inanar?”

Nizami Kərimovun vəkili Əkrəm Həsənov məhkəmənin tam, hərtərəfli, obyektiv araşdırmadan uzaq olduğunu dedi:

-Banklardan Azad Nağıyevə verilmiş kreditin dosyesi tələb olunub məhkəmədə araşdırılmadı. Bu gün də burada elə danışılır ki, guya Azad Nağıyev hamını aldatmaqla 5 milyon manat kredit alıb. Bankları aldatmaq olar? Gedib 10 min manat istehlak krediti istəsək, bizdən əlbəttə ki, gəlirlərimiz haqda rəsmi sənəd istəyəcəklər. “Premium bank” isə Azad Nağıyevə 2 milyon 500 min manat kredit verib, amma rəsmi gəliri haqda arayış tələb etməyib! Bu sənəd kredit dosyesində yoxdursa, deməli kredit qanunsuz verilib. Kredit müqaviləsi qanunsuzdursa, girov təminatı da  əsassızdır. Azad Nağıyevə verilən kredit korrupsiya məqsədləri üçün verilən kreditdir!

Mərkəzi bank 2 banka hər birinə 2 milyon 500 min manat olmaqla,  5.25 faizlə kredit verib. Həmin banklar da o pulun üstünə 1 faiz qoyub kredit veriblər. Bu nağıla kim inanar?

10 il əvvəl də, 10 il sonra da bu şərtlərlə kredit verilməyib, verilməyəcək də! Hamı bilir ki, bizdə belə kredit verilmir! Aydındır ki, o iki bankın birbaşa korrupsiya məqsədləri olmayıb. Onlara Mərkəzi Bankdan zəng gəlib. Bunu Elman Rüstəmov və Avtandil Babayev edib. Kredit verilməsi qaydalarını Mərkəzi Bank özü müəyyən edib. Özü də özünə hörmət etməyib, özünün müəyyən etdiyi qaydalara əməl etməyib.Nizami Kərimova məxsus əmlakı saxta yolla girov qoyublar. Ona görə də girov qoyularkən gəlib əmlaka baxış keçirməyiblər. Əgər əmlaka baxış keçirilsəydi, əlbəttə ki, biz obyektə gələn bank nümayəndələrindən nə etdiklərini xəbər alacaqdıq və  cinayətin üstü açılacaqdı. Ona görə də bağlanmış ipoteka krediti tam qanunsuzdur, çünki vicdansızlıqla bağlanıb. Elman Rüstəmovla Avtandil Babayev qanunsuz kredit veriblər. Həmin kreditdən Elman Rüstəmovun xalası oğlu Rəşad Quliyevin 1 milyon 500 min manat borcu ödənilib. Məhkəmənin bu məsələləri nəzərə almasını xahiş edirəm.

Növbəti məhkəmə prosesi dekabrın 9-na təyin olunub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Chosen
37
14
musavat.com

10Sources