EN

Qərbi azərbaycanlıların qayıdışının dəqiq hüquqi statusunu Prezident müəyyən etdi- insan haqları...

Image

Məlahət İbrahimqızı: “Qərbi Azərbaycan qaçqınlarının hər biri öz haqlı işində mübarizəsini davam etdirəcək”

“Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir”. 

Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.  Dövlət başçısı diqqətə çatdırıb ki, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. “Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir”, - deyə Azərbaycan Prezidenti bildirib.

Qərbi Azərbaycan İcmasının məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunması sırf insan haqları məsələsidir.

“Azərbaycan xalqı Qərbi Azərbaycanın hüquqlarının bərpası ilə də bağlı bir yumruq olacaq”

Millət vəkili Məlahət İbrahimqızı “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, 5 dekabr tarixində “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans keçirilib. Bu konfrans olduqca yüksək səviyyədə hazırlanmışdı: “Dünyanın 50-dən çox ölkəsindən tanınmış ictimai siyasi xadimlər, millət vəkilləri, hüquq müdafiəçiləri bu konfransda iştirak edirdi. Məlumdur ki, Qərbi azərbaycanlıların geri dönüş məsələsi Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Konfrans iştirakçılarına Prezident İlham Əliyevin müraciəti ünvanlandı. Bəllidir ki, dünyanın bir çox ölkələrində qaçqın problem var. Bu gün dünyada 200 milyondan çox qaçqın var, onların arasında azərbaycanlılar da var. Qaçqın insanların hüquqları ilə bağlı bir sıra beynəlxalq sənədlər qəbul olunub. Onların geri qayıdışı, mülk, yaşayış, təhsil hüquqları ilə bağlı qanunvericilik var. Qərbi Azərbaycan qaçqınları da beynəlxalq hüquq çərçivəsində öz tapdalanmış hüquqlarının bərpası ilə bağlı mübarizə aparır. Prezident İlham Əliyevin müraciətində qaçqınların geri qayıtması funtamental insan hüquqları kimi  vurğulanır. Bu, Beynəlxalq İnsan Hüquqları haqqında bəyannamədə də qeyd edilir. Qərbi Azərbaycan qaçqınlarının hər biri öz haqlı işində mübarizəsini davam etdirəcək. Ermənistan hökuməti bu işə reaksiya verənə qədər mübarizə davam etdiriləcək”.

Xanım millət vəkili təəssüf hissilə bildirdi ki, Qərbi Azərbaycan İcması yarandığı gündən dünyanın bir çox ölkələrinin parlamentinə, beynəlxalq təşkilatlara müraciət göndərsə də, doğru cavab verilməyib: “Ermənistan dövləti günü bu gün də öz ampluasındadır. Bu dövlət 30 il Azərbaycan dövlətini işğal altında saxladı, Xocalı soyqırımını törətdi, abidələri məhv etdi. Eyni ilə 1987-1991-ci illərdə Qərbi Azərbaycanın rayon və kəndlərində kompakt yaşayan soydaşlarımız ağır şərtdə, qış ayında meşədən, dağdan-dərədən keçərək Azərbaycana gəlib. Bu, insanlığa qarşı cinayətdir. Bugünə qədər bugünki Ermənistan Qarabağ problemini, Qərbi Azərbaycan məsələsini ört-basdır etməyə çalışırdı, özlərini zülm, əziyyət görən xalq kimi tanıdırdılar. Haqq-ədalət öz yerini tapmalı idi, artıq dünya erməni riyakarlığı ilə tanışdır. Hesab edirəm ki, Azərbaycan xalqı Qərbi Azərbaycanın hüquqlarının bərpası ilə də bağlı bir yumruq olacaq”.

Günel CƏLİLOVA





Chosen
100
50
baki-xeber.com

10Sources