EN

Basketbol: “Naxçıvan” son çempionla bacarmadı

Bu gün Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünün 5-ci turunun mərkəzi qarşılaşması keçirilib.

Arena.az xəbər verir ki, A qrupunun liderləri – “Naxçıvan” və “Sabah” komandaları üz-üzə gəliblər.

Hələ xal itirməyən klubların duelində çempion çətin qələbə qazanıb. Böyük hissəyə 11 xal fərqi ilə üstün yollanan Rimas Kurtinaytisin komandası 3-cü dövrədə fərqin azalmasına imkan verib. “Naxçıvan” oyunun sonuna yaxın 3 xal fərqi ilə önə keçsə də, “Sabah” təcrübə hesabına qələbə qazanaraq vahid liderliyə yüksəlib.

Xatırladaq ki, turun açılış matçında “Ordu” “Quba”ya 75:101 hesabı ilə uduzub. Ardınca “Sərhədçi” NTD-ni 84:79, “Abşeron” isə “Neftçi”ni 72:56 hesabı ilə məğlub edib. Sabah “Sumqayıt” “Gəncə”ni sınağa çəkəcək. Tura dekabrın 8-də keçiriləcək “Şəki” – “Lənkəran” matçı ilə yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
A qrupu, 5-ci tur
6 dekabr

“Naxçıvan” – “Sabah” – 74:75 (19:27, 14:17, 26:16, 15:15)
“Sərhədçi” İdman Mərkəzi.

Xallar: Sabah – 10. Naxçıvan – 9. Sərhədçi – 8. Abşeron – 7. NTD – 6. Neftçi – 5.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Chosen
18
11
arena.az

10Sources