Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putindən Rusiyanın ən son silahlarını, o cümlədən “Oreşnik” vallistik raket sistemini Belarus ərazisində yerləşdirməyi xahiş edib.
"Unikal" xəbər verir ki, bu barədə o, dünən Minskdə İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasının yekununda bildirib.
"Rusiya bu yaxınlarda uğurla “Oreşnik"i işə saldı, bu, bizim keçmiş tərəfdaşlarımıza və indiki rəqiblərimizə müəyyən təsir göstərdi, bunu həyasızlıq kimi qəbul etməyin, amma sizdən açıq şəkildə xahiş etmək istəyirəm ki, Belarus ərazisinə yeni silah sistemləri, ilk növbədə, “Oreşnik” yerləşdirilsin", - Lukaşenko deyib.
Onun sözlərinə görə, bu, artıq Belarusa qarşı döyüşməyə hazır olan bəzi zehinləri ciddi şəkildə sakitləşdirəcək.
Rusiya Federasiyasının prezidenti də öz növbəsində qeyd edib ki, “Oreşnik”in respublikada 2025-ci ilin ikinci yarısında yerləşdirilməsini mümkün hesab edir: "Bu vaxta qədər, ilkin hesablamalarımıza görə, bu komplekslər Rusiya Strateji Raket Qüvvələri ilə birlikdə istifadəyə veriləcək və eyni zamanda, biz onların Belarus ərazisində yerləşdirilməsinə başlayacağıq".
Ağarza Elçinoğlu