Fərid Abdulla: “Əgər bir termini istifadə etməkdə dini inanca qarşı hörmətsizlik niyyəti yoxdursa, bu, İslamın dəyərlərinə zidd sayılmaz”
ABŞ-də Şükran Günündən bir gün sonra, “Qara Cümə günü” adlanırılan gün amerikalıların ümumi onlayn alışları yeni rekorda çatıb. Adobe Analytics-in hesabatına əsasən, həmin gün xərclər 10,8 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 10,2 faiz çoxdur.
Amerikalıların ən çox aldıqları oyuncaqlar, o cümlədən Harry Potter temalı LEGO dəstləri, Disney şahzadə kuklaları, Cookeez Makery çörək dəstləri və PlayStation 5, Xbox Series X və Nintendo Switch OLED oyun konsolları olub. MasterCard ödəniş sisteminin hesablamalarına əsasən “Qara Cümə” günü onlayn pərakəndə satışlar 14,6 faiz, fiziki mağazalarda 0,7 faiz artıb. SpendingPulse hesabatına görə, pərakəndə satışda ümumi artım 3,4 faiz təşkil edib. Hesablamalar MasterCard sistemindən istifadə edilən alışlara və digər ödəniş növlərinin həcminin təxminlərinə əsaslanır.
Bəs müsəlmanlar üçün əziz olan bir gün niyə “Qara cümə” adlandırılır? Burada islam aləmini aşağılamaq cəhdi, məramı yoxdur ki? Bu ifadə kim tərəfindən ortaya atılıb, necə yaranıb?
Qeyd edək ki, “Qara Cümə” (Black Friday) ifadəsi ilk dəfə 1869-cu ildə istifadə edilib və o zaman maliyyə böhranını və qızıl qiymətlərinin düşməsini təsvir etmək üçün istifadə olunub. Lakin “Qara Cümə” termini müasir ticarət mənafeləri ilə əlaqələndirilməzdən əvvəl Filadelfiya şəhərində 1950-ci illərdə, şəhərin polis idarəsi tərəfindən daha çox tıxaclar və izdihamın meydana gəldiyi günü təsvir etmək üçün istifadə olunurdu.
Ticarət sahəsi bu termini 1980-ci illərdə daha müsbət mənada dəyişdirməyə başladı və beləliklə, “Qara Cümə” pərakəndə satışlarının “qırmızıdan qaraya” keçdiyi, yəni müəssisələrin il ərzindəki zərərdən karlı vəziyyətə gəldiyi bir gün olaraq populyarlaşdı. Bu dəyişiklik, onu bir alış-veriş bayramına çevirdi.
İlahiyyatçı Fərid Abdulla mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Qara Cümə" termini ABŞ-da hər il noyabr ayının dördüncü cümə axşamı (Şükranlıq Günü) günündən sonra gələn cümə gününə aiddir. Bu gün adətən böyük endirim kampaniyaları ilə əlaqələndirilir.
Niyə məhz Qara? Buna müxtəlif cəhətlərdən izahlar verilməyə çalışılıb. Bu məsələ iqtisadi olduğu üçün, iqtisadi nəzərlərə baxaq: Birincisi odur ki, əvvəllər mühasibat işlərində mənfəət “qara mürəkkəb”lə, zərər isə “qırmızı mürəkkəb”lə qeyd olunurdu. Endirim günləri ticarət həcmini artırdığı üçün mağazaların zərərləri qara rəqəmlərə çevrilirdi. Başqa bir versiya budur ki, Filadelfiya polisi Şükranlıq Günündən sonra yaranan sıxlıq və xaos səbəbindən bu günü “Qara Cümə” adlandırırdı.
Bəli, bəzi mədəniyyətlərdə və dini inanclarda cümə günü bəd gün kimi qəbul edilib. Məsələn, Xristianlıqda İsa Peyğəmbərin çarmıxa çəkildiyi gün bəzi mənbələrdə “Qara Cümə” adlandırılır.
Lakin “Qara Cümə” termininin İslamla birbaşa və ya məqsədli olaraq ziddiyyət təşkil etdiyini düşünmək üçün ciddi əsaslar yoxdur. Bəli, İslamda cümə günü çox xüsusi və mübarək sayılır. Hətta Quranda “Cümə” surəsi də var.
“Qara Cümə” termininin əsas mənşəyi isə Şimali Amerikada kommersiya və iqtisadiyyatla bağlıdır. Bunun İslamı və ya dini inancları aşağılaması məqsədilə ortaya çıxdığına dair heç bir tarixi dəlil yoxdur. Bu, daha çox müasir dövrün istehlak mədəniyyətinin bir ifadəsidir. Son illərdə bizim də iqtisadi aləmimizə sirayət edib. Müsəlmanlarda Cümə gününün özəlliyi hər cüməyə aiddir. Lakin iqtisadi “Qara cümə” ifadəsi isə yalnız müəyyən günə aiddir. Deməli, İslamla bunu qarşı-qarşıya qoymaq düz sayılmaz, məncə
İslam niyyətə və məqsədə böyük əhəmiyyət verir. Əgər bir termini istifadə etməkdə dini inanca qarşı hörmətsizlik niyyəti yoxdursa, bu, İslamın dəyərlərinə zidd sayılmaz".