EN

NATO 2028-ci ildə yeni kibermüdafiə mərkəzini işə salacaq

Rəqəmsal məkanda təhdidlərin monitorinqi və onların dəf edilməsi ilə məşğul olacaq yeni birgə kibermüdafiə mərkəzi 2028-ci ildə NATO tərəfindən istifadəyə veriləcək.

AZƏRTAC “Breaking Defence” nəşrinə istinadla xəbər verir ki, bu barədə Kiberrisklərin idarə olunması departamentinin rəhbəri Stefano Pyermaroççi məlumat verib.

“Bu mərkəz bizə təhdidləri necə izlədiyimizi, müəssisələrə hücumlara necə nəzarət etdiyimizi və riskləri necə idarə etdiyimizi daha yaxşı birləşdirməyə imkan verəcək. Beləliklə, bu, müəyyən proseslərin yerinə yetirilməsini asanlaşdırmaq və onların müəssisənin özünün təhlükəsizlik səviyyəsinə uyğun olmasını təmin etmək yoludur”, - deyə o bildirib.

Pyermaroççi qeyd edib ki, bu, prosesləri sürətləndirməyə və müxtəlif ölkələrin nümayəndələri ilə ünsiyyəti gücləndirməyə kömək edəcək. Departament rəhbərinin diqqət yetirdiyi təşkilati maneələrdən biri ixtisaslı kadrların seçilməsidir. Bütün cəlb olunan kadrlar Alyansın 32 dövlətində razılaşmadan keçməli olacaqlar.

Qeyd edək ki, sentyabr ayında NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələr üçün birbaşa hərbi təhlükə görmədiyini, lakin davamlı olaraq terror, kiberhücumlar və təxribat təhlükəsinin mövcud olduğunu bildirmişdi.

Fevral ayında DPA agentliyi NATO nümayəndəsinə istinadən Şimali Atlantika Alyansının internet saytlarının haker hücumuna məruz qaldığı barədə məlumat yaymışdı. Qeyd olunurdu ki, xüsusi əməliyyat qüvvələrinin qərargahının portalı da hakerlərin hədəfinə çevrilib. Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında alyansın resurslarına kiberhücumlar barədə məlumatı təsdiqləyib.

Chosen
7
3
xezerxeber.az

4Sources