Dekabrın 7-də ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusuna həsr olunmuş beynəlxalq dəyirmi masa keçirilib.
Referans.az xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Əhmədov və Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay açıblar. Natiqlər çıxışlarında Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinə toxunaraq, strateji tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd ediblər. Onlar ictimai diplomatiyanın müasir dövrdə dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və mədəniyyətlərarası dialoqun inkişafındakı mühüm rolunu vurğulayıblar.
Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafından söz açan Əli Əhmədov vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin bərpası, xalqımız üçün tarixi bir nemət olduğu kimi, həm də iki ölkə arasındakı qardaşlıq münasibətlərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O qeyd edib: “Bu inkişaf təkcə iki ölkə arasında deyil, həm də beynəlxalq münasibətlər sistemində onların nüfuzunun artmasına və qlobal arenada daha fəal mövqe tutmalarına imkan yaradıb”.
Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay çıxışında Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və strateji tərəfdaşlığın bütün siyasi məsələlərin fövqündə durduğunu və milli maraqlar çərçivəsində qiymətləndirildiyini bildirib. O, bu münasibətlərin yalnız iki ölkə üçün deyil, bütövlükdə türk dünyası üçün mühüm töhfələr verdiyini vurğulayıb. Komitə sədri, eyni zamanda, Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyinə toxunaraq, regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin önəmini qeyd edib. Fuat Oktay diqqətə çatdırıb ki, bu il Azərbaycan parlamentinin 106-cı ildönümü ilə yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk dəfə seçkilərin keçirilməsi ilə əlamətdardır: “Bu, ölkənin demokratik inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. İlk dəfə olaraq azad edilmiş ərazilərdə xalqın iradəsi seçkilər vasitəsilə parlamentə əks olunub. Bu proses Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi və demokratik dəyərlərin təntənəsi baxımından xüsusi əhəmiyyət kəsb edir”, - deyə o əlavə edib.
Sonra tədbir Milli Məclisinin deputatı, Elm və təhsil komitəsinin sədr müavini, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə davam edib.
"Parlamentlərin İctimai Diplomatiyada Rolu" adlı paneldə əsas məruzəçi kimi çıxış edən Milli Məclis Sədrinin müavini Ziyafət Əsgərov tədbirin əhəmiyyətini vurğulayaraq, müasir dövrdə parlamentlərin ictimai diplomatiyada oynadığı mühüm rolu geniş təhlil edib. Paneldə çıxış edən digər natiqlər – Milli Məclis Sədrinin müavinləri Rafael Hüseynov, Musa Qasımlı, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, sədr müavini Nigar Arpadarai, TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini Orhan Erdem, parlamentin Türkiyə-Avropa İttifaqı Birgə Parlament Komitəsinin həmsədrinin müavini Konur Alp Koçak, eləcə də millət vəkilləri Nurhayat Altaca Kayışoğlu, Ali Öztunç, Metin Ergun və Büşra Paker öz çıxışlarında ölkələrarası əməkdaşlıq və parlamentlərin xalq diplomatiyasındakı rolu barədə fikirlər səsləndiriblər.
Dəyirmi masada Azərbaycan və Türkiyə parlamentlərinin ictimai diplomatiya sahəsində təcrübəsi ətraflı müzakirə edilib, həmçinin əməkdaşlığın təşviqinə töhfə verən təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Panel iştirakçılarının çıxışları səmərəli fikir mübadiləsinə və əməkdaşlığın yeni yollarının müəyyən edilməsinə zəmin yaradıb.
Tədbirin sonunda parlamentarilər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin, qanunverici orqanların ictimai diplomatiyadakı rolunun gücləndirilməsinin və bu sahədə əməkdaşlığın davam etdirilməsinin regional və qlobal sabitliyin təmin olunmasına mühüm töhfə verə biləcəyini vurğulayıblar. İştirakçılar, əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində razılığa gələrək, dəyirmi masanı gələcək əməkdaşlıq perspektivlərinin və fəaliyyət planlarının müzakirəsi üçün mühüm bir platforma kimi qiymətləndiriblər./Teleqraf.com