EN

Qurban Qurbanov: “Futbolçularda bir az yorğunluq hiss olunur”

Misli Premyer Liqasının XVI turunun "Sabah" - "Qarabağ" matçından (1:1) sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

"Futbolçularıma təşəkkür edirəm. Son dəqiqələrdə tam istədiyim oyun oldu. Oyunu iki hissəyə bölərdim. İlk hissədə və ikinci hissənin əvvəlində temp aşağı idi. Rəqib də buna səbəb oldu. İlk dəqiqələrdə fərqli oyun üslubu seçmişdi. Bizim futbolçular da o tempə öyrəşdilər. İkinci hissədə azarkeşlər üçün daha maraqlı futbol oldu. Rəqibin hücum xətti çox bacarıqlıdır. Bu gün hər iki komanda qalib gələ bilərdi. Bəlkə də ədalətli nəticə bərabərlikdir. Ağır qrafikdəyik. Futbolçularda bir az yorğunluq hiss olunur".

- Heyətdə rotasiyalar etməyinizin səbəbi nə idi?

- "Qəbələ" ilə kubok matçında da dəyişikliklər etmişdik. Futbolçulara görə bir az ehtiyatlanırıq. Kevin Medina fiziki cəhətdən ən hazırlıqlı oyunçularımızdan idi. 2 oyunu 90 dəqiqə oynadı və əzələ problemi oldu. Avropa oyunlarında temp başqadır. Bu gün bəlkə də hücum xəttini gücləndirməli idim, amma Bədavini Bəhlulla əvəzlədim. Heç bir futbolçunu ritmdən salmaq istəmirik. Futbolçuların durumuna görə belə addım atmışdıq.

- Yassin Benzia bu gün dayaq yarımmüdafiəçisi mövqeyində oynayırdı. Bu, nə ilə bağlı idi?

- Sistem öz yerində idi. Sadəcə o zonaya Benzianı çəkdik. Standart vəziyyətləri düşünürdük. Onu başqa matçlarda da həmin mövqedə oynatmışıq.

- Vasili Berezutski sizi təəccübləndirə bildi?

- Mənim hər hansı fikir söyləməyim hələ tezdir. Onun meydandakı düşüncələrini görmək üçün qarşıdakı oyunları izləməliyik. Düzünü desəm, heyəti görəndə bir az təəccübləndim.

- Bugünkü oyunda "Elfsborq"la matçı nəzərə almışdız?

- Futbolçuların hazır olması lazımdır. Biz hələ rəqibi tam təhlil etdikdən sonra nəsə deyə bilərik. Hələ iki məşqimiz olacaq. Sırf onlarla matçın oyun planı üçün bu gün nəsə etmədik.

- Juninyonun əvəzlənməsi yorğunluqla bağlı idi?

- Yox. Oyunun gedişatı və limitlə bağlı idi. Nəriman da sağda yorulmuşdu. Ona görə Kaşuku sağ cinaha buraxdıq və Nərimanı mərkəzə çəkdik.

- Məşqlərdə futbolçulara uzaqdan zərbələrin üzərində işləməyi tapşırırsız?

- Tapşırırıq, məşq edirik.

- "Araz-Naxçıvan" Premyer Liqanın lideridir. Onlarla rəqabəti hiss edirsiz?

- Liderdirlər. Əsas bu cür komandalardan ehtiyat etmək lazımdır. Sakit öz işlərini görürlər. Buna sevinirəm, Elmar Baxşıyevə uğurlar arzulayıram, ciddi iş görülüb. Onların oyununu tam analiz etməyə hələ ki, vaxtım yoxdur. Amma mənim üçün çox maraqlıdır. Onlarla matça kimi yaxşı təhlil etməliyik

“Araz-Naxçıvan”dan növbəti qələbə - YENİLƏNİB

AFFA “Turan Tovuz” və “Kəpəz”i cəzalandırdı

“Sumqayıt”ın prezidenti məhkəməni aldadıb

Rahilin komandası növbəti dəfə məğlub oldu

Emreli oynadı, komandası məğlub oldu

Chosen
34
15
apasport.az

10Sources