EN

Əməkdar rəssam İsa Məmmədovun xatirəsinə həsr olunmuş "Baki mənzərələri" adlı fərdi sərgi açıldı - FOTO

2024-cü il, dekabrın 6-da saat 18:00-da Muzey Mərkəzində Azərbaycanın Əməkdar rəssamı İsa Məmmədovun xatirəsinə həsr olunmuş "Bakı mənzərələri" adlı fərdi sərginin açılışı keçirilib. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Muzey Mərkəzi, Azərbaycan Rəssamlar İttifaqı və Qərbi Azərbaycan İcmasının dəstəyi ilə təşkil olunub.

Azərbaycanın Əməkdar rəssamı İsa Məmmədov Zəngəzur rayonunda, Qafan şəhəri yaxınlığındakı kiçik bir kənddə anadan olmuşdur. Gələcək rəssamın böyüdüyü mühitə yazda parlaq rənglərə bürünən dağ yamacları, göllər, yaşıl dərələr xüsusi çalar bəxş edirdi. O, 1974-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olduqdan sonra Bakıya köçmüşdür. Lakin bununla belə, uşaqlıq və gənclik illərini keçirdiyi yerlərin xatirəsi heç vaxt onu tərk etməmişdir. Ətəklərindən gur çayların axdığı sıldırım qayalar, dar dərələr, müxtəlif növ ağac və kolların sıx, keçilməz meşə zolaqlarına qovuşduğu qalın ağaclıqlar... Gələcək rəssamın təxəyyülünün formalaşdığı mühit, nə vaxtsa paylaşmaq, gördüyü və Yer üzündə mövcud olan Cənnətin necə olduğunu hər kəsə göstərmək arzusu bax bundan ibarət idi.

Böyük şəhərdə məskunlaşan İsa Məmmədov tez-tez Azərbaycanın bölgələrinə səfərlər edirdi. Quba, Xaçmaz, İsmayıllı onun xüsusilə sevdiyi yerlər idi. Burada, Baş Qafqaz dağ silsiləsinin yamaclarında o, uşaqlıqdan ruhuna tanış olan mühitə qərq olmağı sevirdi. Çünki yalnız burada özünü evdəki kimi rahat hiss edir və yalnız burada - təbiətlə təklikdə, həqiqətən də, xoşbəxt olurdu. İsa Məmmədovun yaratdığı, hava və gün işığı ilə dolu olan mənzərələrə baxdıqda insanın ağlına gələn açar söz, çox güman ki, budur - Xoşbəxtlik!

Onun üçün hər bir rəsm əsəri "təbiətə açılan pəncərə" mahiyyəti daşıyır. Azərbaycan torpağını başdan-başa gəzən, tapdanmamış cığırlarla addımlayan rəssam sanki rənglərlə, kölgələrlə, parlaq işıqla dolu olan bu dünyanı dönə-dönə kəşf edir və hər bir yeni motivi - talanı, ağacı, dərəni öz əsərlərində şəxsi qavrayışı, fərdi interpretasiyası ilə rəngləndirərək canlandırırdı. O, tələsmədən, ştrix arxasınca ştrix vuraraq ifadəli təsviri sənətin ənənəvi vasitələrindən - fırça toxunuşunun gücündən, rəngin və işığın intensivliyindən, aydın, yaxşı qurulmuş kompozisiyadan məharətlə istifadə edir, özünün şəxsi, "ikinci" reallığını yaradırdı. Hətta şəhər, səs-küylü şəhər mühiti belə onun rəsmlərində öz daxili həyatını yaşayan xüsusi bir orqanizmə çevrilirdi! O da heyrət doğurur ki, rəssamın əsərləri arasında çoxsaylı şəhər mənzərələri həm şəhərin səs-küyündən, həm də istənilən böyük şəhərə xas olan həyat ritminin sərtliyindən tamamilə məhrumdur... Memarlıq abidələri, şəhər mühitinin istənilən elementi, o cümlədən də yoldan keçən insanlar kətanın yüngül işıqlı-yayğın çaları ilə qaynayıb-qarışır və bununla da, rəssamın təxəyyülünün məhsulu olan ilğımlara çevrilərək onları əhatə edən mənzərənin bir parçası olurlar.

Rəssam nə çəkirsə çəksin  - təbiətin, yaxud Bakının sevimli guşələrini - hər şey onun bizə, tamaşaçılara ötürməyi bacardığı həyəcan dolu münasibəti, sevgisi, hərarəti ilə seçilir. İsa Məmmədov kəşf etdiyi və canlandırdığı hər bir motivin doğma bir insan kimi ona çox əziz olduğunu tez-tez qeyd edirdi. Hər bir motiv individual idi və təsvir olunan obraza məhz bu cür yanaşma onun yaradıcılığının əsasını təşkil edirdi.
Realist baxışla gücləndirilmiş impressionist üslub bu sənətkara təbiətin hər bir guşəsindən açıq şəkildə zövq almağa imkan verirdi. Rəssam müsahibələrinin birində öz yaradıcılıq kredosunu bu cür açıqlamışdır: təbiət hər zaman öz-özlüyündə gözəldir və ona hər hansı bir xüsusi effektlər calamağa ehtiyac yoxdur. Əksinə, motivin özündə olanı tapmaq və vurğulamaq daha vacibdir.

İsa Məmmədovun mənzərələri onun öz daxili vəziyyəti ilə bağlı olan və rəssamla təbiət arasındakı çox şəxsi bir dialoqu ifadə edir. Onun üslubu tanınandır, tərzi individualdır. Bu, təbiəti dinləyən və eşidən bir sənətkarın yaradıcılıq üslubudur. Bu və ya digər motivi canlandırarkən o, açıq havada işləyərək hər zaman daha dərinlərə enir, sanki təbiətin özündən öyrənir, onun ayrılmaz bir elementinə çevrilir. Rəssamın peyzajları, sadəcə, təbiətin təsviri deyil, eyni zamanda da onun mahiyyətinin reproduksiyasıdır. O, ətraf aləmi hiss edir, dərk edir, "oxuyur" və əsərlərinin daxili dinamikası, canlı ştrixləri, daim dəyişən rəng çalarları elə bir təəssürat yaradır ki, sanki onlar təbiətin, torpağın canlı, təbii rəngləri ilə dolğunlaşdırılmışdır.

Təəssüf ki, insanlar içində yaşadığımız ekosistemin bizim üçün nə qədər vacib olduğunu heç də hər zaman dərk etmirlər. Zibil tullantıları və dənizlərin, göllərin tamamilə çirklənməsi, meşələrin qırılması, atmosferə sistematik olaraq zəhərli qazların, dünya okeanı sularına ölümcül kimyəvi maddələrin atılması, hansısa qiymətli mikroelementlərin əldə olunması üçün landşaftın məhv edilməsi...

Qlobal iqlim dəyişikliyinə səbəb olan bütün bunlar və bu prosesin bütün planet üçün təhlükəli nəticələri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının bu yaxınlarda Bakıda böyük uğurla keçirilmiş 29-cu sessiyasında müzakirə olunub. 80-dən çox ölkənin liderləri  Vətənimizin paytaxtına toplaşaraq birgə səylərlə planetimizi - ümumi Evimizi necə xilas edə biləcəyimizi bir yerdə düşünərək müzakirə ediblər.

Dövlətimiz "yaşıl iqtisadiyyat", o cümlədən "yaşıl enerji" strategiyasının prinsiplərinə ardıcıl şəkildə və israrla əməl edir. COP29 Konfransının Azərbaycanda keçirilməsi faktının özü də ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin dünya ictimaiyyəti tərəfindən etiraf edilməsinin sübutudur.

2024-cü il Azərbaycanda "Yaşıl Dünya üçün Həmrəylik İli" elan edilmişdir. Davamlı inkişaf, ekologiya və ətraf mühitə hörmət hər birimiz üçün prioritet məsələlər olmalıdır. Ancaq təbiət və insan bir-biri ilə barış və harmoniya içərisində yan-yana yaşadığı zaman biz cəmiyyəti sağlamlaşdıra bilərik.
Bəs təbiəti qorumaq, planetimizi xilas etmək üçün bizim hər birimiz ayrı-ayrılıqda nə edə bilərik? Məsələn, rəssamlar bu istiqamətdə nə edə bilər? Yəqin ki, hər gün, hər saat hər kəsə Yer kürəsinin nə qədər gözəl olduğunu təkrar-təkrar xatırlatmaq olar.

Min illərdir ki, dünyanın müxtəlif xalqları Cənnət arzusu ilə yaşayırlar, elm adamları isə əfsanələrdə təsvir olunan Cənnətin Yer üzündə mövcud ola biləcək konkret ünvanını axtarırlar. Bəlkə də, o elə burada, bizim yaxınlığımızdadır və rəssamlar da israrla bu həqiqəti bizə çatdırmağa çalışırlar! Bəli, Yer kürəsi gözəldir və Cənnət də... ətrafımızdadır... Kim bilir, bəlkə də, bizlərdən biri olan sənətkarın, doğma təbiətin yorulmaz tərənnümçüsü İsa Məmmədovun missiyası da elə bundan ibarət olmuşdur?
Mətndə Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilarə Vahabovanın "Ürəkdən yaradılan rəsm..." adlı məqaləsindən parçalar istifadə olunub.

Ekspozisiyada rəssamın 60 rəsm əsəri təqdim ediləcək. Bu əsərlər Bakının sevimli guşələrini, o cümlədən "Dənizkənarı Milli Park", "Nizami küçəsi", "Vağzal meydanı", "Fəvvarələr meydanı" və digər məkanları əks etdirir.

Ekspozisiyanın iş saatları: 7 - 13 dekabr, 10.00-dan 18.00-dək (giriş sərbəstdir) 

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 49, Muzey Mərkəzi (4-cü mərtəbə)

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.world

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
46
3
milli.az

4Sources