EN

“Yevlax teatrı”: baş rolda Tural Qurbanov! - YAZI

Futbol üzrə ölkə çempionatının 1-ci liqasında 8 tur geridə qalıb.

Məlum olduğu kimi, hazırda lider “Qəbələ”di. “Qırmızı-ağlar” buna sonuncu matçda “Karvan”ın meydanında minimal hesablı qələbə qazanmaqla nail oldu. Matçı izləməyənlər Kaxaber Sxadadzenin komandasının birinci pillədə olmasını təbii hal kimi qarşılaya bilər. Əslində elə reallıq bunu tələb edir. Lakin hər şey kənardan göründüyü kimi deyil. Ona görə ki, mövsümə fırtına kimi başlayan “Karvan” ilk 6 turda rəqiblərini məğlub etməklə ldier kürsününü “özəlləşdirmişdi”. Yevlax təmsilçisi əvvəl “Cəbrayıl”a, ardından “Qəbələ”yə uduzmaqla taxt-tacı əldən verdi. Göründüyü kimi, hadisələri belə şərh edəndə hadisələrin axarını aydın təsəvvür etmək olur. Lakin yenə deyirəm, hər şey göründüyü kimi deyil...

1-ci liqanın ümumi ab-havasından agah olmaq üçün ötən mövsümə xəyali səfər etmək vacibdi. Söhbət 25-ci turun “İmişli” – “Qaradağ Lökbatan” matçından gedir. Xatırlayırsızsa, həmin oyunun baş hakimi İnqilab Məmmədov meydan sahiblərinin qolunu saymamış, nəticədə qonaqlar minimal hesabla qələbə qazanaraq liderliyə yüksəlmişdi. Halbuki “fit sahibi” hansısa maraqları yox, ədaləti təmsil etsəydi, “İmişli” lökbatanlılarla 2-3-cü yerləri bölüşəcəkdi. Belədə kollektivi liderdən, daha dəqiqi, “Şamaxı”dan bir xal ayıracaqdı. Qısası, Məmmədovun haqsız qərarı ötən mövsüm bölgə təmsilçisini çempionluq yarışından qopardı. Sonrası bəllidi: yekunda “Şamaxı” premyer-liqaya yüksəldi. Əlbəttə, “şirlər”in elitadakı varlığının halallığını şübhə altına salmaq istəmirəm. Lakin o dönəmə xas olan reallıq hər şeyin daha fərqli ola biləcəyini deyirdi.

Görünür, bu dəfə “İmişli”nin aqibətini “Karvan” yaşayacaq. Niyə? Yevlaxlıların “Qəbələ” ilə matçına təyinat alan Tural Qurbanov komandanın başına bir oyun açdı ki, gəl görəsən! Ədalət təmsilçisi və belə vacib matça təyinatı haqda bir qədər sonra danışacağıq. Əvvəlcə “oyun”dan bəhs edək. 36-cı dəqiqədəNuğay Rəşidov cərimə meydançasına daxil olan Peter Kinqsi kobud müdaxiləylə, yəni belindən yapışaraq yerə yıxdı. Tural Qurbanov hansısa qayda pozuntusunun olmadığını dedisə, etiraz edən yevlaxlıları “sarı”yla cəzalandırdı. 85-ci dəqiqədə Elşad Tağıyev cərimə meydançasının həndəvərində Aref Məhəmmədəlipuru kobud müdaxiləylə yerə yıxdı. Qaydanı “Qəbələ”nin futbolçusu pozsa da, “Karvan”ın əleyhinə cərimə zərbəsi təyin olundu və hesab açıldı. 90-cı dəqiqədə isə Səlahət Ağayev “çərçivə”ni nişan almaq istəyən Bəhruz Teymurovu cərimə meydançasının daxilində yerə yıxdı. Burda “Qəbələ”nin əleyhinə penalti təyin edilməliydi ki, Tural Qurbanov ədaləti yenə “Karvan”ın əleyhinə “danışdı”. Bu dəfə də narazı yevlaxlılar “sarı”yla üzləşdi. Beləliklə, “Qəbələ” lazım olan qələbəni “qazandı”. Matçdan sonra qəzetimizə açıqlama verən Kənan Kərimov isə Tural Qurbanovun hansısa tapşırıqla işlədiyini, haqlarını yediyini iddia etdi. “Karvan”ın baş məşqçisini qınamaq olmur. Belə hadisələrın ağla gətirdiyi fikirlər fərqli ola bilməz...

Bəs AFFA liderlərin duelini, 1-ci liqa səviyyəsində böyük əhəmiyyət daşıyan matçın taleyini kimə həvalə edib? Tural Qurbanov futbol təsərrüfatında necə tanınır? O, premyer-liqanın ən gənc, eyni zamanda ən təcrübəsiz ədalət təmsilçisidi. “Fit sahibi”ylə bağlı sonuncu narazılıq Misli premyer-liqasının 8-ci turunun “Şamaxı” – “Turan Tovuz” matçından sonra (2:2) qeydə alınıb. “Şirlər”in baş məşqçisi Ayxan Abbasov onun idarəçiliyini belə dəyərləndirib:

“Qapımıza penaltini VAR-a baxıb verdi. Ümumilikdə çox zəif idarəçilik etdi. Hakimlər də komandaları təhlil etsələr, yaxşı olar. Tural Qurbanova məsləhət görərdim ki, bugünkü idarəçiliyini yenidən izləsin”.

Çox güman, Tural bəy həmin performansını izləməyib. Bəs “Karvan”ın haqqını yediyi epizodlarla bağlı götür-qoy edibmi? İnanmıram. Bəli, Yevlax şəhər stadionunun ot örtüyü bərbad idi. Yağış qazonu palçığa çevirmişdi. Belədə futbolçular qaydanı pozmaq istəməsələr belə, səhvə yol verə bilərlər. Belə məqamları anlayışla qarşılamaq mümkündü. Tural Qurbanovun səhvlərini də təcrübəsizliyi ilə əlaqələndirib əfv etmək olar. Bəs AFFA-nın belə vacib matça gənc və təcrübəsiz hakimi təyin etməsi nəyə hesablanıb? Hakimlər Komitəsinin sədri Frank De Blekere kütləvi etirazlara rəğmən epizodları niyə şərh etmir? Ən əsası, həmin oyunda başverənlər araşdırılmalı və lazımi tədbir görülməlidi. Yoxsa 1-ci liqa süqut edəcək. Premyer-liqaya yüksələn komanda hakim ədalətsizlikləri sayəsində yox, bütün rəqiblərini üstələmək hesabına bilinməlidi!

KƏNAN BAHADIR
Chosen
52
football-plus.az

1Sources