Suriya müxalifətinin lideri Əbu Muhəmməd Əl-Culani baş verənləri bütün ölkə vətəndaşlarının qələbəsi adlandırıb.
Azreform.info "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, o, Dəməşqdəki Əməvi məscidində bu bəyanatla çıxış edib.
Qeyd edək ki, bu, Əl-Culaninin Ərəb Respublikasının paytaxtına gəlişindən sonra ilk ictimai çıxışıdır.
Qətər telekanalı onun sözlərini sitat gətirib: "Bu qələbə regionda yeni tarixin başlanğıcı olacaq".
Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.//Report