İzzəddin Həsənoğlu XIII əsrdə yaşamış, Qıpçaq çöllərindən Misirədək, Azərbaycandan Türküstanadək böyük bir coğrafiyada tanınmış və əsərləri sevilərək oxunmuş görkəmli Azərbaycan şairidir. Onun indiyədək yalnız üç qəzəli məlum idi. Bakı Avrasiya Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru dosent Seyfəddin Altaylı şairin 367 vərəqlik bir əlyazmasını əldə edib və onun üzərində dörd ildən çox işləyərək Ankarada Altınordu Yayınlarında çap etdirib.
Tehsil.biz xəbər verir ki, əlyazma 367 vərəq həcmindədir. Əsər Məhəmməd peyğəmbərin dünyaya gəlməsindәn Məkkənin fəthinə kimi olan mübarizələri, həzrəti Əlinin cəngləri barədədir. İzzəddin Həsənoğlunun "Kitabi-sirətün-nəbi" adlı əlyazmasının üzü şairin ölümündən 500 il sonra - 1802-ci ildə İstanbulda Həsən Şükrü adında bir xəttat tərəfindən köçürülmüşdür. Bu faktın özü Həsənoğlunun nə dərəcədə böyük şair olduğunu sübut edir.
Əlyazma müəllifin yaxın dostu olan İlhan Şimşək adlı bir türkiyəli tərəfindən Finlandiyada tapılıb və satın alınaraq Türk Dil Qurumuna verilib. Seyfəddin Altaylı da həmin əlyazma əsasında ortaya 940 səhifə həcmində sanballı bir əsər qoyub. Əsərdə on müstəqil qəzəl yer alıb. Bunların doqquzu obrazların dili ilə söylənib. Kitabın sonluğunda qeyd edilən “Əlhəmdülillah” rədifli qəzəlin 12388-nömrәli beytində şair:
“Həsənoğlu bu xidmət eşigində Yüziñ oldı türab əl-həmdü lil-lah” deyərək öz adını qeyd edib.
Kitabda 107 səhifəlik girişlə Həsənoğlunun mənsub olduğu Kübrəviyyə təriqəti, şeyxləri Əhməd Zakir, Sədəddin Hammuyə, habelə şairin həyatı, yüz illərdir ziyarətgah olan məzarının yerləşdiyi İsferayin ilә bağlı tam yeni məlumatlar təqdim edilib. Müəllif ayrıca lüğət və adlar lüğəti tərtib edib, mənası çətin anlaşılan sözlərin və arxaikləşmiş türkcə kəlmələrin izahını verib.
Kitab artıq Türkiyədə satışa çıxarılıb və böyük maraqla qarşılanıb.
Türkiyəli alim Seyfəddin Altaylı Azərbaycanda yetərincə tanınır. Onun tərtib etdiyi 3 cildlik Azərbaycan türkcəsi sözlüyü dilşünaslığımıza dəyərli töhfədir. Seyfəddin Altaylı 2015-ci ildən Bakı Avrasiya Universitetində türk xalqları ədəbiyyatı, Anadolu türk ədəbiyyatı, mifologiya, dastan yaradıcılığı və şifahi xalq ədəbiyyatı fənlərini tədris edir.