EN

"Suriyadakı hadisələr Bəhreyndəki forumun analizini kölgədə qoydu"

“Suriyada hadisələr o qədər sürətlə inkişaf edib ki, Bəhreyndəki forumda son hadisələr haqqında dərin analiz aparmaq mümkün olmayıb”.

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq xatırladıb ki, Bəhreyndə dekabrın 6-8 tarixlərində ənənəvi illik “20-ci Təhlükəsizlik Sammiti - Manama Dialoqu Forumu” keçirilib. Forumda dünyanın 50-yə yaxın ölkəsindən diplomatlar, təhlükəsizlik və hərbi strukturların nümayəndələri iştirak edib. Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev forumda Gənc Liderlər Proqramı tərəfindən təşkil olunan “Yaxın Şərq və Mərkəzi Asiyada enerji tərəfdaşlığı” mövzusundakı paneldə məruzəçi qismində çıxış edib. Forumun keçirildiyi günlərdə Suriyada hakimiyyət dəyişikliyinin baş verməsi keçirilən forumu dərin analı etməyə imkan verməyib:

““Manama Dialoqu” Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) Bəhreynin Xarici İşlər Nazirliyi ilə birgə təşkil etdiyi illik təhlükəsizlik sammitidir. Forum aktual regional və beynəlxalq təhlükəsizlik çağırışlarını müzakirə etmək üçün dünyanın hər yerindən hökumət rəsmilərini, siyasət ekspertlərini və alimləri bir araya gətirir. Bu bir növ hər il fevral ayında Almaniyanın Münhen şəhərində keçirilən illik təhlükəsizlik konfransına bənzəyir. Manama Dialoqu forumu 2004-cü ildə yarandığı gündən bəri dialoq dialoqun təşviqi, əməkdaşlığın genişləndirilməsi və Yaxın Şərqin təhlükəsizliyi, iqtisadi sabitlik və beynəlxalq diplomatiya kimi kritik məsələlərin həlli üçün siyasətlərin formalaşdırılması üçün platforma rolunu oynayır. Maraqlıdır ki, elə forumun keçirildiyi günlərdə Suriyada hakimiyyət dəyişikliyi baş verib. Suriyada hadisələr o qədər sürətlə inkişaf edib ki, Bəhreyndəki forumda son hadisələr haqqında dərin analiz aparmaq mümkün olmayıb.

Bəhreyndəki forumda əsas məruzələrdən birini Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu edib. O çıxışında körfəz ölkələrinin bölgədə sülhə və sabitliyə çalışdıqlarını vurğulayaraq ölkələr arasında dialoqa əhəmiyyət verdiklərini deyib. Buna baxmayaraq, müxtəlif böhranların və müharibələrin dünyanı təhlükəli həddə çatdırdığını deyən Feysal bin Fərhan Al Səudu vəziyyətdən çıxış yollarının axtarılması gərəkliyini bildirib:

 “Hazırkı təhlükəli gedişatı dəyişmək və sülh yoluna qayıtmaq lazımdır”.

Səudiyyə Ərəbistanının xarici işlər naziri bunun üçün ciddi qərarların verilməsi gərəkliyini belə izah edib: “Elə qərarlar verilməlidir ki, məhdud maraqlar çərçivəsi aşılsın. Sülhə və sabitliyə əngəl olanlara qarşı sərt tədbirlər görülməlidir. Qəzzada müharibənin davamı beynəlxalq təhlükəsizlik sisteminə ciddi təhdiddir. İsrail BMT qətnamələri ilə hesablaşmır. Beynəlxalq aləm atəşkəsə, o cümlədən bütün girovların azadlığına nail olmalıdır”.

Politoloq həmçinin qeyd edib ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar forumdakı çıxışında ölkəsinin “İbrahim razılaşmaları”nı dəstəklədiyini bildirib:

“Bu razılaşmalar İsraillə ərəb ölkələri arasında münasibətlərin normallaşmasını nəzərdə tutur. Ancaq Qəzzada hərbi əməliyyat bitməyənə qədər bu razılaşmaları yerinə yetirmək çətindir. Elə Səudiyyə Ərəbistanı xarici işlər nazirinin İsrailin BMT qətnamələrini yerinə yetirməməsi haqqında fikri də bundan xəbər verir. Halbuki, ötən ilin oktyabr ayında “Həmas” qruplaşması ilə İsrail arasında savaş başlamasaydı Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik münasibətlər qurulacaqdı. Hazırda bu məsələ qeyri-müəyyən müddətə təxirə salınıb.

Hindistanın xarici işlər naziri “Regional əməkdaşlıq hansı istiqamətə yönəlib” adlı mövzusundakı paneldə Hindistan, İsrail, ABŞ və Birləşmiş Ərəb Birlikləri arasında strateji tərəfdaşlıq qrupu barədə danışıb. Bu qrup adı çəkilən 4 ölkənin xarici işlər nazirlərinin 2021-ci ildə toplantısında formalaşıb. Subrahmanyam Jaishankarın sözlərinə görə, dördlünün məqsədi enerji, nəqliyyat, kosmos, səhiyyə və ərzaq təhlükəsizliyi sahəsində birgə layihələrin reallaşdırılması və qarşılıqlı yatırımların təşviqidir. Körfəz ölkələri ərazisindən dəhlizlərin keçəcəyinə diqqət çəkən Hindistanın xarici işlər naziri bölgənin Asiya ilə Avropa arasında körpü rolu oynadığını vurğulayıb. Subrahmanyam Jaishankar Hindistanın körfəz ölkələri ilə iqtisadi və ticarət əlaqələrinə xüsusi əhəmiyyət verdiyini sözlərinə əlavə edib. Hindistanın bölgə ölkələri ilə ticarət mübadiləsinin ümumi həcmi təxminən 180 milyard dollar həcmindədir”.

 

Xalidə Gəray
Musavat.com

Chosen
62
1
musavat.com

2Sources