EN

“The Wall Street Journal”: “İran Əsədə “atdı”

“The Wall Street Journal” Suriya rəsmilərinə istinadən yazır ki, İran hakimiyyəti anti-hökumət qüvvələrinin hücumu səbəbindən istefa verən Suriya prezidenti Bəşər Əsədi islamçı qruplarla qarşıdurmaya hazır olmamaqda, sonra isə əlavə qüvvələr göndərməkdən imtina etməkdə ittiham edib.

KONKRET.az xəbər verir ki, məlumata görə, İran əvvəlcə Suriyaya yardım edəcəyini, sonradan bu yardımdan imtina etdiyini bildirib. Tehran İsrailin təhdidindən sonra Dəməşqə əlavə hərbi qüvvə göndərməkdən çəkinib. Ötən həftə Suriyaya uçan İran təyyarəsi İsrailin hava hücumları təhlükəsi üzündən geri dönüb.

İran hakimiyyəti yardım göstərmək əvəzinə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) “döyüşlərə qarışmamaq” əmrini verib və daha sonra şəxsi heyətin ölkədən təhlükəsiz çıxarılmasını təşkil edib. Media yazıb ki, İran hələ Dəməşqin yaraqlıların nəzarətinə keçməmişdən əvvəl Suriyadan diplomatlarını və hərbi müşavirlərini geri çəkməyə başlayıb. Xüsusilə, SEPAH tərkibindəki Qüds Qüvvələrinin yüksək rütbəli komandirləri, eləcə də İran diplomatik missiyasının üzvləri və onların ailə üzvləri çıxarılıb.

Dekabrın 8-də İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Tehran hökumət əleyhinə qüvvələrin mümkün hücumu barədə Dəməşqə məlumat ötürür. Lakin İran Suriya ordusunun vəziyyətin öhdəsindən gələ bilməməsindən təəccüblənib.

Qeyd edək ki, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri İran Bəşər Əsədin əsas müttəfiqlərindən biri olub və Hizbullah da daxil olmaqla iranpərəst qruplar da hökumətə yardım edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Chosen
56
3
konkret.az

4Sources