EN

"Bunun adı dilənçilikdir!" - Tik-tokda xəstə adamları canlı yayıma çıxaranlar

Kulis.az Eminquey Akifin yeni yazısını təqdim edir.

Hətta Səudiyyə Ərəbistanında da qarşına mütləq bir dilənçi çıxacaq. Dilənçilik qədər qlobal olan heç zad yoxdur dünyada. O gün, yox, elə hər gün qarşıma çıxır dilənçilər.

Dilənçilik illər keçdikcə inkişaf edir, başqa-başqa ladlara keçir. Məsələn, əlində üç paket salfetka gəzən qız, oğlan uşağı, hərdən yekə-yekə adamlar görmüsünüz. Guyammış salfetka satırlar.

“Nooolar, salfetka alın”.

Təkəm-seyrək adamlar da o qız, oğlan uşağından, hərdən yekə-yekə adamlardan salfetka alırlar. Doğrusu, pulunu verib almırlar. Bir az da dəqiqləşdirsək, salfetkanı götürmürlər.

Misal üçün, bir də görürsən ki, yekə bir paltar maqazinin qarşısında bir adam yerdə oturub, qarşısında da beş-on cüt corab.

“Nooolar, corab alın”.

Yenə də təkəm-seyrək adamlar corab satan adamdan corab alırlar. Doğrusu, pulunu verib almırlar. Bir az da dəqiqləşdirsək, corabı götürmürlər.

Beləcə, biri üzərlik, o biri alt paltarı, bir başqası Mirmövsüm ağanın şəkli... Kimin əlinə nə keçdi.

Bir dəfə, gözümün qabağında bir nəfər əlində cəmi iki paket olan qız uşağına 1 manat uzadıb o iki paketi də götürdü. Qızın matı-mutu qurudu. Belə də olur...

Texnoloji inkişaf, internet əsri gec-tez dilənçiliyi də başqa sahələr kimi bir başqa mərhələyə sürüyəcəkdi. Küçədə yalnız köhnə dilənçilik məktəbinin yetirmələri qalacaqdı. Hansı ki onlar texnoloji inkişafı xoş qarşılamır, sənətin daha əziyyətli, daha keşməkeşli üslubunda qalmağı seçirlər. Amma zamana ayaq uyduranlar, ritmə düşənlər bu inkişafdan əməlli-başlı faydalanacaqdılar.

Zaman gəldi, sosial şəbəkələr insanların şikayət ünvanı, sığınacağı, dostu, iş yeri məqamına çatdı, bir-birindən müxtəlif və faydalı ünsiyyət vasitələri yarandı, insanlar özləri televiziyalaşmağa başladılar. Əvvəllər dərdini “İç Xəbər”in işıqlandıracağını gözləyən adamlar indi heç kimə yalvarmadan, ümid bağlamadan özləri içlərindəki dərdi, problemi xəbərə çevirə bilirlər. Bunun üçün bircə dəfə Tiktokda hesab açmaq, 1000 izləyici yığmaq kifayətdir. Sonrası isə işi həftədə 10 min qazanca qədər apara bilərsən.

Məsələn, bir türk oğlanın səhifəsini açdım, hansı ki fenomendir, Yasin Cengiz, 16 milyon izləyicisi var, videolarının ən aşağı baxışı 2 milyondur. İlk videosuna qədər gedib çıxdım. Deməli, adam hansısa fabrikdə fəhlə imiş. Kök olmağından, iri qarnından, göbəyindən istifadə edib bir video çəkib. Həmin video da Tiktokda “tutub”. Bir video, iki video, haradasa altıncı videoda artıq adamın çəkiliş məkanı dəyişir. Bir başqa fenomen, hansı ki, gülə-gülə yemək hazırlayır, CZN Burak, onunla video çəkib. Yasin göbək yelləyir, Burak kameraya baxa-baxa, qımışa-qımışa xiyar doğrayır. Bundan sonra Yasini bir daha fəhləlikdə görən olmayıb.

Ümid edirəm, sizə bu platformanın gücü aydın oldu. Və elə bir vəziyyət yaranıb ki, canlı yayımda əndamını sərgiləyib pul qazanandan tutmuş, bir-birini danışılmış şəkildə söyənə qədər hər tip var Tiktokda. Xüsusən də, Azərbaycan və Türkiyə siqmentində. Bu müxtəlifliyin arasında bir də xəstəsini, fiziki məhdudiyyətli qohumunu, övladını canlı yayımlara çıxaranlar var.

Açıq deyim, qarşıma çıxan kimi dərhal çevirirəm. Ürəyim dözmür. Çox mənfi enerji alıram. Fiziki məhdudiyyətli və əqli çatışmazlığı olan birinin qarşısına telefonu qoyurlar, o da (Allah belə insanlara şəfa versin) məlum, özünü idarə edə bilmir, qışqırır, gülür, əsəbiləşir. Bir ana, bir ata necə belə bir şey edə bilər? Övladının çəkdiyi əzabı canlıya çıxarıb necə qazanc mənbəyinə çevirə bilərsən?

Yaxşı görünmür, yaxşı alınmır, yaxşı deyil. Bunun adı dilənçilikdir. Bu küçə dilənçiliyinin “evdən işləyirəm” formasıdır. “Qurban olum, mənə çörək pulu ver” deyib şalvarını az qala əynindən çıxaran qaraçılığın daha sakit, daha mədəni formasıdır. “Hə, dostlar, palçıq eləyək bunu” deyib qışqır-bağır edən tiktokerlərin etdiyi də normal bir şey deyil, amma bu adamlar ən azından hansısa kəsimin əyləncəcisini təşkil edirlər. Amma sənin övladının fiziki qüsuru əvvəla, mənim rahatlığımı büsbütün pozur. Əvvəlcə, görünütü olaraq xoş deyil, sonrası mənim pulum olmaya bilər, yardım etməyə bilərəm və bu da məni incidə bilər. Bunun adı istismardır. Sən həm o normal olmayan uşağı istismar edirsən, həm də insanların hisslərini, emosiyalarını.

Sən xəstə doğmana görə yardım, kömək istəyə bilərsən, normaldır, heç kim bundan sığortalanmayıb, amma onu dayanmadan nümayiş etdirmək, bu, istismardır. Uşağını yanına alıb onun ədəbsizliyini nümayiş etdirən Adəmin atası qədər istismardır.

Fəhləlik edən bir adamın çirkli və qabarlı əllərini çəkib “biz alnımızın təriylə, əllərimizin qabarıyla çörək qazanırıq, amma dəyəri baboşlar görür” deməsi qədər ürəkbulandırıcı vəziyyətdir. Neyləməliyik, qardaş? Bacarırsan, sən də göbək çıxar, oynat, fenomen ol da. Əllərindəki qabardan mənə nə? Araşdırsam, nə təhsilin var, nə də xüsusi istedadın. Neyləyək? Sənə havayı çörək verək?

Qəbir təmizlədiyi yerdə canlı yayım açıb şeir deyən adam var, qarşısına soğanla çörəyi qoyub, lal-dinməz oturub canlı açan var, inək kimi yemək yeyə-yeyə canlı açan var. Var da, var. Hərə bir cür istismarla məşğuldur. Barı, o fiziki məhdudiyyətli adamlardan istifadə etməyin də.

Təəssüf ki, Tik-tok canlı yayımlarda müzakirə etdiyim vaxt ermənilərdən danışdığıma görə canlı yayımıma 1 həftəlik qadağa qoysa da, bu kimi şeyləri nəzərə almır. Niyə alsın ki? Bu platfomanın həm də istismar məqsədi ilə açıldığı sirr deyil ki?! Amma məscidin qapısı açıqdır, itə nə gəlib.

Xülasə, at izi it izinə qarışıb. İt yiyəsini tanımır cəmiyyətimizdə. O gün bir adam divarları qara-qura bir evdən yayım açıb ki, bəs, dolana bilmirik. 4 övladım var, onları böyüdə bilmirəm-zad.

Divarın dibində bir dilənçi oturur. Başlayır zarımağa ki, gözlərim görmür, on övladı olan bu ataya kömək olun. Oradan keçən bir qadın bu dilənən kişinin ovcuna qəpik-quruş qoyur və soruşur:

- Marağımdan soruşuram, hər şeyi başa düşdüm, on uşağı bu vəziyyətlə necə peyda eləmisən?

Dilənçi cavab verir:

- Gözlərim görmür axı... Nə elədiyimi bilirəm ki?!



Chosen
34
kulis.az

1Sources