EN

Parlamentdə qanuna dəyişiklik müzakirə olundu

Diplomatik xidmət sahəsində fəaliyyətin müasir tələblərə uyğun təşkil olunması və hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsi hazırlanaraq Milli Məclisin müzakirəsinə təqdim edilib. Qeyd olunan layihədən irəli gələrək “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb.

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında məlumat verib.

M.Quliyev bildirib ki, diplomatik xidmət orqanı əməkdaşlarının rotasiya qaydasında mütəmadi olaraq xaricdə xidmət keçməyə göndərilmələri, habelə diplomatik xidmət orqanlarında fəaliyyətin və xidmətkeçmənin xüsusiyyətləri onlarla bağlı bir sıra əmək, xidmətkeçmə, vergi, sosial sığorta, əmək pensiyası və digər məsələlərin tənzimlənməsini zəruri edir: “Sözügedən layihədə məhz diplomatik xidmətdə tənzimlənməsinə ehtiyac duyulan əsas məsələlərin, konkret olaraq əməkdaşa öz vəzifə borcunu yerinə yetirə bilməsi üçün müvafiq xidməti şəraitin yaradılması və xaricdə xidmət dövründə onun ailəsinin birliyi üçün önəm daşıyan məsələlərin əməkdaşın qanuni maraqları çərçivəsində baxılaraq həll edilməsi nəzərdə tutulub. Belə ki, hazırda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının həyat yoldaşları ailənin bir yerdə yaşaması üçün ölkəmizdəki iş yerlərini itirmək məcburiyyəti ilə qarşılaşırlar”.

Onun sözlərinə görə, əmək qanunvericiliyinə əsasən əməkdaşın həyat yoldaşına iş yeri saxlanılmaqla altı aydan artıq olmayan müddətə ödənişsiz məzuniyyət verilsə də, bu məzuniyyət mövcud problemin həllinə təsir etmir: “Qanunvericiliklə müəyyən edilən hər hansı bir zəmanət olmadan əməkdaşın həyat yoldaşının Azərbaycandakı iş yerindən çıxaraq əməkdaşla birlikdə xaricə getməsi, əməkdaşın xidmət müddəti başa çatdıqdan sonra ölkəyə qayıdarkən onun həyat yoldaşının əvvəlki işlədiyi qurumda işlə təmin olunmasında çətinliklə üzləşməsinə səbəb olur. Digər tərəfdən, xaricə işləməyə göndərilən əməkdaşın həyat yoldaşının Azərbaycandakı öz iş yerini saxlamaq məqsədilə uzun illər ərindən və ya arvadından ayrı yaşaması da onların şəxsi həyatına və ailənin möhkəmliyinə mənfi təsir göstərir, həmçinin əməkdaşın uşaqlarının ailədə valideynləri ilə birlikdə yaşamaq və tərbiyə almaq hüququnun pozulmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, xaricdə xidmət keçən dövr ərzində diplomatik xidmət orqanı əməkdaşlarının onlarla birlikdə yaşayan həyat yoldaşlarının öz ölkələrində iş yerlərinin saxlanılması bir çox dövlətlərin təcrübəsində artıq mövcuddur. Öz aktuallığı ilə tənzimlənməsini tələb edən bu məsələ hazırda bəzi dövlətlərin daxili qanunvericilik aktlarında təsbit olunur”.

“Beləliklə, qanun layihəsində nəzərdə tutulan dəyişikliklər nəticəsində diplomatik xidmət orqanı əməkdaşlarının xaricdə xidmətkeçmə dövründə onlarla birlikdə yaşayan həyat yoldaşlarının öz ölkələrində iş yerlərinin saxlanılması ilə bağlı mütəmadi rast gəlinən problemləri həll olunacaq, eləcə də fəaliyyətindən və həmin orqanlarda xidmətkeçmədən irəli gələn əmək, vergi, sosial sığorta, əmək pensiyası və digər məsələlərlə bağlı hüquqi normaların sahəvi qanunlarda sistemli şəkildə tənzimlənməsi təmin ediləcək”, – deyə Musa Quliyev əlavə edib.

Komitə üzvləri layihə barədə fikirlərini səsləndirib və təkliflərini irəli sürüblər.

Chosen
42
14
xalq.az

10Sources