“Equinor” şirkəti Azərbaycandakı və Nigeriyadakı fəaliyyətini müvafiq olaraq 29 noyabr və 6 dekabr tarixlərində bağlanan müqavilələrlə başa çatdırıb.
Fins.az-ın məlumatına görə, “Equinor”un beynəlxalq kəşfiyyat və istehsalat üzrə icraçı vitse-prezidenti Filipp Matye, bu müqavilələrin əhəmiyyətini vurğulayıb: “Bu addımlar bizə strategiyamızı həyata keçirməyə, maksimum dəyər əldə etməyə və investisiyaları ən yüksək gəlir gətirən sahələrə yönəltməyə imkan verir.”
“Equinor” Azərbaycan portfelinə görə 745 milyon dollar, Nigeriyadakı aktivlərinə görə isə ümumi dəyəri 710 milyon dollar olan alqı-satqı müqaviləsi və əlavə şərti ödənişlər daxil olmaqla, ümumilikdə 1,2 milyard dollar əldə edib.
Filipp Matye şirkətin bu ölkələrdəki əməkdaşlarının, tərəfdaşlarının və təchizatçılarının töhfəsini qeyd edərək, “Birlikdə biz ‘Equinor’ və ümumilikdə cəmiyyət üçün əhəmiyyətli dəyər yaratdıq. Əməyi keçən hər kəsə təşəkkür edir və komandalarımıza gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulayıram,” – deyə vurğulayıb.
2023-cü ildə ilk dəfə elan olunan aktivlərin satışı, neft-qaz portfelinin optimallaşdırılması proqramının bir hissəsidir. Bu, şirkətə əsas regionlara diqqətini yönəltməyə və beynəlxalq mövcudluğunu gücləndirməyə imkan verir.
2024-cü ilin ilk üç rübündə Azərbaycandakı və Nigeriyadakı aktivlər müvafiq olaraq gündə orta hesabla 24 600 və 18 700 barel neft hasilatını təmin edib. Sövdələşmələrin 2024-cü ilin dördüncü rübündə “Equinor”un nağd pul axınına müsbət təsir edəcəyi və şirkətin maliyyə göstəricilərini yaxşılaşdıracağı gözlənilir.
Uzunmüddətli strategiyaya uyğun olaraq, “Equinor” 2035-ci ilə qədər neft, qaz hasilatı və ticarətdən sonra vergi ödənilməklə illik 20 milyard dollar həcmində nağd pul axını proqnozlaşdırır. Beynəlxalq hasilat seqmenti bu hədəfə çatmaq üçün əsas rol oynamağa davam edəcək və 2030-cu ilə qədər pul axınının 50 faiz artacağı gözlənilir.