EN

Azərbaycan və Gürcüstan arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə edilib

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Gürcüstan Ali Məhkəməsinin və Ali Ədliyyə Şurasının sədri Nino Kadagidzenin dəvəti ilə Gürcüstana səfərə gedib, iki ölkə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə edilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Ali Məhkəmədən məlumat verilib.

Gürcüstan Ali Məhkəməsində keçirilən görüşdə çıxış edən Nino Kadagidze ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd edib. Bu səfərin məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da genişlənməsi işinə töhfə verəcəyi diqqətə çatdırılıb.

İnam Kərimov qeyd edib ki, dövlətlərarası əlaqələrin yüksək səviyyəsi öz növbəsində məhkəmə-hüquq sahəsində də münasibətlərin inkişafına geniş imkanlar açır. Vurğulanıb ki, qarşılıqlı təcrübə mübadiləsi, sıx əməkdaşlıq ölkəmələr arasında ədalət mühakiməsinin səmərəliliyinin artması baxımından olduqca əhəmiyyətlidir.

Görüşdə Azərbaycan Ali Məhkəməsinin fəaliyyəti, məhkəmə hüquq islahatları barədə ətraflı məlumat verilib, ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Gürcüstan Ali Ədliyyə Şurasında yerli hakimlərlə görüş keçirilib. Görüşdə Azərbaycanın Məhkəmə-Hüquq Şurası tərəfindən görülən işlər diqqətə çatdırılıb. Bildirilib ki, məhkəmə fəaliyyətinin tam elektronlaşdırılması, o cümlədən süni intellektin imkanlarından istifadə edilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi qarşıya qoyulan hədəflərdəndir. İki ölkə arasında bu sahədə də əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.

Chosen
27
7
ikisahil.az

8Sources