EN

Aytac Tapdıq: “Sevincin yanına getdiyim üçün sevinirəm”

Hakim: "Bura siyasi arena deyil”; Aynur Elgünəş: "Siyasi arena olmasaydı, siyasi qərarla həbs olunmazdıq”

Meydan TV-nin əməkdaşları haqqında da həbs qərarını Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyeva verib.

Son bir ildə  "Abzas Media”, "Toplum TV”, "Meclis.info” kimi media orqanlarının rəhbərləri və əməkdaşları haqqında çıxarılan həbs qərarlarının əksəriyyətində də məhz Sülhanə Hacıyevanın imzası var.

Dekabrın 8-də Meydan TV-nin əməkdaşları haqqında təqdimata baxarkən  əbu fakt Sülhanə Hacıyevanın nəzərinə çatdırılıb. 

Vurğulanıb ki, adları çəkilən media orqanlarının əməkdaşları qaçaqmalçılıqda ittiham olunsalar da, əslində, məqsəd müstəqil jurnalistləri həbs eləməklə onları susdurmaqdır. 

O da həbs qərarlarına imza atmaqla bu işdə vasitəçilik edir. Amma Sülhanə Hacıyeva bu replikalara cavab verməyib. 

Meydan TV əməkdaşlarından Aytac Tapdıq (Əhmədova) bildirib ki, ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamı tamamilə saxtadır və o, sırf müstəqil jurnalist fəaliyyətinə görə cəzalandırılır. 

Jurnalist deyib ki, öz fəaliyyətinə görə peşman deyil, əksinə, özündən əvvəl peşə fəaliyyətinə görə həbs edilmiş jurnalist dostlarının, məsələn, Sevinc Vaqifqızının ("AbzasMedia”nın baş redaktoru Sevinc Abbasova) yanına getdiyinə görə sevinir.

Aysel Umudova da qaçaqmalçılıq ittihamının əsassız olduğunu deyib. 

O bildirib ki, hər dəfə özü könüllü şəkildə üzərində olan vəsait və əşyalarla bağlı gömrüyə məlumat verib.

Jurnalistin sözlərinə görə, onların ölkədən çıxışına uzun müddət məhdudiyyət qoyulub, heç yerə gedib-gələ bilməyiblər. Bütün bunlar nəzərə alınarsa, onları qaçaqmalçılıqda ittiham eləmək absurddur.

Aynur Elgünəş (Qənbərova) də bildirib ki, qaçaqmalçılıq ittihamı əsassızdır. Ən azı ona görə ki ayağındakı problemlə əlaqədar qoyulmuş dəmirə görə hər dəfə hava limanında xüsusi yoxlamadan keçirilirdi. Belə olan halda, heç bir halda, gizli şəkildə pul gətirə bilməzdi: "Qaçaqmalçılıq ölkənin sərvətlərini talayıb, xaricə daşımaqdır. Mən qaçaqmalçı deyiləm. Mən jurnalistəm, jurnalistika isə cinayət deyil. Amma Azərbaycanda cinayət sayılır və mən İlham Əliyevin məhbusuyam”.
 
Aynur Elgünəş

Hakim Sülhanə Hacıyeva: "Pafosla danışmaq lazım deyil. Bura siyasi arena deyil”, – deyə jurnalistin fikirlərinə müdaxilə edib. 

Hakimin reaksiyasına isə Aynur Elgünəş belə cavab verib: "Bura siyasi arena olmasaydı, bizi siyasi sifariş və qərarla həbs etməzdilər”.

Ramin Deko (Cəbrayılzadə) də ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamını rədd edib. 

O, zorakılığa məruz qaldığını, üzərindən çıxdığı iddia olunan pulun polislərin özləri tərəfindən qoyulduğunu deyib.

Meydan TV ilə bağlı nə baş verib? 

Meydan TV əməkdaşları dekabrın 6-da saxlanılıb. 

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb. 

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. 

Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

Vəkillər Xətai Rayon Məhkəməsinin jurnalistlər haqqında çıxardığı həbs qərarlarından apelyasiya şikayəti verəcək.
Chosen
45
arqument.az

1Sources