EN

Suriyalı qaçqınların geri dönüşü başlayır — AÇIQLAMA

"Suriyada artıq yeni dönəm başlayıb. Əsəd rejiminin devrilməsiylə Türkiyə və Avropaya sığınmış suriyalıların geri dönüşü həm Türkiyə, həm də Avropa İttifaqı üçün prioritet olacaq".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Türkiyədə məskunlaşmış suriyalı qaçqınların geri dönüşü də başlayır: 

"Geri dönməyənlər də olacaq. Amma Türkiyə onların geri qayıtması istiqamətində də bir prosesə başlayacaq. Düşünürəm ki Avropa İttifaqı ölkələrində olan qaçqınların, xüsusilə Almaniyadakıların geri qaytarılması məsələsi gündəmə gələcək. Ümumi götürdükdə bu insanlar qaçqın statusuna malikdirlər və öz ölkələrində sabitlik təmin edildikdən sonra geri dönüşləri başlaya bilər". 

Ekspert qeyd edib ki, Suriyada ilk növbədə təhlükəsizlik təmin olunmalıdır: 

"Hakimiyyət dəyişib, yeni mərhələ başlayıb. Təhlükəsizliyin qorunması hər bir vətəndaşın təməl haqqıdır. Onun həyatına, yaşamına problem olmayacaqsa, əlbəttə, geri qayıdış prosesi daha rahat,daha sürətli olacaq. Qayıtmayanlara da haqq vermək olar, çünki təhlükəsizliyin təmini hələ ki sual altındadır. Problemlər qalmaqdadır. Növbəti mərhələdə silahlı qruplar arasında münaqişələr də, qarşıdurma da yarana bilər. Belə problemlər var. Bu vəziyyətdə Suriyaya qayıdanlar, təkrar geri dönə bilər. Həm  Türkiyə, həm də Avropa İttifaqı ölkələrindəki qaçqınlar da bunu nəzərə almalıdır və yəqin  ki nəzərə alırlar da". 

Politoloq əlavə edib ki, Türkiyə Suriyada vəziyyətin normallaşması, təhlükəsizliyin təmini istiqamətində ciddi addımlar atacaq: 

"Qeyd edim ki, Heyət Təhrir əş-Şam Təşkilatı ölkədə dinindən, məzhəbindən, etnik kimliyindən asılı olmayaraq bütün suriyalılara azad, sərbəst yaşam, hüquqlarının qorunacağına təminat verdiyini bəyan edib. Bunun arxasında da Türkiyə dayanır. Türkiyə çalışacaq vətəndaş müharibəsi olmasın, ciddi problemlər yaranmasın. Bu da suriyalı qaçqınların geri qayıtmasını stimullaşdıracaq".  

Törə Zeynallı
Demokrat.az
Chosen
46
demokrat.az

1Sources