EN

“Yenidən doğulmuş gözəllik”

Dekabrın 9-da Heydər Əliyev Mərkəzində nigeriyalı heykəltaraş Dotun Populanın (DotunPopoola) “Yenidən doğulmuş gözəllik” (Reclaimed Beauty) adlı fərdi sərgisinin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov deyib ki, Afrika incəsənəti dünyada çox məşhurlaşıb. Bildirilib ki, Heydər Əliyev Mərkəzində Dotun Populanın 30-a yaxın əsəri sərgilənir və bu əsərlər 2025-ci ilin oktyabrınadək Mərkəzdə təqdim olunacaq: “Əminəm ki, Heydər Əliyev Mərkəzinə gələn qonaqlar bu əsərləri çox bəyənəcəklər”.

Heydər Əliyev Mərkəzində belə bir sərginin açılmasından məmnunluğunu ifadə edən nigeriyalı heykəltaraş Dotun Popula sərgidə heykəltaraşlıq nümunələrinin və digər əsərlərinin nümayiş olunduğunu söyləyib: “Təkrar emal olunmuş metal hissələrdən düzəltdiyim heykəllər sosial şəbəkələr üçün platforma rolunu oynayır. Mənim bədii yanaşmamın əsasında incəsənətin transformasiyada katalizator rolu oynadığını, sosial-mədəni landşaftın öyrənilməsi üçün bir alət olduğunu, yenidənqurmada vasitəçiyə çevrildiyini, ekoloji deqradasiyaya etiraz forması kimi çıxış etdiyini ifadə edən inamım dayanır”.

Sonra tədbir iştirakçıları Mərkəzin foyesində və parkında sərgilənən eksponatlara baxıblar.

Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunmasına çağırış edən MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsinə və “Öz töhfəni ver!” sərgisinə də baxış keçirilib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyətə başlayan MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsinin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Ekspozisiyada rəqəmsal instalyasiya, rəsm, qrafika və heykəltaraşlıq nümunələri daxil olmaqla, ümumilikdə 120-dən çox əsər təqdim olunur.

Dotun Populanın sayca 7-ci fərdi sərgisi Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə təsadüf edir. Heykəltaraş əsərlərini ənənəvi materiallardan deyil, sənaye tullantılarına çevrilmiş metal hissələrdən hazırlayır. Xatırladaq ki, Dotun Popula müxtəlif incəsənət sərgilərində Nigeriyanı təmsil edib.

XQ

Chosen
42
40
xalqqazeti.az

10Sources