Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə çoxsaylı nöqsanlara yol verilməsi ilə bağlı iddia səsləndirilib.
Oxu.Az xəbər verir ki, səs yazısında valideynlərdən biri sözügedən məktəbdə rüşvətin pik həddə çatdığını bildirib.
"İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbi rüşvətlə idarəolunan təhsil sisteminə çeviriblər. Fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu və sair yığılır. Təhsil idarəsinin adından övladımın çantasına məcburi şəkildə yeddi manatlıq sınaq bileti qoyublar.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovun vətəndaş qəbulunda oldum. Baş verən bütün nöqsanları özünə çatdırdım. Elçin Kərimova bildirdim ki, bizi məcbur edirlər ki, bu sınaq biletlərini alın, guya yarımillik qiymətləndirmə bunun əsasında yazılacaq. O isə cavabına qeyd etdi ki, bu biletlərdən xəbəri yoxdur.
Həmin məktəbdə təhsil yox, rüşvət təbliğ olunur. Mənim övladım bu yaşında niyə rüşvətin nə olduğunu bilməlidir?" - deyə beşinci sinif şagirdinin valideyni şikayət edib.