EN

Qərbi Azərbaycana aparan yol

AMEA-nın baş elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov "Qərbi Azərbaycana aparan yol" adlı kitabında qeyd edir ki, ulu öndər Heydər Əliyev Qərbi Azərbaycanın region və bütün türk dünyası üçün strateji əhəmiyyətə malik olduğunu yaxşı bilirdi. O, Azərbaycan xalqının nəinki Qarabağı azad edəcəyini, Qərbi Azərbaycana mütləq qayıdacağını dönə-dönə təkrarlayırdı.

Uzun illər azərbaycanlılar tarixi həqiqəti bilməyiblər, əcdadları erməni millətçiləri tərəfindən didərgin salınmış və ya öldürülmüş insanlar sovet dövründə bu barədə susmağa məcbur idilər.

Sovet dövründə Qərbi Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar şərti olaraq "Kür-Araz eneoliti" adlandırılan qədim mədəniyyətə aid yaşayış məskənlərini və artefaktları aşkar etməyə imkan verdi. Kür-Araz ərazisi çox geniş idi və Cənubi Qafqaz, Şərqi Anadolu, Urmiya gölünün qərb sahilini, Orta Asiyanın cənub-qərbini, Suriya, Fələstin, Dağıstan və qonşu əraziləri əhatə edirdi.

Urartu istilaları dövrünə aid yazılı mənbələr Ağrıdağ vadisindən Göyçə gölünə qədər olan ərazidə ayrı-ayrı bölgələrin mövcud olmasını göstərir. Qədim yunan tarixçisi Strabon öz əsərində Anadolu ərazisində yerləşən Ermənistanın ilkin olaraq kiçik əraziyə sahib olduğunu qeyd edir.

Daha sonra Selevki hökmdarı Böyük Antioxun (e.ə. 223-187) sərkərdələri Artaksi (erm. Artaş I, e.ə. 189-160) və Zariadri qonşu midiyalıların, iberlərin, xaliblərin, mosineklərin, kataonların və suriyalıların bölgələrini işğal edərək Ermənistanın inzibati ərazisinin sərhədlərini genişləndiriblər. Yəni e.ə. I əsrdən başlayaraq Ermənistan ərazisinin sərhədləri müvəqqəti olaraq Cənubi Qafqaza qədər uzanır və rus dilinə səhvən "qüdrətli (böyük) Ermənistan" kimi tərcümə olunan "böyük Ermənistan" adı yaranır. Eyni zamanda Ermənistanın müasir haykan (erməni) xalqı ilə heç bir əlaqəsi olmayıb və o, növbə ilə Selevkilər, Roma, Parfiya, Sasani, Bizans imperiyalarının ərazisinin tərkib hissəsi olub.

Beləliklə, ərazisinə Araz çayının o tayındakı bölgələr Ağrıdağ bölgəsi, Xəzər dənizinə qədər uzanan çayın sağ sahilində yerləşən Albaniya daxil olan "böyük Ermənistan" coğrafi anlayışı yarandı. Strabon "ərmənlər" adını etnik və linqvistik mənsubiyyətlə əlaqələndirmir, o, coğrafi Ermənistanın istənilən sakinini bu cür adlandırır.

Avropada siyasiləşdirilən və müasir haykanların və ya hayların (ermənilərin) əcdadlarının qədim tarixi yaşayış məskəni kimi təqdim edilən "erməni yaylası" termini yaranır. Burada hayların kimliyini, Qərbi Azərbaycan torpaqlarına nə dərəcədə aid olduqlarını və nə vaxt buraya gəldiklərini izah etməyə ehtiyac duyulur. Çünki ermənilərin tarixi Azərbaycan torpaqlarına iddiaları məhz "böyük Ermənistan" və "erməni yaylası"na aid uydurma mifik tarixdən qaynaqlanır, bunun vasitəsilə erməni ideologiyası Azərbaycan tarixinin, mədəniyyətinin, ərazilərinin mənimsənilməsinə və xalqımızın öz tarixi torpaqlarından qovulmasına haqq qazandırır.

"Böyük Ermənistan" adlanan ərazi Parfiya, Türk, Fars və Suriya sülalələri tərəfindən yaradılıb, idarə olunub və onların mədəni-tarixi irsi indi müasir erməni-haylarının adına yazılır. Ermənilərin bir əsr yarım - iki əsr əvvəl köçürüldüyü Cənubi Qafqazın geniş bölgələrinin rəngarəng mədəni və etnik irsini yaddaşlardan silmək və özünəməxsusluğundan məhrum etmək üçün terminologiyaya "erməni yaylası", "Şərqi Ermənistan" kimi anlayışlar daxil etdilər.

"Erməni yaylası" elmi termini ilk dəfə 1843-cü ildə rus-alman alimi, geoloq Herman Vilhelm Abix tərəfindən alman dilində nəşr edilən "Erməni yaylasının geoloji xassələri haqqında" adlı monoqrafiyada istifadə olunub. Lakin indi yanlış fikir formalaşıb ki, "erməni yaylası" adı Qafqazda qədim zamanlardan mövcuddur və ermənilərin burada böyük daşqın vaxtından yaşaması ilə bağlıdır. Məlum olur ki, alman geoloqu H.Abixi Kiçik Asiya və Cənubi Qafqazdakı geniş dağ silsilələrini "erməni yaylası" adlandırmaq fikrinə ermənilər salıblar. Bu barədə erməni tədqiqatçıları Q.U.Melik-Adamyan və H.V.Xaçanov H.Abixə həsr etdikləri məqalədə məlumat verirlər. Mərkəzin direktorunun sözlərinə görə, qondarma "erməni yaylası" qədim zamanlardan erməni-hay etnosu ilə heç bir əlaqəsi olmayan müxtəlif xalqların məskunlaşdığı məkan olub.

Vaxtaşırı erməni siyasətçilərinin dilindən, mətbuat səhifələrindən və bəzi alimlərin çıxışlarında "Şərqi Ermənistan" termini eşidilir ki, ondan indiki Ermənistan əraziləri, Azərbaycan torpaqları olan Naxçıvan, Qarabağ və digər rayonları adlandırmaq üçün istifadə edilir. Belə bir fikir formalaşdırılır ki, qədim zamanlardan Azərbaycan ərazisinin bir hissəsini özündə birləşdirən "Şərqi Ermənistan" da daxil olmaqla "böyük Ermənistan" mövcud olub. Halbuki "Şərqi Ermənistan" termini Avropa və Rusiya imperiyaları tərəfindən Osmanlı Türk İmperiyası, Qacarlar İmperiyası və Azərbaycanın İrəvan və Qarabağ xanlıqlarının torpaqlarına irəli sürülən iddialara haqq qazandırmaq üçün tətbiq edilən şərti termindir. Yəni onun yaranma tarixi 200-250 ildən artıq deyil və mövcudluğu ilə bağlı məlum olan heç bir mənbənin kökü qədim dövrə söykənmir.

"Şərqi Ermənistan" termini XVIII-XIX əsrlərdə, zəifləyən İran imperiyasının ərazilərinin bölüşdürülməsinə başlandığı vaxtlarda, Avropa dövlətlərinin və Rusiyanın şəxsi yazışmalarında istifadə edilib. Çar Rusiyasının rəsmi sənədlərində İrəvan torpaqları və Naxçıvan xanlıqlarının bir hissəsi Rusiyaya birləşdirildikdən sonra "Ermənistan" adlandırılır: "...1828-ci il fevralın 10-da Türkmənçayda bağlanmış müqavilənin şərtinə əsasən iki böyük əyalət (İrəvan və Naxçıvan) Rusiyaya keçir və onlardan Ermənistan vilayəti yaradılır". Bununla da əzəli Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasını qanuniləşdirmək və erməni varlığının illüziyasını yaratmaq üçün erməni lobbisi tərəfindən "Şərqi Ermənistan" termini yaradılıb.

Hazırda saxtakar erməni ideoloqları hələ də sakitləşmir, tarixi faktlara və mənbələrə zidd olan mifik bəyanatlar verir və gələcək ərazi iddialarına haqq qazandırmaq cəhdlərindən əl çəkmirlər.

Chosen
37
anspress.com

1Sources