EN

"Sumqayıt" cəbhəsi Samir Abasovdan üzr istədi - FOTO

"Sumqayıt"ın "Ultras Sumqayıt" azarkeş qrupu "Neftçi"nin baş məşqçisi Samir Abasovdan üzr istəyib.

Fanklubun bu barədə öz sosial şəbəkə hesabında yayımladığı bəyanatda qeyd olunub.

Bəyanatı olduğu kimi təqdim edirik:

"Sumqayıt" - "Neftçi" matçından öncə bizə daxil olan məlumatda Samir Abasovun klubdan gedişi ilə bağlı ağlımızda xoşagəlməz fikirlər yaranmışdı.

Onun komandanı çətin vəziyyətdə qoyub, pula görə "Neftçi"ni seçdiyi bildirilirdi. Bu, oyun zamanı çalışdırıcının ünvanına təhqiramiz ifadələr səsləndirməyimizə gətirib çıxardı.

Qarşılaşmadan sonra hər şeyi dərindən araşdırıb, aydınlaşdırdıq. Müəyyən oldu ki, Abasovun "Sumqayıt"dan ayrılma prosesində heç bir günahı olmayıb. Biz məsələni yanlış anlamışıq. Bu səbəbdən "Ultras Sumqayıt" ailəsi olaraq mütəxəssisdən və ailəsindən üzr istəyirik".

Xatırladaq ki, Premyer Liqanın 16-cı turuna təsadüf edən "Sumqayıt" - "Neftçi" görüşünün gedişindən meydan sahiblərinin tərəfdarları davamlı olaraq sabiq baş məşqçinin ünvanına şüarlar səsləndiriblər.

Onlar təcrübəli mütəxəssisi təhqir etməkdən belə çəkinməyiblər.

Çalışdırıcı baş verənlərə oyun ərzində susmaqla cavab verib.

Lakin görüşdən sonra Abasov ona ünvanlanan sual sonrası qarşılaşdığı mənzərəni şərh edərkən bunları deyib:

"Bu, mənim və azarkeşlərin arasında olan bir şeydir. İstəmirəm ki, bu məsələ digərlərinə yayılsın.

Futbolda bu cür hallar çox olur. Buna normal yanaşıram. Öz komandalarını dəstəkləyirlər.

Bəlkə də dəstəkləməyin yolu bu idi ki, rəqib komandanın məşqçisini özündən çıxarsınlar. Bu, normaldır.

Açığı desəm, karyeram ərzində azarkeşlərlə bağlı səhvlərim olub. Ona görə çalışıram ki, bu məsələlərdə təmkinli olum.

Düzdür, oyun vaxtı gözləmədiyim bir şey baş verdi, mən də ona reaksiya verdim. Amma bu, oyunun içində olan bir şeydir və mən bunu yaddan çıxardım.

Azarkeşlərin sözlərinin haradan gəldiyini mən çox yaxşı bilirəm. Siz də bilirsiniz. Bu, təmiz olmayan bir şeydir.

Çox yaxşı bilirəm ki, bunu kimlər etdirir. Amma dediyiniz təhqirlərlə və ya uşaqlarla heç bir işim yoxdur".

XANOĞLAN/ SPORTİNFO.AZ

Chosen
56
sportinfo.az

1Sources