EN

Məhkəmə Ekspertizası Şurasının işçi qruplarında təmsil olunan vəkillərlə görüş keçirilib

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə Məhkəmə Ekspertizası Şurasının işçi qruplarında təmsil olunan vəkillərlə onlayn görüş keçirilib. SİA xəbər verir ki, görüşdə Anar Bağırov məhkəmə ekspertizası sahəsində fəaliyyətin təkmilləşdirilməsi və mövcud problemlərin həlli məqsədilə yaradılmış Şuranın işçi qruplarında təmsil olunan ARVK üzləri ilə bu istiqamətdə müzakirələrin keçirilməsinin əhəmiyyətindən danışıb.

Sədr diqqətə çatdırıb ki, ölkə başçısının 7 avqust 2024-cü il tarixli Sərəncamı ilə yaradılmış Məhkəmə Ekspertizası Şurasına Kollegiya da üzv seçilib. Şurada qeyri-dövlət, müstəqil təsisat olan ARVK-nın təmsil olunması vəkilliyə göstərilən çox yüksək etimaddır. O bildirib ki, ekspertiza sahəsində vəkillərin təcrübədə rastlaşdığı problemlər, o cümlədən bu institutun inkişafı, təkmilləşdirilməsi ilə bağlı gələcəkdə aparılacaq islahatlar üzrə təkliflərin mütləq qaydada Şuranın müzakirəsinə təqdim olunması çox zəruridir. “Çünki vəkillər həm mülki, həm də cinayət prosessual sahəsində ədalət mühakimə icraatında fəal iştirak edən çox önəmli peşə sahibləridir. İlk növbədə, məhkəmə ekspertizasının müstəqilliyi, qərəzsizliyi və obyektivliyi tam təmin edilmədir. Eyni zamanda, bu istiqamətdə beynəlxalq təcrübə və yerli problemlər öyrənilməlidir”, - deyə sədr vurğulayıb.

Sonra ARVK-nın sədr müavini Şahmar Məmmədov çıxış edərək Məhkəmə Ekspertizası Şurasında yaradılmış işçi qruplarında təmsil olunan vəkillərin fəaliyyət istiqamətindən danışıb. O, Kollegiya üzvləri ilə bir sıra müzakirələr aparıldığını, təkliflər hazırlanaraq Şuraya təqdim edildiyini söyləyib. Eyni zamanda, sədr müavini vurğulayıb ki, bu sahədə işlər davam etdirilir və digər təkliflər də hazırlanaraq Şuraya göndəriləcək.

Görüşdə vəkillərin qarşılaşdığı çətinliklər, təcrübədə rast gəlinən bir çox problemlər və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb, bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi imkanları nəzərdən keçirilib, habelə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində təkliflər səsləndirilib.

Chosen
37
8
sia.az

9Sources