EN

Uşaqlarda həqiqətən çöp qalırmı? Həkimlərə inanmalı yoxsa çöpçülərə?

Professor Azər Xudiyev yad cismlərin çıxarılmasında ara həkimlərinin müdaxiləsini yolverilməz hesab edir.

“On gün idi ki, qızımın qızdırması düşmürdü. Həkim məsləhəti ilə qızdırma salan dərman verdim, hətta beş gün antibiotik vurduq, amma qızdırması düşmədi ki, düşmədi. Axırda qaynanam apardı çöpçüyə, o, uşağın boğazından alma qabığını çıxardan kimi qızdırması düşdü. Heç elə bil xəstə deyilmiş...”

Valideynlər arasında tez-tez belə söhbətlər eşidilir. Doğrudanmı uşağın boğazında çöp qalır? İnsan orqanizmində elə bir yer varmı ki, müəyyən cismlər orada yığıla bilsin?

Nəfəs və qida borusunun arasında kiçik çala vardır ki, yemək zamanı qidanın həmin çalaya düşən hissəsinə çöp deyirlər. Həmin çala tədricən yaranır. Biz böyüklər bu problemi asanlıqla - öskürərək aradan qaldırırıq. Amma körpələrimiz bunu edə bilmirlər. Hər fürsətdə əlinə keçəni ağzına aparan uşaqlarda çöp problemi tez-tez baş verir.Elə uşaq da vardır ki, hətta yediyi yeməyə belə diqqətlə baxır. Bu uşaqlar isə çöp tutmayan uşaqlar növünə aiddirlər. Çöp istənilən qida qalığı, alma qabığı, mandarin, apelsin, marmelad, karamel, ət parçası, saqqız, tofita dediyimiz uşaq konfeti, oyuncaq hissələri,kiçik mismarlar (uşaq maşınlarından), kibritlər, kukla saçı, muncuq və.s

Ümumiyyətlə, el arasında deyildiyi kimi, «çöpü qalmaq» nə deməkdir? Bunu aradan qaldırmağı bacaran ara həkimləri varmı? Bəs, peşəkar həkimlərin bununla bağlı mövqeyi nədən ibarətdir?

Məsələyə aydınlıq gətirmək üçün hər iki tərəfə – həm el arasında «çöpçü» kimi tanınan ara həkiminə, həm də ixtisaslı və peşəkar həkimə üz tutduq.

«Xəstənin boğazından xırda pul, üzük qaşı da çıxarmışam»

Uşaqlarda çöp qalması

Sevinc Yusifova Füzuli rayonunun Şükürbəyli kəndindəndir. Hazırda məcburi köçkün kimi Texniki Universitetin yataqxanasında yaşayır. Biz onun qonağı olarkən, cavan bir gəlin iki yaşlı körpəsinin çöpünü çıxartdırmağa gəlmişdi. Sevinc xanım bizim şahidliyimizlə uşağın boğazından alça çəyirdəyi çıxardı. Çoxlarının «çöpçü» kimi müraciət etdiyi bu xanım söhbətə belə başladı:

- Qidalanma zamanı, bəzi hallarda isə ehtiyatsız hərəkət nəticəsində ağız boşluğunda müxtəlif cism və əşyalar ilişib qalır. Bu, hansısa meyvənin qabığı, dənəsi, çəyirdəyi də ola bilər, ət parçası, sümük, tük və kiçik dəmir qırığı da. Bəlkə də bu, çoxlarına qəribə və inanılmaz gələ bilər, amma mən əlimi boğaza xaricdən toxunduran kimi həmin boşluqda nəsə qalıb-qalmadığını hiss edirəm. Nə az, nə çox, 15 ildən artıqdır ki, bu işlə məşğulam. Hər halda bu illər ərzində məni tanıyan və mənə dönə-dönə müraciət edənlər bunun canlı şahididirlər.


- Siz bunu kimdənsə öyrənmisiniz, yoxsa...?

- Arada xəstələnmişdim, çox həkimlərə müraciət etdim, bir neçə xəstəxanada yatdım, lakin aldığım müalicələrin şəfası olmadı...

Bir dəfə qonşu uşağı atasının təmir etdiyi traktorun boltunu udmuşdu. Ata-anasının, ətrafdakı qonum-qonşuların səs-küyünü eşidib bayıra çıxdım. Heç bilmədim necə oldu ki, əlimi salıb uşağın boğazından boltu çıxartdım. Ondan sonra oğlum Vüsalın boğazında balıq sümüyü qalmışdı, həmin üsulla onu da götürdüm. Bu hadisələrdən sonra xəstəliyim, ağrı-acılarım da sovuşub getdi...

- Hansı əlamətə əsasən xəstənin çöpü qaldığını müəyyənləşdirmək olar?

Çöp qalmasının əlamətləri

- Valideynlər xəstəni gətirəndə özləri deyir ki, uşağın qızdırması var, öskürür, qusur, burnunu qaşıyır, əlini ağzına salır və s. Mən əlimi uşağın boğazına toxunduran kimi onda çöpün olub-olmadığını müəyyən edirəm. Hətta elə olub ki, sınaq üçün yanıma sağlam uşaq gətirib yoxladıblar, baxan kimi uşağın boğazında kənar cism olmadığını söyləmişəm. Hətta üfürmüşəm də, heç nə çıxmayıb...

- Demək olarmı ki, «çöp xəstəliyi» əsasən hansı yaş dövründə çoxluq təşkil edir?

- Təbii ki, əsasən uşaq yaşlarında. Ancaq buna yaş məhdudiyyəti qoymaq olmaz. Məsələn, mən öz təcrübəmdə südəmər uşağa həlim verərkən boğazında ilişib qalmış düyü dənəsini də, 70 yaşlı qadının boğazından sümük qırığını da çıxarmışam. Bir neçə gün bundan əvvəl yanıma 22 yaşlı bir qız da gəlmişdi...

- «Çöp çıxarmağın» mexanizmi, sadə desək, qaydası bir qədər qaranlıq qalır...

- Onu hiss etmək, duymaq lazımdır. Mən bunu yəqinləşdirəndən sonra əlimlə xəstənin boğazını ovxalayır, sonra isə ağız boşluğundun üfürürəm. Çox vaxt valideyn əlini xəstənin ağzına tutanda uşağın boğazından xaric olan «çöp» onun öz ovcunun içinə düşür. Bu illər ərzində mən həmin nahiyədən dənə, qabıq, tumla yanaşı, xırda pul, üzük qaşı da çıxarmışam. Bir gəlin öz sırğasını çıxaran kimi azyaşlı uşaq onu götürüb udmuşdu, onu da xilas etmişəm. Elə olub ki, gecikdiriblər, xəstənin boğazında qalan meyvə dənəsi az qalıb ki, «cücərsin». Elə də olub ki, xəstənin «çöpü qalmadığını» görüb, həkimə müraciət etməyi məsləhət görmüşəm. Amma həkimlərin də mənim yanıma göndərdiyi xəstələr olub...

- Doğrudanmı belə hallar olur?

- Olur. Hətta burun-boğaz həkiminin özü dəfələrlə xəstəni mənim yanıma göndərib. Çox-çox tanınmış adamların uşaqlarına şəfa vermişəm. Bəstəkar Nailə Mirməmmədli, müğənni Aynur Dadaşova dəfələrlə öz uşaqlarını mənim yanıma gətiriblər. Skripkaçı Natiq Nuriyev, müğənni Rəşad İlyasov da öz yaxın qohumlarının uşaqlarını mənə göstəriblər. Deputatlardan, alim və ziyalılardan da müraciət edənlər var.

- Gün ərzində nə qədər xəstəniz olur?

- Əlbəttə ki, konkret demək çətindir. Amma nadir halda elə gün olur ki, mənə müraciət edən olmasın…

«Qaranlıq gecədə iynə axtarışı»

Professor Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının baş həkimi, tibb elmləri doktoru, professor Azər Xudiyev burun və boğazda qalan yad cismlər barədə sualımızı belə cavablandırdı:

- Yad cismlər burunda, qulaqda, ağız boşluğunda, udlaqda, qırtlaqda, qida borusunda və tənəffüs yollarında ola bilər. Burun boşluğunda belə hallar uşaq yaşları üçün daha xarakterikdir. Həmin yaşlarda uşaqlar bəzən çeynədiyi saqqızı, yediyi meyvənin dənəsini burun deyişiyinə salır. Valideyn şikayətlənir ki, uşağın burnundan selik axır, pis qoxu gəlir və s. Burun boşluğunun anatomiyası elədir ki, belə hallarda həkim müdaxiləsi tələb olunur, xüsusən genişləndirici ilə həmin boşluğa daxil olub yad cismi çıxarırlar.

Yad cismlərə xarici qulaq keçəcəyində də rast gəlmək mümkündür. Hətta bəzən qulağa canlı yad cismlər – böcək, cücü, tarakan və s. də daxil olur. Belə halda qulağa müəyyən yağ damcısı, spirt məhlulu tökülür ki, yad cism hərəkətsiz vəziyyətə gətirilsin. Sonra xüsusi alətin köməyi ilə həmin yad cism oradan çıxarılır. Bu üsuldan istər qədim, istərsə də müasir təbabətdə istifadə olunur.

Son vaxtlar burun, qulaq və boğazda uşaq oyuncaqlarında, saat və digər cihazlarda olan miniatür batareyalar kimi təhlükəli yad cismlər müşahidə etməyə başlamışıq. Məlum olduğu kimi, həmin batareyaların tərkibində qələvi maddələr olur və nəm mühitə düşdükdə qələvi axmağa başlayır. Bu da çox təhlükəlidir.

Qida qəbulu zamanı sivri yad cismlər, məsələn, balıq sümüyü damağa, badamcığa və ya udlağa ilişərək, orqanizmdə narahatlıq yaradır. Belə hallarda təbabətdə farinqoskopiya deyilən üsulla ağız boşluğu işıqlandırılır və yad cism həkim müdaxiləsi nəticəsində götürülür.

Digər bir halda isə, yad cism qida borusu ilə tənəffüs yolunun arasında olan haçalanma nöqtəsinə – armudvari oyma adlanan nahiyəyə düşə bilir. Yaşlı adamlar bunu tez hiss edirlər, uşaqlarda isə refleks zəif olduğuna görə yad cism həmin nahiyədə xeyli müddət qalır. Bunları deməkdə məqsədim yad cismlərin orqanizmə daxil olma yollarını və müxtəlifliyini çatdırmaqdır. Onun orqanizmdən hansısa ara həkiminin, el arasında deyildiyi kimi, çöpçünün müdaxiləsi ilə çıxarılması mümkünsüzdür. Belə hallarda mütləq peşəkar həkim müdaxiləsi lazımdır.


- Çöpçülərə müraciət edənlər bu cür müdaxilədən sonra xəstənin rahatlıq tapdığını, qızdırmasının düşdüyünü söyləyirlər...

Uşaqlarda həqiqətən çöp qala bilərmi

- Əvvəla, yad cism bədəndə heç də həmişə qızdırmaya səbəb olmur. Doğrudur, camaat arasında tez-tez bu sözü eşidirik. Deyirlər ki, uşağın qızdırması var idi, apardıq çöpçüyə, çöpünü çıxardıqdan sonra temperaturu düşdü. Bu qətiyyən ağlabatan deyil. Çünki yad cismin ağız və ya burun boşluğunda qalması qızdırmaya səbəb ola bilməz. Xoşagəlməz hisslər törədə bilər, narahatlıq yarada bilər, amma temperaturun yüksəlməsi üçün gərək yad cism orada qalıb irinləyə. Yad cismi oradan çıxarmaqla həmin anda temperatur düşə bilməz. Bəzən görürsən ki, ana uşağı qucağına alıb çopçüyə aparır, bu zaman uşaq yolda tərləyir, çöpçüdən qayıdıb gələndə isə hərarəti enir. Bu heç də yad cismin çıxarıldığına görə baş vermir. Hətta elə ara həkimləri olur ki, öz ağzında saxladığı yad cismi əlinə tüpürərək, guya uşağın boğazından çıxartdığını iddia edir.

Etiraf edək ki, çöpçü qırtlaq-udlaq nahiyəsində qalan hər hansı yad cismi masaj etmək, ani olaraq boğulma yaratmaqla reflektiv olaraq götürə bilər. Amma elə nahiyələr var ki, məsələn, bronxlara, qida borusuna düşən yad cismləri təbabətdən bixəbər ara həkimi götürə bilməz.

- Statistikaya üz tutsaq, sizə nə qədər belə müraciətlər daxil olur?

- Təkcə bizim xəstəxanaya ay ərzində burun boşluğunda yad cismlərlə əlaqədar 25-30, xarici qulaq keçəcəyi ilə əlaqədar 15-20, qida borusu ilə əlaqədar 4-5, tənəffüs yolları ilə əlaqədar ən azı 2-3 müraciət olur.

-Ara həkimlərinin bu sahədəki fəaliyyətini tibbi baxımdan necə qiymətləndirirsiniz?

- Bu cür xəstəlik zamanı çöpçü adı ilə fəaliyyət göstərən ara həkimlərinin müdaxiləsi yolverilməzdir. Əgər hansısa formada bu işi bacaran varsa da, bu o demək deyil ki, o bədəndə olan bütün yad cismləri götürə bilər. Müasir dövrdə endoskoplar vasitəsilə yad cismin düşdüyü yeri işıqlandırıb ekranda baxmaq mümkündürsə, tibb təhsili olmayan adamların bu işə əl aparması nə dərəcədə düzgündür? Obrazlı desək, çöpçünün işi qaranlıq gecədə iynə axtarmaq kimi bir işdir. Çünki bu cür adamların insan orqanizminə müdaxiləsi fəsadlara gətirib çıxarır. Məsələn, adi bir misal gətirim: çöpçü burundakı yad cismi üfürüb onu tənəffüs yoluna sala bilər, ani olaraq boğulma yaradar. Yaxud çöpçü əlini xəstənin boğazına salıb qırtlağı zədələyə bilər. Bəzən qızdırma zamanı çöpçülər valideyni arxayın salır ki, yad cismi götürdüm. Halbuki qızdırmaya səbəb bağırsaq infeksiyası, başqa xəstəlik də ola bilər. Ona görə də ara həkiminə müraciət edərək xəstənin başına təzə iş açmaqdansa, birbaşa ixtisaslı həkimə müraciət etmək lazımdır.

sehiyye.gov.az

Yazar: İlk yazar

Chosen
77
9
ilk.az

10Sources