“Şamaxı” ilə bağlı yayılan şok iddialar artıq söz-söhbət səviyyəsini aşıb.
Rəsmi açıqlamalardan da hiss edilir ki, “od olmayan yerdən tüstü çıxmaz” məsəli boşuna deyilməyib. Yoxsa UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Football-plus.az”a açıqlamasında araşdırma getdiyini deməzdi. Qısası, nəsə var. Amma nə? Bilinmir...
Deməli, hazırda “şirlər”in müqaviləsinə xitam verdiyi futbolçuların, dəqiq desək, Adil Nağıyevlə Georgi Kantariyanın adının danışılmış oyunlarda hallanması AFFA-nın da diqqətini çəkib və qurum qollarını çırmalayaraq işə girişib. Yekun qərar şübhələrin əsaslı olub-olmadığını ortaya qoyacaq.
Bəs tüstünün mənbəyi, sadəcə, mətbuatda dolaşan xəbərlərdi? Yoxsa fərqli əsaslara da söykənmək mümkündü?
ToƏvvəla onu bildirək ki, bu məsələdə daha əvvəl “Şamaxı”dan ayrılan İlkin Muradov günahsız görünür. Niyə? Baş məşqçi Ayxan Abbasov redaksiyamızdan ona ünvanlanan “İlkin Muradovun adı danışılmış oyunlarda hallanır. Bu haqda nə deyə bilərsiz?” sualına cavabında demişdi ki, bilgilər həqiqəti əks etdirmir. Düzdü, Adil və Georgiylə bağlı xəbərləri təsdiq etmədi, amma təkzib də etmədi. Baş menecer Kamran İsmayılova gəlincə, o, “Football-plus.az”a cavabında İlkinlə müqavilənin qarşılıqlı razılıq əsasında pozulması detalını qabartdı. Görünür, oxların yönəldiyi futbolçular Adillə Georgidi.
Bəs Nağıyev “Şamaxı”da nə ilə yadda qalıb? O, yeni mövsümdə keçirilən 14 premyer-liqa matçının 13-də meydanda olub. Özü də əvvəldən sona qədər və kapitan sarğısıyla. Bu matçlarda 4 sarı vərəqə alan futbolçu “Kəpəz”lə matçda cəzalı durumu düşüb. Böyük ehtimalla, “Turan Tovuz”la oyun gününə qədər ayrılıq reallaşıb. Həmçinin, o, “Şamaxı”nın “Zirə”yə qarşı keçirdiyi ölkə kuboku matçında 88 dəqiqə meydanda olub. Kantariya da “şirlər”in aparıcı futbolçularındandı. Gürcüstanlı 14 çempionat oyununun hamısında start heyətində çıxış edib. Hər matçda azı 60 dəqiqə top qovan oyunçu iki qol vurub. Ölkə kubokunda isə “Zirə”yə qarşı 76 dəqiqə tər töküb. Onunla bağlı diqqətiçəkən məqam da var. Belə ki, ötən mövsüm “Neymeh”də çıxış edən Kantariya Livan premyer-liqasında çempion olub. Göründüyü kimi, çempionu elitada qalmağa çalışan komandaya dəyişib.
Hamısı öz yerində. Nə qədər başımızı sındırsaq da, bizə gözləmək qalır. Bu gün “Şamaxı”nın üzərini tüstü bürüyüb. Bəs od da varmı? Əsas məsələ budu.
KƏNAN BAHADIR