EN

Prezident İlham Əliyev AÇG ilə bağlı qanunu təsdiqlədi

Prezident İlham Əliyev "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma"nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Hurriyyet.az President.az-a istinadən bildirir ki, qanunla 2024-cü il avqustun 1-də Bakı şəhərində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "Azərbaycan (AÇG) Limited", "bp Eksploreyşn (Kaspian Si) Limited", "Ekvinor Abşeron AS", "Ekson Azərbaycan Limited", "İnpeks Sausvest Kaspian Si, Ltd.", "İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk.", "MOL Azərbaycan, Ltd.", "ONGC Videş Limited", "Türkiye Petrolleri A.O." arasında imzalanmış "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma" (bundan sonra - İkinci Qoşma) qəbul və təsdiq edilir, onun həyata keçirilməsinə icazə verilir.

İkinci Qoşmanın əsas mətninə edilmiş iki (2) Əlavə Bölmə (bundan sonra - Əlavələr) qəbul və təsdiq edilir və onların həyata keçirilməsinə icazə verilir.

Bu Qanun qüvvəyə mindikdən sonra İkinci Qoşma və Əlavələr Qanun olurlar. İkinci Qoşmada konkret surətdə başqa hallar göstərilməyibsə, İkinci Qoşma və Əlavələr İkinci Qoşmanın qüvvədə olduğu müddət ərzində İkinci Qoşmaya və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

Qanun qüvvəyə mindiyi tarixdən İkinci Qoşma və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində podratçı tərəflərə İkinci Qoşmada və Əlavələrdə nəzərdə tutulan sərbəst təbii qaz kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

Bu Qanun qüvvəyə mindikdən sonra podratçı tərəflərin (və ya onların hüquq varislərinin) İkinci Qoşma və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

İkinci Qoşmadan irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün podratçı tərəflərə bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.

İkinci Qoşmaya və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər və dəyişikliklər yalnız bu Qanunun 1-ci maddəsində qeyd olunmuş Sazişin tərəflərinin yazılı razılığı ilə edilir.

İlham Əliyev

Chosen
57
21
hurriyyet.az

10Sources