EN

Mahmud Abasquliyev: Torpaq satışı ilə bağlı Vergi Məcəlləsinin izahı

Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir, əks halda rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bəs bu zaman hüquqi şəxslər balansında olan torpaq səhəsini satarkən vergini necə hesablayıb ödəməlidirlər? 

Fins.az mövzu ilə bağlı iqtisadçı-ekspert Mahmud Abasquliyevin açıqlamalarını təqdim edir:

Fərdi sahibkarlar balansında olan torpaqlarını satan zaman Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinə əsaslanaraq torpağın təyinatı və ölçüsünə (kv.m. və ya ha) uyğun olaraq hesablama aparır və sadələşdirilmiş vergini ödəyirlər. Hüquqi şəxslər isə balansında olan torpaqları satan zaman mənfəət vergisi bəyannaməsində gəlirdən xərci çıxdıqdan sonra mənfəət vergisini ödəyirlər.

Misal: "MR" şirkəti balansında olan 100.000 manatlıq 7 ha torpaq sahəsini digər vergi ödəyicisinə 170.000 manata satıb. Bu zaman şirkət 14.000 manat mənfəət vergisi ödəyəcək:

170.000 -100.000 = 70.000 manat;
70.000 x 20% = 14.000 manat.

Əlavə olaraq bildirək ki, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən, torpaq satışı ƏDV məqsədləri üçün mal sayılmadığından, elektron qaimə-fakturada ƏDV-yə cəlb edilməyən xanada müvafiq qeyd apardıqdan sonra müəssisə ƏDV bəyannaməsində 170.000 manatı bu maddənin Əlavə 3 bölməsinin ƏDV-yə cəlb edilməyən əməliyyatlar hissəsinin 336-cı xanasında bəyan edərək Dövlət Vergi Xidmətinə təqdim edəcək.

Onu da xatırladaq ki, torpağın satışı, fiziki və ya hüquqi şəxslər olmasından asılı olmayaraq, notarial qaydada həyata keçirilməlidir.

Chosen
29
1
fins.az

2Sources