Bunu Olaylar.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib:
"Mən son dövrlər baxdığım və onların siyasətçilərinin, analitiklərinin təhlillərindən, açıqlamalarından belə anladım ki, açıqcası, narahatçılıq içindədirlər. Çünki İran dövlətinin dəstək verdiyi bir dövlətin, onun rəhbərinin bu şəkildə devrilməsi ( Ermənistanın da İranla sıx əlaqələri var-M.G.) sanki Ermənistan dövlətində bir narahatçılıq yaradır. Hələ onu deyim ki, proseslərdə Türkiyənin aktiv iştirakı məsələsi də onları narahat edən bir məqama gətirib çıxarıb. Çünki indi biz nə qədər desək də ki, Türkiyə burada yalnız mənəvi, siyasi dəstək verib, bəzi məsələlərə görə Türkiyə bu məsələlərdə çox aktiv şəkildə iştirak edib və bu da çox ciddi şəkildə bəzi siyasi qrupları təşvişə salıb. Bu, Türkiyənin regionda nüfuzunun artması deməkdir. Yəni Suriya kimi dövlətdə Bəşər Əsəd kimi bir şəxsin devrilməsində Türkiyənin aktiv iştirakı təbii ki, Ermənistanı narahat edən məsələdir və İranın məğlubiyyəti də həmçinin.
Maraqlarına necə təsir edəcəyini zaman göstərəcək. Əgər Ermənistan Azərbaycan və Türkiyənin anlaşma mərhələsinə gələrsə, onlar üçün müsbət məsələlər ola bilər. Amma yox, yenə də bu oyun pozanlığına davam etmək istəyirsə, günün birində, necə ki, 44 günlük müharibədə Qarabağ məsələsini həll etdik, necə ki 12-13 gün ərzində Suriya məsələsi həll olundu, Ermənistanın da bu anti-Azərbaycan, anti-Türkiyə məsələləri günün birində bütövlükdə həll oluna bilər. Yəni düşünürəm ki, Ermənistan bir dövlət olaraq kobud desək, ağlını başına yığıb, normal bir siyasət yürütməyə çalışmalıdır".