EN

Cəhənnəm qorxusudu cənnəti doya-doya yaşamamaq

"Arqument.az" şair Anar Seyidağanın yeni şeirlərini təqdim edir: 

Yuxu

Ömür hər kəsin uduzduğu oyundu,
Oyun vaxt keçirmək üçün insanların fikirləşdiyi əyləncədi,
Əyləncə
Sevgi və gülüşün harmoniyasıdı.
Oyun oynamağı sevmirəm,
Üstəlik uduzacağımı bilə-bilə.
İnsanın gözəlliyi nəfəsindədi.
Gecənin şübhə ilə dolu vaxtında
Yatmaq istəyirəm,
Sadəcə yatmaq...
İlahi, yalvarıram,
yuxularımın bakirəliyini pozma.
Yoxsa doğrudanmı 
bir müqəddəs rahibənin bətninə
bir qız uşağının günahlarını
mən daşıyıram?
Bilirəm oğlan doğulmayacağını.
O yuxunu bir kərə özün görmüsən,
Bilirəm yer üzünə daha
peyğəmbər gəlməyəcək.
Yeriyirəm gecənin qaranlığında.
Yarpaqlar tabutumu daşıyır -
Mən yarpaqları əzdiyimi düşünürəm.

Sevmək

Yaratdığının sədaqətinə şübhə qorxusudu cəhənnəm.
Həqiqət doğru zənn etdiklərimiz deyilsə
Yalan da yalan deyil.
Yoza bilmədiyimiz yuxuların qorxusudu inanc.
Hər qorxu Tanrıya yaxınlaşdırır insanı.
Qorxunu yenə bilsəydi
Uçacaqdı insan.
Susmağı anamız öyrətdi bizə 
Sürünməyi ehtiyacdan,
Qaçmağı qorxudan,
Danışmağı zərurətdən öyrəndik.
Uçmağı öyrənə bilmədik amma,
Və bir də sevməyi öyrənə bilmədik.
Qarşılıq, umacaq,hiylə,
şəhvət, hərislik
Başqa bir kimya yaradıb-
Cədvəlin 79- uncu elementinin
Gerçək tərəfində.

Boş ver

Hanı səni çox sevirəm demişdim?
O elədir,
Sonrasını boş ver.

Hanı səni unuda bilmərəm demişdim?
O elədir,
Sonrasını boş ver.

Hanı sənə sənsiz də yaşayaram
demişdim?
Bax, o elə deyil,
Sonrasını boş ver.
   
Qadın

Bəzi qızların alın yazısı 
           ata evində yazılar,
Bəzi qızların alın yazısını 
              anaları yazar,
Bəzilərinin də 
Zifaf gecəsində...
Hanı Tanrı Müqəddəs Məryəm demişdi ya,
Biz yanlış anladıq-
Hər qadın müqəddəsdi.
Və hər İsa
Bir qadının
Sinəsində
Çarmıxa çəkilir.

Ruh

Ruhun o deyilsə Məryəm də doğsa
Tanrı da üfürsə zuhur eyləməz.
Biz gəldik dunyaya uduzaq gedək,
Ha qov, hesab yenə bir- bir eyləməz.

Bu necə fiqurdu-bir küncü yoxdu,
Nədən yeddi rəng var, narıncı yoxdu?
Yaxşı ki, Allahın qılıncı yoxdu
Yoxsa biz ölüncə səbir eyləməz.

Düşün, bir elm var fərz deyə sənə,
Bu necə isbatdı tərs deyə sənə?
Elə başlar çıxır dərs deyə sənə
Heç boynu bir başlıq kəndir eyləməz.

Hər ağrı- acıya gəlsək də sinə
Həqq-insan eşqi çox gedir dərinə.
Tanrı cəhənnəmi sevdiklərinə
Hər nə etsə edər-təndir eyləməz.
     
Gəlir

Yaxına güvənib sirr danışırsan
Etiram,məhəbbət uzaqdan gəlir.
Dərdinə iki dost yığışar sənin,
Ardınca kim gəlir maraqdan gəlir.

Duadı, nahaqqa eyləmə möhtac,
Umid kəsilmir ki - kəsilir əlac.
Hop deyə boynuna atılandan qaç-
Allah bilir hansı qucaqdan gəlir.

Xeyir yaz, İlahi,xeyir, sonuna,
Gözəllik qalıbdı daha onuna.
Qayıtdıq Həvvanın əncir donuna,
Məgər ipək özü yarpaqdan gəlir.

Bir az gec tanırsan pis adamları,
Tanrı çox sınayır biz adamları.
Nəyinə gərəkdir düz adamların
Bürcü şirdən gəlir, oğlaqdan gəlir.

Həyəcan

Küləyə qoşulub
   qaçmaq istəyən ağac
Bir addım atandan sonra
    yıxıldığını anlar.
Ədalət?
Hərə bir sevdanın
  ömürlük cəzasını çəkər.
Sevən adam qızmaz,
Küsər.
Üzgünəm.
Ən çox özümü aldatdım.
Bəhanələr şuüraltı həqiqətdir.
Demək ki, hər kəsin 
  doğru bildiyi 
     öz ölçüsüylə 
         düz gəlir.
Çox gec öyrəndim ki,
Düz xəttin özü də düz deyil.
Getsən
daha çox xatirələrimə
     heyifsənərəm.
Dodağının ucundan
Gözlərinə uzanan
Gülüş yolundan keçir həyacanım.
Həyacan həmişə gözəl deyil.

Şəkil

Cənnətə etirazdır intihar,
Yaşamaq-öyrənə bilmədiyimiz dərsdir. 
Sən: Unutdum-deməklə deyil,
Hələ də çarpayım sənin üçün darıxır.

Yoruldum barışmaqdan.
Günah dediyin
Vicdana verə bilmədiyin
               hesab deyilmi?

Sənin ürəyinin sıxıntısıdı
     mənə görə cəhənnəm əzabı.
Adamın evini
     adına umid dediyimiz
         gözləmək yıxır.

Ömür dediyin
Zamanın səndə bitmiş xatirəsidir.
Ən gözəl arzularla
Çəkilmiş şəkillərdi
Qəbir daşlarından baxır.

 Ağac

Hərdən elə tənha oluram, Allah,
Sakitcə ağlamaq istəyirəm mən.
Bu qədər dost içində,
Bu qədər güvən içində,
Bu qədər sevən içində.
Hamı yola verir adamı,vallah.

Axı neyliyəsən?
Başını götürüb qaçmaq yerinə
sevdiyin qadının dizinə qoyub
Ananın dizi tək doğma biləsən-
Ağlayıb kiriyə biləsən bəlkə.
Amma göz yaşını görməsin qadın,
Görməsin,
bilməsin,
Gülməsin qadın.
Anan:Anan ölsün-deyib ölər də
Anan ölsün- deyib ölməsin qadın.

İlahi, sən məni yaratmısanmı?
İlahi, yadına düşürəmmi heç?
" Bu yaxşı adamdı, yaman adamdı"-
Nə vaxtsa könlündən keçirəmmi heç?

Yoxsa unutmusan bu "sərsərini"
Sənə də dərd oldum, bilirəm,Allah.
Mənim nəyim əskik, nəyim artıqdı,
Niyə hər ölənlə ölürəm Allah?

Təzədən gəlirmi insan həyata?
Üz vursam?
yalvarsan?
 Yoxsa ağ olar?
Bu candan, beyindən, bu hüceyrədən,
Bu başdan, ürəkdən, bu düşüncədən
Yüz yol öldür-
Yenə yaşamaq çıxar.
Lap insan olmaqdan çıxarsan belə
Hansısa səhrada 
Qumdan güc alan
Bir qərib yolçuya kölgə olmağa
Dodağı çatdamış bir ağac çıxar.
  
İz

Tənhalıq yanında
kiminsə olmaması deyil,
Tənhalıq yanında heç kimi
hiss edə bilməməyindi.
Umidsiz sevməkdi əzab verən.
Səhra yağışıdı gülüşlərin.
Qeyri səlis məntiqdi qovuşmağımız.
5-10 adamın içini 
yandırmaq fəlsəfəsidi şeirlər.
Unutmaq deyilən bir şey varsa xəstəlikdi.
Nağıllardı ağlımızda
doğruluğun kimsəyə
lazım olmayan izləri.
Və 
Cəhənnəm qorxusudu
Cənnəti doya-doya yaşamamaq.
Chosen
71
arqument.az

1Sources