EN

Sevinc Vaqifqızı antikorrupsiya çempionu oldu

Entoni Blinken: "O, həbs olunacağını bilə-bilə ölkəyə qayıtdı”

ABŞ Dövlət Departamenti korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia”nın baş redaktoru, hazırda həbsdə olan Sevinc Vaqifqızını "Korrupsiyaya qarşı mübarizə çempionları” mükafatına layiq görüb. 

ABŞ dövlət katibi Entoni Blinken çıxışı zamanı deyib ki, Sevinc Vaqifqızı on ildən çox vaxtını Azərbaycan hakimiyyətin sui-istifadələrini ifşa etməyə həsr edib: "O həm də bu gün bizimlə burada olmayan yeganə mükafatçıdır. 2023-cü ilin noyabrında Azərbaycanın müstəqil mediasına qarşı təzyiqlər fonunda Sevinc xaricdən vətəninə uçub. Gələndə həbs oluna biləcəyini bilə-bilə geri qayıdıb. Sevinc bir ildən çoxdur ki, həbsdə qalır”.

"Sevinc həbsindən öncə yazırdı: "Daha qorxu hiss etmirəm. Onların nəyə qadir olduğunu bilirəm… Bu, məni dayandırmır. Adamlara faydalı olmaq daha vacibdir… xalqın bizə ehtiyacı var”, – dövlət katibi həbsdə olan jurnalistdən sitat gətirib.

Entoni Blinken 10 korrupsiyaya qarşı mübarizə çempionuna cəsarətlərinə görə təşəkkür edib.

Bu mübarizədə onların tərəfdaşı olmaqdan qüruru duyduğunu deyib. Dövlət Departamenti 2021-ci ildə korrupsiyaya qarşı mübarizədə böyük addımlar atan insanları göstərmək və ABŞ-nin onlarla həmrəy olduğunu nümayiş etdirmək üçün "Korrupsiyaya qarşı mübarizə çempionları” mükafatını təsis edib.

Bu ilin laureatları arasında jurnalistlər, hüquq müdafiəçiləri, hakimlər və hətta ciddi institusional dəyişikliklərə şərait yaradan dövlət məmurları var. Digər laureatlar Kolumbiyadan Xorxe Mora Kortes, Nepaldan Matrika Daxal, Albaniyadan Altin Dumani, Ermənistandan Srbuxi Qalyan, Livandan Karl İrani, Qambiyadan Marr Nyanq, Panamadan Xavyer Enrike Karaballo Salazar, Qazaxıstandan Didar Smaqulov və Uqandadan Cimmi Spayr Ssentonqodur.

"Onların hər biri həmvətənləri və bütün dünya vətəndaşları üçün faydalı olmaq üçün çətin seçim edib. Biz onların səyləri və sizin sizlərin səyləri sayəsində daha yaxşı olduq”, – Entoni Blinken qeyd edib.

"AbzasMedia” işi…

Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən "AbzasMedia”nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.

2023-cü ilin noyabrından etibarən sıra ilə həbs olunmağa başlayan jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.

2024-cü il mayın 31-də isə "Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb. İyunun 1-də ona qarşı "AbzasMedia işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Elə həmin gün "AbzasMedia” bəyanat yayaraq Fərid Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.

Daha sonra bu iş üzrə həbs edilənlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb. Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. 

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.
Chosen
51
arqument.az

1Sources